915
18:16
13 Oktyabr 2019

Azərbaycanda əhalinin bu kartla təmin edilməsi vacibdir - AÇIQLAMA

“2006-cı ildən bu günə qədər Azərbaycanda yeni doğulan körpələrə və şəkərli diabet xəstələrinə elektron sağlamlıq kartları verilir”.
Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən Lent.az -a verilən məlumata görə, yanvar-sentyabr aylarında verilən e-sağlamlıq kartlarının sayı 40 591 ədəd artaraq 1 372 901 ədəd təşkil edib.
Bununla yanaşı, həmin dövrdə diabet xəstələrinə imtiyazlı olaraq 3 654 kart verilib. Bu kateqoriyaya daxil olan kartların ümumi sayı 111 159-a çatıb.
Bu ilin 9 ayı ərzində tibbi müayinə olunan xəstələrə (obliqat qrupuna aid olan vətəndaşlara) 53 233 kart verilib. Bu kateqoriyaya daxil olan xəstələrə isə ümumilikdə 374 978 e-kart verilib ki, bu da 2019-cu ilin əvvəlindəki göstəricidən 16,5 faiz çoxdur.
Elektron sağlamlıq kartının üstünlükləri nələrərdir? Bütün əhalinin bu kartla təmin olunmasının hansı üstünlükləri ola bilər?
Lent.az -a açıqlama verən professor Adil Qeybulla bildirib ki, bütün əhalinin elektron kartlarla təminatı çox yaxşı olardı: “Hər bir xəstənin sağlamlıq kitabçası olmalıdır. Bu elektron variantda olsa, daha yaxşıdır. Çünki xəstə həkimə müraciət edəndə onun haqqındaki bütün məlumatlar elektron kitabçasında qeyd edilmiş olur. Məsələn, xəstədən analizlər, reseptlər tələb olunur. Bəzən pasiyentlər həmin məlumatları itirir, yaxud onları özləri ilə gəzdirmək məcburiyyətində qalırlar. Bu da çətinlik yaradır. Buna görə də elektron sağlamlıq kitabçası çox vacibdir”.
A.Qeybulla vurğulayıb ki, uşaqlar, əqli cəhətdən zəif olan insanlar öz problemini izah edə bilmirlər: “Məlum olduğu kimi, həmin kartda şəxsin bütün məlumatları yer alır. Ən azından pasiyentin xəstəlik tarixçəsi elektron kartda qeyd edilməlidir. Hesab edirəm ki, respublika üzrə ümumi müayinə aparılarsa, hər bir şəxsin fərdi idendifikasiya kodu ilə birlikdə onun haqqında olan məlumatlar elektron karta yüklənər və həmin insan həkimə gedəndə onun müayinə prosesi asanlaşar. Hər bir sahədəki kimi bu sahədə də elektronlaşmanın aparılması, çox yaxşı olardı”.
Professor qeyd edib ki, elektron sağlamlıq kartlarının verilməsi mürəkkəb proses deyil:
“Rayonlarda da xəstəxanalar var, onlar xəstələr haqqında bütün məlumatları elektron bazaya yükləyəcəklər. Nəticədə hər bir şəxsin öz kartı olacaq. Sonra insanlar sosial xidmətdən bu kartı əldə edə bilərlər”.
Qeyd edək ki, elektron sağlamlıq kartları Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzində istehsal olunur və ambulator klinikalar vasitəsilə yeni doğulanların valideynlərinə, həmçinin tibb müəssisələrinin xəstələrinə pulsuz verilir.