5646
20:15
04 Oktyabr 2019

Atasını oynayan dahi, erməni tələsindən qaçış, müəmmalı ölüm - Şəhid ziyalılarımız

“Şəhid” deyəndə birbaşa güllə qabağında şəhid olanlardan getmir söhbət. Onlar haqqında da layihələrimiz var, amma bu layihə el-oba, vətən yolunda mənən şəhid olanlara həsr olunub.

Lent.az -ın “Şəhid ziyalılarımız” layihəsində bu dəfə Rəşid Behbudovdan danışacağıq. Xalq artisti, dünyada Azərbaycan adını, musiqisini tanıdan, özü demiş, tərənnüm edən Rəşid Behbudovdan.

“Ot kökü üstdə bitər” atalar misalı əslində genetikaya işarə edir, sadəcə atalar onu elmi əsaslandıra bilmədiklərindən təcrübədən yararlanıb, o formada ifadə ediblər.

1915-ci il dekabrın 14-də Tiflisdə Şeytanbazar deyilən məhəllədə Qarabağ muğam məktəbinin yetirməsi Məcid Behbudovun ailəsində anadan olub.

Məcid Behbudov şuşalıdır. Atadan-babadan Qarabağın Bayat kəndində bəzzaz dükanı işlədiblər. Atası rəhmətə gedəndən sonra Məcid Şuşaya qayıdıb, arşın malı satmaqla ailəni dolandırarmış. Küçələrdə “Ay, arşın malı alan” – deyə səslənən gənc Məcidin səsi hamıya xoş gələrmiş. Bu yerdə maraqlı bir detal çıxır ortaya. İllər sonra, Məcid Behbudov 1945-ci ildə Qazaxda dünyasını dəyişəndə, Bakıda “Arşın mal alan” operası əsasında bədii film çəkilir. Filmdə baş rolu - Əsgəri Məcidin kiçik oğlu Rəşid Behbudov oynayır və sən demə, atasının prototipini yaradır. Əsərin müəllifi Üzeyir Hacıbəyli Məcid Behbudovu tanıyırmış və onun həyatını bilirmiş. Qələmə aldığı operada Məcid Behbudov var. İllər sonra bəlkə onun oğlunu Ermənistandan çağırıb öz atasının rolunu oynamasını ona görə istəyib. Əsərdə Rəşidin anası da var - bu barədə sonra.

Hələlik söhbət atadan gedir. Hərdən ona “sənin yaxşı səsin var, onun arxasınca get” - deyənlər olarmış. Bu fikirlə Məcid əvvəlcə məsciddə azan verməyə başlayır, sonradan muğamı öyrənib, toylara gedir. 1910-cu ildə o vaxt Tiflisin mədəni həyatını, sənətdə inkişaf perspektivini görən gənc Məcid ora köçür. Tiflisdə onun sənət yolu inkişafa doğru gedir. Teatr tamaşalarında oynayır, solo konsertlər verir. Muğam məclislərində tanınmağa başladıqdan sonra ifasında muğam, təsniflərdən və xalq mahnılarından ibarət 40 val yazılıb. O vallar dünyanın ən tanınmış musiqi şirkətləri tərəfindən yazılıb yayılıb. Hazırda Britaniya Muzeyinin kitabxanasında Məcid Behbudovun “Qrammofon-rekords” şirkəti tərəfindən yazılmış on altı valı saxlanır.

Məcid Behbudov həyatının son illərində Qazax rayonunda yaşayıb. Mədəniyyət evində muğamı gənc nəslə tədris edirmiş.

Hə indi keçək anaya. Firuzə Abbasqulu qızı Vəkilova Qazağın məşhur Vəkilovlar nəslindəndir. Salahlı kəndindən olan, rus ordusunun polkovniki Abbasqulu bəy Vəkilovun qızıdır. Tiflisdə Nina Qızlar Gimnaziyasını bitirib. Rus və fransız dillərini mükəmməl bilirmiş. Rus və Avropa ədəbiyyatını oxuyan bu qadın teatrı və musiqini çox sevərmiş. Arşın malı satan Məcid Behbudov onu Şuşada toylardan birində görüb və elə ordan da qaçırdıb.

Firuzə xanım Tiflisdə maarifçiliklə də məşğul olurmuş. Nəriman Nərimanovun təyinatı ilə Tiflis Qadınlar Şurası klubuna rəhbərlik edirmiş. Nə yazıq ki, bu vətənpərvər, maarifçi qadın həyatdan çox tez köçüb. Rəşid Behbudov sonralar xatirələrində yazacaq: “Ailədə uşaqlarn ən kiçiyi mən idim. Buna görə də anamın işə getməsi hamıdan betər məni narahat edirdi. Evimiz təpənin üstündə idi. Yamac aşağı anamın arxasınca qaçır, ağlayırdım. Sonra da saatlarla pəncərənin önündə onun gəlişini gözləyirdim”. Anasının vaxtsız vəfatından çox sarsılıb balaca Rəşid. Ana məhəbbətini gənclik illərində oxuduğu (Cahangir Cahangirov, İslam Səfərli) “Ana” mahnısında etiraf edib, hayqırıb, oxumayıb, içinin kədərini car çəkib. Ona görə də mahnı onun ifasında bu qədər gözəl alınıb.

Təbii ki, belə istedadlı bir ailədə böyüyən uşaqlar xüsusi musiqi duyumu, bacarığı ilə seçilməli idilər. Üç uşaqdan böyüyü Ənvər klarnet, Nəcibə fortepiano, Rəşid isə skripka çalardılar. Tam bir ailə ansamblı. Uşaqlardan hər birinin də gözəl səsi olub. Qəribə burasındadır ki, ikisi də oxuyarmış, amma Rəşid heç vaxt ifa etməzmiş, yalnız onları dinləyirmiş.

Ənvər Behbudov 1912-ci ildə Şuşada doğulsa da həyatı əsasən Tiflis mədəni həyatı ilə bağlı olub. Teatr mədəniyyəti tarixində xidmətləri var. 1938-ci ildə A. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirib. Müxtəlif şəhər teatrlarında çalışıb. Uzun-uzadı sadalamayacam. Azərbaycanda Dövlət Opera və Balet Teatrında da çalışıbŞ S. Vurğun adına Rus Dram Teatrında da. Qardaşı Rəşidin yaratdığı Mahnı Teatrında rejissor olub. 1976-cı ildən ömrünün sonuna - 1994-cü ilə qədər B.V.Şukin adına Moskva Ali Teatr məktəbində dərs deyib. Rusiyanın Xalq artisti adını alan ilk Azərbaycanlı sənətkardır.

Bacıları Nəcibə Behbudova da sənətlə bağlı olub. Teatr və kino aktrisası idi. Tiflis Azərbaycan Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. “Azərbaycanfilm”də kinolara çəkilib. Azərbaycanın əməkdar artistidir. Bu qadınla ömrünün son günlərində görüşüb müsahibə almışdım. Yaxşı yadımdadır, Rəşid Behbudovun adı gələn kimi uzandığı yerdə göz yaşları gilələnib yastığına süzdü. Nəcibə xanımın oğlu, bu günlərdə Ukraynada dünyasını dəyişmiş Cəfər Behbudov da dayısı kimi estrada müğənnisi olub.

Yuxarıda genetikanı səbəbsiz xatırlatmamışdım. Bu böyük mədəniyyət nəslinin ən məşhur nümayəndəsi isə təbii ki, Rəşid Behbudovdur. Əslində hamısının istedadlı və sənət aləmində müəyyən mərtəbələrdə olduğunu oxudunuz, amma ən kiçiyi Rəşid Behbudovun şöhrəti o qədər böyük olub ki, onlar qalıblar həmin kölgədə. Ailədə hamı oxuyanda susan, sonradan səsi dünyaya yayılan Rəşid Behbudov.

Bir gün təsadüfən atası onun təkbaşına oxuduğunun, həm də gözəl oxuduğunun şahidi olur. Çağırıb yanına bəzi məsləhətlər verir və o gündən Rəşidlə xüsusi məşğul olmağa başlayır. Atası ilə birgə Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məhəmmədin muğam və təsniflərini dinləyib, sehrlənirdi. Atası ilə el məclislərinə gedib onun ifasını, atasına olan məhəbbəti görüb “kaş, mən də belə oxuyaydım” - deyə ürəyindən keçirərmiş. Anasının yaratdığı dram dərnəyində “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Arşın mal alan” tamaşalarında müxtəlif obrazlar oynaması onun ilk səhnə sevincləri idi. Taleyə baxın, adam gözünü dünyaya sanki “Arşın mal alan”la birgə açıb. Nə yazıq ki, insan həyatda yalnız sevdiyi işlə, məşğuliyyətlə əhatə olunmur, istəmədiyi nəsnələrə də cəlb olunur, yaşayır - buna məcbur olur sadəcə. Rəşid Behbudovun da uşaqlığı inqilablara, müharibələrə təsadüf edib. Bəlkə də zərurət idi. Rəşid Behbudov kimi bir səs sahibi müharibədə, döyüşçülər qarşısında səsini topların, pulemyotların səsinə qatmalı imiş. Acınacaqlı uşaqlıq keçirməli imiş. Çətin dövrdə ailəyə kömək üçün ağır işdə işləməli imiş: “Boyum balaca və çevik olduğumdan məni nəhəng buxar qazanlarının içinə salır, şlanqla qazanların ərpini təmizləməyi tapşırırdılar”.

Hər işə əl atan gənc Rəşid dülgərliyi, çilingərliyi bacarırmış. O vaxtkı patefonları söküb-yığıb, təmir edirmiş.

Doğmalarının məsləhəti ilə Dəmiryol texnikumuna girsə də vaxtının çoxunu özünün təşkil etditi “Teo-caz” ansamblının məşqlərində keçirirdi. Tezliklə tamaşaçı rəğbəti qazanan bu ansambl Tiflisin “Müşəteh” parkında keçirilən konsertlərə dəvət olunurdu. Sonra da Tiflis Estrada ansamblı onu solist dəvət edir. SSRİ Xalq artisti David Anquladzenin diqqətini çəkən Rəşid onun dərslərində iştirak etdikcə püxtələşirdi. Klassik opera sənəti ilə də bu sənətkarın sayəsində tanış olub Rəşid Behbudov. “Traviata”, “Riqoletta”, “Toska” kimi klassik əsərlərə dəfələrlə operada tamaşa edib, hətta xorun solisti kimi çıxış edirdi. Yaradıcılığının müəyyən bir hissəsi də Tbilisi qarnizonunun hərbi orkestri ilə bağlıdır. Harda konsertlərdə, çıxışlarda olur-olsun, hökmən erməni tamaşaçıları da olurdu. Elə bil, izləyirdilər onu, heyranlıqlarını da gizlətmirdilər.

1939-cu ildə Moskvada Ermənistan ongünlüyü keçirilərkən ermənilər məxsusi Rəşid Behbudovun üzərində dayanıblar ki, erməni musiqisini Moskvada o təmsil etsin. Sovet dövləti idi o vaxt. Azərbaycanlı erməni musiqisini təmsil etməkdə qəbahət yox idi. Rəşid Behbudov Ermənistan Dövlət Opera və Balet teatrına dəvət edilir. Bu teatrda azərbaycanlı müğənni C.Verdinin “Riqoletta, P.Çaykovskinin “Qaratoxmaq qadın” operalarında çıxış edir. Moskva dekadasındakı uğurunun ardınca Vokalçıların Ümumittifaq müsabiqəsinə dəvət alır. 1941-ci ildə təşkil olunmalı olan bu müsabiqə müharibə başlandığından təxirə salınıb. Müharibə başlayandan Rəşid Behbudov Ermənistan musiqiçilərinin tərkibində cəbhə bölgələrində çıxışlar edib. Ta 1945-ci ilə qədər. Bu illər ərzində onu “özəlləşdirmək” istəklərini duyub Rəşid Behbudov. Ona görə də bir tərəfini qaçaq qoyub. Tez-tez Bakıya gəlib, burda konsertlər verirmiş.

Bakıda isə Rza Təhmasiblə Üzeyir bəy “Arşın mal alan” filminə Əsgər axtarışında idilər. Həmin vaxt Rəşid Behbudovun Azərbaycan Dövlət Filarmoniyasında konserti olur. Hər iki sənətkar konsertdə iştirak edirdilər, çünki Rəşid Behbudovun repertuarı Üzeyir bəyin əsərləri ilə zəngin idi. Rəşid Behbudov xatirələrində yazır: “Sən demə, Üzeyir bəylə Rza Təhmasib filmə çəkmək üçün aktyor axtarışında imişlər. Konsertin birinci hissəsində Vəlinin kupletlərini oxudum. Fasilədə Rza Təhmasib mənə - əhsən, Vəlini tapdıq –dedi. Susdum. İkinci hissədə Əsgərin ariyasını ifa etdim. Konsert bitdi, Rza Təhmasib sevinclə – yox, qardaş, sən əsl Əsgərsən - dedi”.

Rəşid Behbudovun yaradıcılığında “Arşın mal alan” filmi və Əsgər obrazı hansı rolu oynayıb, bu artıq bütün dünyaya bəllidir. Film Hollivuda qədər gedib çıxmışdı. Sovet İttifaqının rəhbəri Stalinin də məqsədi bu idi. Sovet filmi Hollivudu fəth etsin. Azərbaycan filmi bunu bacardı. Rəşid Behbudovu da dünyaya tanıdan bu film və Əsgər obrazı oldu ki, onunla bütün qapılar müğənninin üzünə açıldı. İşlədiyi Ermənistan Opera teatrı və caz orkestrinin rəhbərliyi Rəşid Behbudova bu filmə çəkilməyə icazə vermirmiş. Başa düşürmüşlər ki, Rəşidi o filmlə də itirəcəklər. Həm də burda Azərbaycan operası “Arşın mal alan”ın dünyaya tanıdılması üçün uğurlu alınmasının qarşısını kəsmək niyyəti dururdu. Rəşid Behbudov hiylə işlədir. Onların icazəsi olmadan, işdən çıxmadan Bakıya gəlir və bir daha geri qayıtmır. Sənətkar sonralar elə bil məqsədli şəkildə Ermənistandakı fəaliyyəti barədə heç yerdə müfəssəl danışmayıb, yalnız ayrı-ayrı epizodlar məlumdur ki, onu çatdırdım sizə. Ona şöhrət gətirən bu əsəri isə heç vaxt unutmur Rəşid Behbudov, bütün dünyanı gəzib oxuduğu mahnılar arasında Əsgərin ariyası, ümumiyyətlə Üzeyir bəyin musiqiləri xüsusi yer tutur.

1946-cı ildə Rəşid Behbudov Filarmoniyanın solisti kimi fəaliyyətə başlayır. Əmək kitabçası yenidən yazılır. Ermənistandakı fəaliyyəti tamam silinir onun yaradıcılıq və əmək fəaliyyətindən.

Qastrol səfərləri ilə gəzdiyi ölkələrə baxıram, elə bir yer yoxdur ki, Rəşid Behbudov orda çıxış etməsin. Həmişə də əsas repertuarı Azərbaycan bəstəkarlarının mahnıları, xalq mahnılarımız olub. Cahangir Cahangirov kimi böyük bəstəkar xüsusi onun üçün mahnılar yazıb və bunu özü üçün fəxr sayıb: “O bəstəkar xoşbəxtdir ki, onun mahnılarını Rəşid Behbudov kimi sənətkar oxusun”.

1966-cı ildə Rəşid Behbudov Mahnı teatrını yaradıb. Teatrın solistləri hamısı özlərini onun yetirməsi hesab edir. Qızı Rəşidə, bacısı oğlu Cəfər Behbudovdan tutmuş bu gün səhnədə öz sözünü demiş sənətkarlara qədər. 1973-cü ildə Çilidə qastrolda olanda bu ölkədə çevriliş baş verir. Hərbi xunta hakimiyyətə gəlir. Siyasi lider Salvador Alyendenin ölümü ilə bağlı ölkədə matəm elan olunur. Bir sözlə, ölkə qarışır. Artistləri birtəhər xilas edib, ölkələrinə yola sala bilirlər.

Bu kimi hadisələr çox olub Rəşid Behbudovun həyatında. Dəfələrlə qastrolda olduğu ölkələr arasında Hindistan da var. Sənətkarları ilə dostluq edirdi artıq. Hindistan əhalisi onun bir konsertini beş konsertə çevirməsə buraxmazdılar Rəşid Behbudovu. Bir dəfə qatara minəndən sonra perronda camaat yığışıb oxusun-deyə Rəşid Behbudovu çağırıblar, qatarın qarşısını bağlayıblar. Sənətkar elə vağzalda qatarın qapısından əməlli-başlı konsert proqramı ilə çıxış etməli olub.

İfaçılıqdakı sənətkarlığı onu mahnı bəstələməyə də sövq edib. “Azərbaycan”, “Bayatılar, “Gəncə”, “Əlvida”, “Bakı-İstanbul-Ankara” mahnılarının müəllifidir. Sonuncunu Türkiyə səfərindən əvvəl yazıb.

1988-ci ildə ermənilərin Azərbaycanda Qarabağla bağlı iddiaları baş qaldıranda Rəşid Behbudov dəfələrlə kəskin çıxış etmişdi. Hətta SSRİ rəhbəri Qorbaçovun da iştirak etdiyi tədbirdə bu məsələnin tezliklə konkret həll olunmasını, ermənilərin yerlərində oturdulmasını tələb edib. Həmin vaxtlar Rəşid Behbudov təkcə sənətkar deyildi, ictimai-siyasi xadim idi. Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Ali Sovetinin deputatı kimi çıxışlar edirdi.

Bu məsələlərin qızğın vaxtında - 1989-cu il iyunun 9-da müalicə üçün getdiyi Moskva şəhərində, klinik xəstəxanada müəmmalı şəkildə dünyasını dəyişib.

Dünyasını dəyişəndə deputat deyildi, mandatı yox idi. Ali Sovetdən uzaqlaşdırılmışdı. Görünür, elə o çıxışlara görə. Onu həmişə müayinə üçün getdiyi Moskva xüsusi tibbi komissiyada əvvəlcə qəbul etməmişdilər. Sonradan qəfil özləri çağırmışdılar.

Xanımı Ceyran Behbudova müsahibələrində deyib ki, biz Rəşidin palatasının qapısının azında gözləyirdik: “Tibb bacısı birdən çölə çıxıb dedi ki, “Rəşid Behbudov dünyasını dəyişib”. Biz tez içəri girdik. Gördük ki, onu aparatdan ayırıblar, sistemi çıxarılıb. Səs-küy saldıq. Dedilər ki, o çırpınanda sistem çıxıb”. Ceyran xanım deyib ki, onda bir kaset vardı, onu Qorbaçova verib və mübahisə də ediblər. Rəşid Behbudov ondan sonra Ceyran xanıma – “məni sağ buraxmayacaqlar” - deyib.

...1988-ci ildə Rəşid Behbudov Mahnı Teatrının kollektivi ilə Hindistanda növbəti qastrol səfərində olur. Səfər zamanı orda onlara bələdçilik və tərcüməçilik edən Ravi adlı şəxs bir məzar göstərib, “sizin həmyerliniz, bakılı Şaumyan burda dəfn olunub” - deyir. Rəşid Behbudovun inanmadığını görüb, “məndə onun dəfninin videokaseti var” - deyir. Həmin kaseti Rəşid Behbudovun alıb gətirib Qorbaçova verdiyi söhbəti tez bir zamanda Bakıda yayıldı.

Rəşid Behbudov Ali Sovetdən uzaqlaşdırıldıqdan sonra ardıcıl səhhətində problemlər başlayıb. Böyrəkləri, sidik kissəsi problemi daha çox incidirmiş onu.

Bir neçə il bundan qabaq AMEA-nın Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov da çıxışında müğənninin ölümünə toxunub və deyib ki, Şaumyanla bağlı olan məsələlərin izini silmək üçün Rəşid Behbudovu “zərərsizləşdirdilər”.

Onun dediyinə görə, bu faktla bağlı əsas məqamlardan biri sovet hökumətinin liderlərindən olan Anastas Mikoyanın Stepan Şaumyanla bağlı izi itirməyə çalışmasıdır: “Mikoyan uzun müddət izi itirməkdən ötrü məlumat verib ki, guya o, Şaumyanla bağlı Hindistan arxivlərinə sorğu göndərib və ona orada heç bir sənədin olmadığını deyiblər. Guya, onun oğlu Serqo Mikoyan da eyni şəkildə arxivlərə müraciət edib. Guya, bu sənəd tapılmayıb. İngilis jurnalisti Brayn Pirs isə Hindistana, Dehliyə gedərək arxivə müraciət edib. Arxivdən ona arayış veriblər ki, Mikoyan soyadlı şəxslər həmin arxivə müraciət etməyiblər. Bunların hamısı çox aydın sübut edir ki, güllələnən “26-lar” sırasında Şaumyan olmayıb”. Yaqub Mahmudov bir faktı da vurğulayıb ki, Şaumyanın izini Hindistanda görən yalnız Rəşid Behbudov olmayıb. Onun Hindistanda yaşadığı evdə onunla görüşənlər, evində qalanlar olub.

Bu qədər...

Bütün müəmmalı ölümlərin, həm də aydın insanların qaranlıq ölümlərinin, məşəqqətli həyatlarının - şəhidliklərinin altında nəyin olduğu çoxdan anlaşılıb, sadəcə sübuta yetirilməyib.

Rəşid Behbudov Moskvada dünyasını dəyişdi, Bakıda Fəxri Xiyabanda yüzlərlə onu sevənlərin alqışları altında dəfn edildi. Məzarının üstündə sənəti qədər böyük abidəsi qoyuldu. Ən böyük canlı abidəsi isə təbii ki, bizim qəlbimizdəkidir. Sözün həqiqi mənasında yaşayır sənətkar… Qəlbimizdəki canlı abidəsi və nəğmələri ilə yaşayacaq.

P.S. Müəllif Milli kitabxanaya-Ədibə xanıma arxiv materiallarını tapmaqda köməyə görə təşəkkür edir.