693
19:32
04 Oktyabr 2019

“Şəhrizad” baleti oynanılacaq

Oktyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı Nikolay Rimski-Korsakovun musiqisi əsasında səhnələşdirilmiş "Şəhrizad" baletinin tamaşası olacaq.

Lent.az xəbər verir ki, balet bəstəkarın 1888-ci ildə yazdığı eyniadlı simfonik süitası əsasında tamaşaya qoyulub.

Balet tamaşasının klassik xoreoqrafiyasının müəllifi məşhur xoreoqraf Mixail Fokindir. M.Fokinin 1910-cu ildə verdiyi quruluş Rusiya Akademik Böyük Teatrı, Sankt-Peterburq Mariinski adına Teatrı, Ukrayna Milli Operasının səhnəsində bu gün də oynanılır. Elə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının tamaşası da M.Fokinin quruluşu əsasında hazırlanıb.

Tamaşada əsas partiyanı - Zübeydə rolunu ilk dəfə balet truppasının aparıcı solisti, Əməkdar artist, Prezident mükafatçısı və "Humay" milli mükafatının laureatı Cəmilə Kərimova ifa edəcək. Tamaşada həmçinin Əməkdar artist Makar Ferştandt, solistlər Timur Oduşev, Dilarə Mehdiyeva, Dinara Şirinova və b. çıxış edəcəklər.

Balet tamaşasını Xalq artisti, professor Yalçın Adıgözəlov idarə edəcək.