667
15:38
02 Oktyabr 2019

Düşbərənin hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Ağababa Ağababa” adı ilə məşhur olan səhifəyə istinadla düşbərənin resepti ilə tanış edəcəyik.
Tərkibi:
İçlik: 350 qram yağlı qoyun əti, 1 orta boy soğan, 1 dolu çay qaş duz, 1/2 çay qaşığı istiot,
Xəmiri üçün: 1 dolu stəkan un, yarım çay qaş duz, 1 yumurta, 50 qram su
Hazırlanma qaydası:
Əti yuyub, suyunun çəkilməsini gözləyirik, sonra doğrayıb ət maşınından keçiririk. Daha sonra soğanı xırda doğrayıb, ətə əlavə edirik. Sonra duz töküb əti yoğururuq. Ətin sümüklü hissəsini isə qazana qoyub bulyon hazırlayırıq. Ət qaynadıqda üzərindəki köpükləri yığıb, içərisinə soğanın yarısını əlavə edirik. Sonra stəkana zəfəran əlavə edib dəmləməyə qoyuruq.
Digər qabda xəmiri hazırlamaq üçün un, duz, yumurta və su əlavə edirik. Sonra xəmir yoğururuq və üzərini örtüb kənarda saxlayırıq. Xəmir bir az kənarda durduqdan sonra kündələrə ayırırıq və oxlov ilə açırıq. Sonra kubik formasında kəsirik. Kəsdiyimiz xəmirin içərisinə ət qoyub hər tərəfini birləşdirik. Sonra iki tərəfi aşağı doğru birləşdiririk .
Daha sonra düşbərələri blyonun suyuna əlavə edib, üzərinə zəfəranı töküb bişiririk. Düşbərə bişdikdən sonra üzərinə göyərti əlavə edib servis edirik.
Nuş olsun!