1028
20:15
08 Oktyabr 2019

Öldürülən xaqan, tanrının əsgərləri, yoxa çıxan toplum... - II YAZI

Əvvəli: https://lent.az/news/326978

Birinci yazıda türklərin qədim dövrlərdən bu günə qədər gələn inancları, gündəlik həyatda, məişətdə inanclara dayanan adət-ənənələri haqqında məlumat vermişdik. İkinci yazıda isə müxtəlif coğrafiyalarda yaşayan türk boylarının qəbul etdikləri dinlər, onların həyatında, yaşamında dinlərin rolu haqqında bəhs edəcəyik.

İnanclardan dinlərə doğru

Türklərə görə, qədim dövrlərdən qəbul edilən bütün inancların başında Göy Tanrı inancı dururdu. Bu inanc Göytürk dövlətində daha çox qabardılmış və günümüzdə Tanrı inancının Göytürk dövlətinin rəsmi inancı olduğunu görməkdəyik. Bəs necə oldu ki, türklər qəti inandıqları Tanrını gəlmə dinlərin aşıladığı tanrıya dəyişdilər?

Eramızın əvvəllərindən şərq-qərb ticarətinin əsas xətti olan İpək yolu fəaliyyətdə idi. Lakin bir sıra maneələr, yollara nəzarət karvan ticarətində zəiflik meydana gətirmişdi. Göytürk dövləti isə meydana gəldiyi dövrdən ticarətə üstünlük verirdi və İpək yolunun öz ərazisindən keçən hissəsinin təhlükəsizliyini təmin edirdi. Sasani və Bizansla geniş ticarət əlaqələri qurulmuş, saraylara qiymətli hədiyyələr göndərilmişdi. Türk tacirlərinin qərbə axışı, ikitərəfli əlaqələr qərb missioner və tacirlərinin də Göytürk sarayına axımını sürətləndirmişdi. Ötükəndə Göy Tanrı inancına mənsub tacir yola çıxarkən cənubda Buddizm, Mərkəzi Asiyada Zərdüşt dini, Mani təlimi, bir az qərbdə Xristian, Musəvi və s. dinlərlə rastlaşırdı. Tacir, ticarət etdiyi ölkənin milli adətləri, dini baxışları ilə də tanış olurdu və bu, onun düşüncəsinə, dünyagörüşünə də təsir edirdi. Zamanla türk xalqları müxtəlif dinlərlə tanış olsalar da, kütləvi şəkildə dinlərin qəbulu VI-X əsrlərdə özünü göstərdi. Dinlərin inanclardan fərqi də onları özünə cəlb edirdi. Belə ki, inanclar insanların öz hiss və duyğularının yaratdığı məfhum idisə, dinlərdə artıq bayraqdar, kitab və davamçılar vardı. Qeyri-müəyyən və sübutu olmayan deyimlərə görə, dinlər tanrı tərəfindən mələklər vasitəsi ilə peyğəmbərlərə nazil olunur və onlar da nazil olunanı kitab şəklində yazmaqla vəzifələndiriliblər. Bundan sonra isə toplum içərisində yaymalı idilər. Tək tanrı inancına malik türklər də bu təsirlərə düşür, dinlərini dəyişirdilər. Xaqanı “Göy Tanrının yerdəki oğlu” adlandıran türklərdə tanrının yerdə peyğəmbər seçməsi də normal qəbul edilirdi. Beləliklə, müxtəlif boylarda təmsil olunan türklərin fərqli dinləri qəbul etdiyi dövrlər başlandı.

Türklər və Zərdüşt dini

Bu din eradan əvvəl VII əsrdə Zərdüşt adlı şəxs tərəfindən indiki İran ərazisində yaranmışdır. Kitabı “Avesta” olan bu dinin təməl prinsipi təkallahlığa çağırış, sevgi, xeyir və mərhəmətin təbliği idi. Dörd ünsür - torpaq, su, hava və əsas da oda sitayiş olduğundan atəşpərəstlik dini də adlanır. Bəzi mənbələrdə Zərdüştün anasının Azərbaycanda yaşayan İskit türklərindən olması, bu dinin də bir türk dini olduğu vurğulanmaqdadır. Alimlər bunu türklərin təbiət inancı ilə zərdüştlüyün təməl prinsiplərinin eyniliyi baxımından da uyğun görürlər. Hətta ilk “Avesta”nın Tenqriçiliyin rəsmiləşdirilmiş kitabı olduğunu da söyləyənlər var. Türklər Tanrı adını Tan, yəni günəşin adından götürürdülərsə, zərdüştlükdə Tan müqəddəs idi və qiblə sayılırdı. Əgər günəş yox idisə, od olan yerlərə doğru çevrilər, ibadət edilərdi. Zərdüşt dini İran, Mərkəzi və Cənubi Asiyada geniş yayılmışdı. Ali maq adlanan kahinlər dini yaymaq üçün bütün ölkələrə səfərbər olmuşdular. Zərdüştlük ensiklopediyasında Orta Asiyada üç yüz min türkün Zərdüşt dinini qəbul etdiyi göstərilir. Məvarənnəhr və Xorasanda açılan kurqanlarda tapılan ipək, məişət əşyaları qalıntıları, onların üzərində olan işarələr, divarlardakı Günəş təsviri zərdüştlüyün bu yerlərin türklər üçün təkcə inanc olduğunu deyil, mədəniyyətlərinə, sənət sahələrinə də təsir etdiyini göstərir. Bundan əlavə, Azərbaycan türkləri arasında islamaqədərki dövrdə zərdüştlük geniş yayılmışdı. Təsadüf deyil ki, zərdüştlüyün mərkəzi Qazaka şəhəri də Azərbaycan ərazisində yerləşirdi. Hətta sonralar bu din, Dərbəndlə yanaşı, Şimali Qafqazın bəzi ərazilərində də yayılmışdı. Sasani dövləti bu dini yaymaq üçün şimal-şərq bölgəmizə kahin ailələri də köçürmüşdü. Zərdüştlüyün daha bir abidəsi Bakı şəhərində Suraxanı rayonundakı XVII əsrə aid Atəşgah məbədidir. Mədəni irsimiz olan bu abidəni indi də dünyanın müxtəlif yerlərində yaşayan atəşpərəstlər ziyarətə gəlirlər. Hazırda bu dinə İranda Gəbrlər, Hindistanda Parslar, Əfqanıstanda və Pakistanda isə bir neçə qəbilə sitayiş edir. Sayları isə toplam 130 mindir.

Türklər və Mani təlimi

Maniçilik və ya Manixeizm adlanan bu təlim eramızın III əsrində İraq ərazisində yaşamış Mani adlı bir kahinin təlimidir. Təlim Suriya və Pəhləvi dillərində təbliğ olunurdu. Zərdüştlük, buddizm, xristianlıq dinlərinin ortaq xüsusiyyəti bu təlimdə toplanmışdı. Amalı birlik-bərabərlik, ədalət aşılamaq idi. Zərdüştlükdən xeyirin şər üzərindəki qələbəsinə inandırmaq, xristianlıqdan ədalətli cəmiyyət, buddizmdən isə əxlaqlı insanların birliyini qurmaq dəyərlərini götürmüşdü. Mani təliminin yarandığı dövrdə İranda atəşpərəst sasanilərin hakimiyyəti vardı və belə bir təlimin ortaya çıxması, sürətlə yayılması hakim dairə üçün təhlükə sayılırdı. Mani ilə danışıqlara gedərək, təlimin yayılmasını dayandırmağa nail olmaq istəyən hakimlər bunu bacarmadılar. Mani 276-cı ildə edam edildi. Lakin onun ideyaları əsrlərlə yaşadı. Maninin davamı olaraq Məzdəkilər hərəkatı (481-529) baş qaldırdı, daha sonra isə Xürrəmilərlə davam etdi (776-838). Bu təlim X əsrə kimi yaşadı. Türk xalqları içərisində Maniçiliyi qəbul edən, onu dövlət dini səviyyəsinə kimi gətirənlər isə Uyğur türkləri idi. Sual yaranır, İranda yaranan dini Türküstanda necə qəbul etdilər? Ağ Hun dövlətinin 567-ci ildə Göytürklər və Sasanilər arasında bölünməsindən sonra iki dövlət arasında əlaqələr daha da genişləndirildi. Bu zaman Soqdiana əyaləti göytürklərin hakimiyyəti altına keçmişdi. Sasanilərdən qaçan Soqdlar (indiki taciklərin soyu) bir zamanlar Ağ Hunlara sığınmışdılar. İndi isə Göytürk ərazisində yaşayırdılar. Şərqlə ticarətə başlayan missioner Mani kahinləri uyğurlarla da əlaqə yaradırdılar. Getdikcə uyğurlar arasında Mani təlimi geniş yayılmağa başladı. Uyğur dövləti yarandıqdan sonra isə bu təlim Bögü Xaqan (759-779) tərəfindən dövlətin rəsmi dini oldu. Tarixçilər xaqanı zəif iradəli biri kimi qiymətləndirirdilər. Tarixçi Əhməd Daşağıl məlumat verir ki, bu dinin qəbulu ilə uyğurlar oturaq həyata keçdilər. Döyüşçü ruhunda olan uyğur toplumu yeni dini qəbul etmək istəmirdi, xaqandan Çin və digər dövlətlər üzərinə yürüş tələb edirdilər. Bu din saray və ətrafındakı şəxsləri özünə cəlb etmişdi. Xaqanın dinin təlqin etdiklərinə uyması, ona uyğun hərəkət etməsi isə baş vəzir Bağa Tərxanda qəzəb yaradır və o, xaqanı öldürür.

Mani təliminin Uyğur dövlətinin rəsmi dini olması onların sənət, mədəniyyət və ədəbiyyatına da yansımışdı. Şeirlər irandilli olan soqdların dilində və toxarca yazılırdı. Qarabalsaqun abidələrindəki qanunlar, xaqanın dilindən olan hökmlər və digər bu kimi yazılar indiyədək qalmaqdadır. Uyğur dövləti dinin təsirindən rəsmən oturaq həyata keçdi, heyvan əti yeyilməsi, təbiətdə olan canlılara əziyyət vermək qadağan edildi. Hətta bu təlimin daha ağır maddəsi nəsil artırmağa qarşı idi. Türk toplumu buna qəti şəkildə etiraz etdi və Talas döyüşündə türk bəylərinə üz çevirib, Çinə qarşı müsəlmanların yanında yer almalarına səbəb oldu.

Türklər və Buddizm

Eradan əvvəl VI əsrdə Hindistanda meydana gələn buddizm dini qısa müddətdə bütün Hindistana və cənubi, şərqi Asiyaya da yayıldı. Eramızın əvvəllərində bu din göytürklər və digər türk boyları arasında yayılsa da, rəsmi qəbul edən yenə də uyğurlar, əsasən də Sarı Uyğurlar olmuşdular. Göytürk xaqanı Buminin oğlu Muğan da buddizmi qəbul etmiş və Budda kitabələrində görkəmli buddist olaraq anılır. Buddizmin iki məzhəbi vardır ki, onlardan biri Hinayana, digəri Mahayanadır. Birincidə ilahi güc, bir tanrılıq təbliğ edilir. İkincidə isə tanrı qavramı yoxdur. Yapon tarixçi Liayo Ti yazır ki, uyğurların buddizmi sürətlə qəbul etməsinə səbəb xaqanın Manixeizmi qəbul etməsinə etiraz idi. Özgür həyat yaşayan uyğurlar hər hansı dinin qadağaları və çərçivələri ilə yaşamaq istəmirdilər. Buna görə də azadlıq vəd edən buddizmin ikinci məzhəbini qəbul etdilər. 840-cı ildə müsəlman qırğızlarla döyüşdə məğlub olan Sarı Uyğurlar Hoça bölgəsinə köçürlər və bölgənin tam müsəlmanlaşdırılmasına, yəni XVI əsrə qədər buddist kimi yaşayırlar.

Türklər və Xristian dini

Xristian türklər. Qəribə səslənsə də tarixdə islam və digər dinlərdən imtina edərək xristianlığı seçən, bu gün də yaşadan türk boyları mövcuddur. Qaqauzlar, Çuvaşlar, Yakutlar, Kumanlar, Qaramanlılar, Xakaslar, Peçeneklər, Altaylılar və s. misal göstərmək olar.

Tarixdə türklərin xristianlıqla tanışlıqları eramızın əvvəllərinə təsadüf edir. İlkin xristianlaşmada Roma və Bizans dövlətlərinin rolu danılmazdır. İlk xristianlığı qəbul edən türklər Azərbaycan ərazisində yaşayan türksoylu albanlar və hunlar olmuşdular. Daha sonra şərqdən qərbə IV-VI əsrlərdə böyük köç edən və Bizansla qonşuluqda yaşayan türklər bu dini qismən qəbul etmişdilər. Onlar Bizans ordusunda, sarayında yer almaqla, dinlə də tanış olmuş və tayfa, el olaraq mənimsədilər. Bu xristianlaşma erkən orta əsrlərdə qalmamış, sonrakı dövrlərdə də davam etmişdir və dinin müxtəlif məzhəbləri təbliğ edilmişdir. Dini qəbul edənlər əsasən ticarətçilər və kilsədən maddi asılı olan imkanlı təbəqə olmuşdur. Türk tarixində ilk xristian türklər Qaqauzlar hesab edilir.

Qaqauzlar

Oğuznamədə “göy uz”, “göy quz”, “göy oğuz” adlanan boy. Göy tanrıya inanan qaqauzlar xristianlığı qəbul və bir sıra dini rituallara əməl etsələr də, bu din onların mədəniyyətinə, milli adətlərinə təsir etməyib. Misal olaraq, qədim Oğuz elində keçirilən “Qurd Bayramı”nı qeyd etmək olar. Qaqauzlar həm də bu bayramı qeyd edən, yaşadan tək türk soyudur. Hər il 10-17 dekabr arası “qurd bayramı” şənlikləri keçirilir. Adlarında dəyişiklik olsa da, soyadlarını və dillərini – Qıpcaq türkcəsini yaşadırlar.

Peçeneklər

IV-VI əsrlərdə şərqdən qərbə köç edən hunların içərisində Peçeneklər də vardı. Bir qismi isə şərqdə qalaraq Göytürk dövləti zamanı Oğuzların 19-cu boyu olaraq Balxaş gölü ətrafında yaşamışdılar. Türkeşlərlə mehriban yaşasalar da, Qarluqlar ilə münasibətləri korlanmış və qərbə doğru köç etmişdilər. 780-ci ildən başlanılan bu böyük köç dalğası Xəzər xaqanlığının, Bizansın yaxınlığına kimi gəldi. Bizans ordusunda muzdlu əsgər olaraq fəaliyyət göstərənlər xristianlığı qəbul etmişdilər. X əsrdə isə slavyanlarla tanış olmuşdular. Bu zaman Peçeneklər tamamilə xristianlığı qəbul etdilər. Xəzər dövlətinin süqutundan sonra (1048), Macar dövlətinin tərkibində yaşamışdılar. 1054-cü ildə xristian dini iki yerə parçalandı və şərqdə olan xristianlar pravoslavlığı qəbul etdilər. Təəssüf ki, bir-birlərindən fikir, dini baxış və ərazicə uzaq düşən Peçeneklər az sonra xalqların arasında assimilyasiya olaraq əridilər.

Çuvaşlar

Rusiya ərazisində yaşayan Çuvaşlar soy kök olaraq Bulqar türklərinə bağlıdırlar. Xəzər xanlığı, Monqol dövləti, Qızıl Ordu dövləti və Kazan xanlığının tərkibində yaşamışdılar. 1552-ci ildə Kazan xanlığı Ruslar tərəfindən işğal edilir və Çuvaşlar pravoslav kilsəsinin təsiri ilə xristianlığı qəbul edirlər. Lakin XIX əsrdən etibarən Rusiya imperiyası bir çox müharibələrə girdiyindən din ilə basqı zəifləmiş, çuvaş xalqının bir qismi islamı qəbul etmişdir. Din bu xalqın da milli adət-ənənələrinə təsir etməyib, qədim adətlər, bayramlar hələ də qeyd edilməkdədir.

Xakaslar

Xakas xalqı adlanan bu türklər Volqaboyunda Kaç, Qızıl, Sarı-Uyğur, Saqay və bir çox türk tayfalarının birləşməsindən yaranan xalqdır. XVII əsrdən etibarən rus idarəsi altında birləşmiş halda yaşayan bu xalqa Xakas adını ruslar vermişdilər. Pravoslav kilsəsinin təsiri ilə xristianlığı qəbul etmişdilər. Milli mətbəx, qədim ənənələr saxlanılsa da, adlar və soyadlar tamamən ruslaşmışdır.

Kumanlar

Qıpçaqların qərbə köç etmiş qoludur. XI-XIV əsrlərdə Rusiya və Ukraynada köçəri olaraq yaşamışdılar. Bizans tarixçilərinin yazdığına görə, Bizans saraylarına tez-tez basqın edən vahiməli bir toplum idi. XIII əsrdə indiki Moldova ərazisində dövlətlərini qururlar və Milkov adlanan hökmdarları tərəfindən katolik xristianlığı qəbul edirlər.

Altay türkləri

Altay bölgəsində yaşayan bu türklər Göy Tanrıya inanır və şamanizmi qəbul edirdilər. 1834-cü ildə bura tamamən sahiblənən ruslar, ərazidə xristian missionerləri hərəkətə keçirirlər. Xalqın bir hissəsi zamanla xristian olsa da, Sibirdə yaşayan və islamı qəbul etmiş Saxa türklərinin təsiri ilə islamı qəbul edənlər də oldu. Altay türkləri uzun dövr ərzində buddizm, xristianlıq, islam və digər dinlərin, inancların təsirinə məruz qalsa da, Göy Tanrı inancı və şamanizm hələ də qalmaqdadır. Qədim ənənələr, milli rəqslər, ailə mədəniyyəti, mətbəx və s. onlarda dəyişməz olaraq bu gün də yaşayır.

Hunlar

Hazırda Macarıstanda katolik xristian hunlar yaşamaqdadırlar. Onlar zamanla macar xalqı ilə qarışsalar da, bəzi adətlər, dilin, soyadın saxlanılması hallarına da rast gəlinir.

Türklər və Musəvilik

Türklərlə yəhudilərin tarix boyu rahat ünsiyyət qurması, bir-birlərinin tarix, mədəniyyət və soylarına hörmətlə yanaşması onların eyni kökdən olması mövzusunu hər zaman gündəmdə saxlamışdır. Fərqli ölkələrdə yaşayan türklər, digər dinlərlə yanaşı, Musəviliyi də qəbul etmişdilər. Musəvi türklər dediyimizdə ağlımıza ilk gələn Karay və ya Karaimlərdir. Onların Xəzər türkləri olduğu vurğulanır. Maraqlıdır ki, Xəzər dövləti müsəlmanlarla müharibə aparıb, islamı qəbul etmədi, islam xəlifələrinə xaqan Göy Tanrı inancından dərs verərkən, qərbdə xristian dünyası ilə çəkişərkən Musəviliyi qəbul etdilər. Buna səbəb o idi ki, əgər xəzərlər islamı qəbul etsəydilər, daxilindəki xristian xalqların da köməyi ilə Bizans kimi güclü dövlətlə toqquşmalı olacaqdılar. Bu isə onların sonu demək idi. Xristianlığı qəbul etsəydilər, bu zaman islam dünyası onlara qarşı cihada gələcəkdi. Xəzər dövləti isə müharibələrdən yorulmuş, öz büdcəsini genişləndirmək, sərhədlərini qorumaq siyasəti aparırdı. Araşdırmaçılar yazırlar ki, Xəzər xaqanlığı tranzit bir ölkə idi. Bir çox ölkələrin tacirləri, dövlət adamları bu ölkə üzərindən keçid edirdilər. Buna görə də ölkədə göytürk, ibrani, ərəb, kiril əlifbalarından dövlət işlərində geniş istifadə edilirdi. İbn Həqvəl yazır ki, Xəzər ölkəsində kilsə, məscid və sinaqoqlar var.

Karaylar

Karay Musəvlikdə bir məzhəbdir. Hansı ki, Hz.Musanın aşıladığı dini, musəvilikdəki talmudçuluğu qəbul etmir. Xəzərlər bu dini VIII əsrin sonlarında qəbul etməyə başladılar, Obadi Xaqan isə 790-cı ildə rəsmən iudaizmi dövlət dini elan etdi. Bundan sonra xəzərlər özlərini Karaylar adlandırdılar. Hazırda da Karay, Karaim adı ilə Ukrayna (Krım), Rusiya, Rumıniya, Polşa, Türkiyə və digər ölkələrdə dağınıq şəkildə yaşamaqdadırlar. Dilləri qıpçaq türkcəsidir. Onlar öz soy kökləri ilə fəxr edir, milli ənənələrinə sadiqdirlər. Lakin alimlər Karay türklərinin hər keçən il azaldığını, onların sahibsiz qaldıqlarını dilə gətirirlər. Litvada yaşayan Karaylar öz dillərində adət-ənənələrindən bəhs edən kitab nəşri üçün dövlətdən yardım istəsələr də, buna nail ola bilməyiblər. Türkoloq Timur Koçoğlu isə Türkiyə və türk dövlətlərinə müraciət edərək, Karaylara dəstək olmalarını istəyib.

Beləliklə, türklərin islama qədərki inanc və dinlərlə, məzhəblərlə tanışlığı, qəbul etmələri haqqında məlumat vermiş olduq. Lakin türklər bütün inancları, hətta təktanrılı dinləri aşaraq, islam dinini kütləvi şəkildə qəbul etdilər və islam dünyasında dinin bayraqdarı oldular. Türkləri islama çəkən səbəblər və türklərin islama xidmətləri haqqında gələn yazımızda.

Ardı var...