1486
writer1

Oğuz Ayvaz

Məqalə sayı

8
11:47 26 Sentyabr 2019

Fədayə Laçının özünü qatarın altına atması

Hüqo yazırdı ki, dünyada sevgidən savayı demək olar, heç nə yoxdur. Sevgi adamı xoşbəxt də edə bilər, bədbəxt də.

Fədayə Laçının həbs olunmağı onun sevgidə uduzmağıdır. Bəlkə də qalibiyyətdir. Fədayənin əməli hüquq müstəvisində cəzadı, ədəbiyyat dünyasında isə bunun bircə adı var: divanəlik...

Onun sevgisi və sevgisi uğrunda savaşı yalnız sayğıya layiqdir.

O, yalnız məhəbbət üçün yaşayır. Bir az bu mənada Anna Kareninaya oxşayır. Uğrunda savaşdığı, çatmaq istədiyi sevgisi onu bədbəxt edir.

Fədayə də özünü qatarın altına atmırmı? Atır... Sevdiyi adamı qatardan qaçırmağına kömək edir. Özünü də bu oda atır. Sevgisi üçün yandırır özünü.

Fədayə Laçının mahnıları gələndə həmişə qulaqlarımı tutmuşam. Qulaq asmamışam mahnılarına. Həbsdən əvvəlki sevgisi haqqında bir etirafı yəqin ki, hamımızı sarsıtmışdı:

“Sevgi günah deyil ki! Allahın verdiyi hisdir. Sevgi nə qız uşağına, nə varlıya, nə kasıba, nə də tərbiyəsiz qadın olmağa baxır. Pozğun qadını da sevmək olur, dilənçiyə də aşiq olmaq olar”.

Bu cümlələrdə necə də ədəbiyyat fışqırır. Hər adam anlamaz. Bəli, sevgi heç nəyə, heç kimə baxmır. Fahişəni də, oğrunu da, hətta şərəfsizi də sevmək olur. Axı bu hisslərin ən uca, ən zirvə nöqtəsidir.

İndi Fədayə həbsxana düşərgələrində əzab çəkir, xəstədir. Fürsət tapanda məhkəmə fasilələrində, öz kamerasında mahnılar oxuyur. Sevgisini unutmur.

Bu günlərdə isə jurnalist Mirşahin Ağayev Fədayə Laçının azad olunması üçün müraciət edib və deyib ki, bəlkə özünü sevdiyi kişinin yolunda qurban verən qadını sədaqətinə görə bağışlayaq.

Mirşahin belə Fədayənin sevgisinin böyüklüyünü hiss edib. Ona dəstək olub. Sevgisi uğrunda mübarizə aparan bu qadını azad etmək üçün çağırış edib.

Həmçinin “fedayeniazadedek” adlı həştəq də açılıb.

Çağırışa tanınmışlardan dəstək verənlər də olub. Məsələn, Röya...

"Ryo Pyedronun sahilində oturdum və ağladım” romanı yadıma düşür. Paulo Koelio bu əsərdə sevgi ilə bağlı maraqlı fikirlər irəli sürür. Hətta romanın başlanğıcında o sevginin narkotik olduğunu və hər insanın bu narkotikdən daddığını bildirir.

Romanı oxuyarkən bu fikir məni yaman narahat etdi. "Leyli və Məcnun”u xatırlayaq. Orda Leyli axırıncı dəfə Məcnunun yanına gələndə o, sevdiyini rədd edir və deyir:

"Mən səni özümdən də qısqanıram”. Qısqanmaq sevginin qığılcımıdı, gör Məcnun necə sevib ki, onu hər şeyə, hətta özünə belə qısqanır. Amma məni maraqlandıran başqa bir məsələ var. Biz Məcnun sevgisini ilahi məhəbbət adlandırır və onun altından xətt çəkirik. Ancaq elmi izahla yanaşsaq, Məcnunun məhəbbəti ağılla hissin qarşılaşmasıdır və sonda belə bir nəticə ortaya çıxır ki, hiss ağıla qalib gəlir. Demək, Məcnun doğurdan bir dəli imiş? Məcnun sözünün farsca mənası isə "aşiq və dəli deməkdir”. Aha, sevməklə dəlilik bir nöqtədə uzlaşır. Belə çıxır ki, Məcnun son dəfə onun yanına gələn Leylini ona görə rədd etmişdi ki, artıq o öz Leylisini qəlbində yaratmış və onu dəlicəsinə sevmişdir. Artıq realdakı Leyli ona cəmiyyət qədər ziyanlı görünürdü. Məcnun cəmiyyətə məğlub oldu, amma sevgiyə qalib gəldi.

"Sevgi yalnız sevib dərk olunur” - romandakı bu fikirlə razılaşmamaq qeyri-mümkündür. Allahı görmək mümkün deyil, ancaq ona inananlar Tanrının varlığından xəbərdardırlar. Sevgi də eynən bu cürdür, yalnız onun varlığını anlamaq lazımdır. Vəssalam, möcüzə isə öz-özünə baş verəcək.

Fədayə Laçının sevgisi ilahi mərtəbədə olmasa da hörmətə layiqdir. Çünki bu qadın sübut elədi ki, sevgi heç nəyə, heç kimə baxmır. O həmişə bütün pisliklərdən arınıb təmiz qalacaq. Amma hər sevgi də cəzasız qalmaz.