1446
writer1

Günel Natiq

Məqalə sayı

13
11:12 10 Oktyabr 2019

Uşaqlarının gözü qabağında öldürülən Leylanın günahı

Bir az əvvəl 29 yaşlı ailəli qadın yaşadığı evdən zorla qaçırılıb. Hadisə axşam saatlarında baş verib.

Xəbəri eşidər-eşitməz qadının ünvanına ittihamlar səslənməyə başladı. “Özü qaçıb”, “öz xoşuyla gedib” kimi məsuliyyətsiz fikirlər səsləndi.

Halbuki evdəki qarışıqlıq əksini söyləyir.

Yerdə qan izləri var, şkaflar açılıb, qapının şüşəsi, ayna qırılıb. Evdəki mənzərə qadının zorakılıqla üzləşdiyindən, onlara müqavimət göstərildiyindən xəbər verir.

“Axşam saat 9-da evə oğru girməz, qadın özü onları evə buraxıb”, - deyənlər də var.

Tamamilə mümkündür ki, qadın onları tanıyıb. Amma bu, onlarla əlbir olmaq anlamına gəlmir.

Ola bilər, qadın qapını onların üzünə özü açıb, çünki onları xoş məramlı bir insan, tanış, dost kimi qəbul edib.

Bu adamlar hansısa bəhanəylə də içəri girə bilərlər.

Evdən öz xoşuyla qaçan adam heç olmasa şəxsiyyət vəsiqəsini özüylə götürər. Bu qadınınsa çantası, qızılları, vəzndə ağır, çəkidə yüngül olan əşyaları evdə toxunulmamış qalır.

Tutaq ki, məqsəd məsələni kriminal hadisə kimi təqdim etməkdir. Hadisəni bu cür təqdim etmək məqsədinin arxasında nə ola bilər? Məgər qadın bütün bunların onun əleyhinə işləyəcəyini bilmirmi?

Ailəli qadının bu xaosu, qarışıqlığı yaradaraq öz xoşuyla qaçması versiyası nə dərəcədə ağlabatandır?

Kim könüllü olaraq qurama cinayət işinə imza atmaq istər? Bunun necə baha başa gələcəyini uşaq da anlayar.

Yeri gəlmişkən, evdə üç uşaq var, o uşaqlar ki, analarını gözləyirlər və onun haqqında hər hansı xoşagəlməz xəbər onlarda travma yarada bilər.

Qadınlar bütün hallarda “suçludurlar”. Hətta qaçırıldıqda belə.

Hətta belə hadisələr vaxtı məlum olur ki, potensial detektivlərin sayı həddən artıq çoxmuş. Elə versiyalar irəli sürülür ki, hətta Şerlok Holms da onların fantaziyasının gücünə həsəd aparar.

Amma bu, Hollivudun macəra filmi deyil, bu, insan həyatıdır. Ona görə gəlin bu mövzularda həssas olaq.

Avropa ölkələrində belə hadisələr baş verəndə ailəyə dəstək gəlir, zərərçəkənlərə mənəvi kömək göstərilir.

Çünki ailə qaranlıq meşədir, orda nə baş verdiyini kənardan heç kim təxmin edə bilməz.

Qadın nə olur-olsun, zərərçəkmişdir, çünki cəmiyyətin qınaq hədəfi odur. Hər bir halda günahkar o hesab olunur.

Kişi qadına xəsarət yetirə, qol-qıçını sındıra bilər, çünki patriarxal cəmiyyətin bu kimi hadisələrə münasibəti birmənalıdır: “Öz arvadıdır, öz qızıdır, özü bilər”.

Hətta bu fikri ağıl və məntiqinə güvəndiyimiz ziyalılar da deyir.

Öz şəxsi həyatlarında yüz cür hoqqadan çıxan kişilər isə “xəyanət edən qadının başı kəsilməlidir” kimi fikirlər irəli sürür.

Bu adamların düşüncə tərzinə görə, həyat yoldaşı kişinin köləsidir, onunla istədiyi kimi davrana bilər. Əzişdirə, hətta həyatdan məhrum da edə bilər. Uzaqbaşı deyəcək ki, xəyanət etmişdi.

Xəyanət sözünü eşidən kimi cahil zümrə daha başqa nəyisə anlamaq və dərk etmək imkanından məhrum olaraq, öz dəhşətli qərarını verir.

Qadının əri tərəfindən öldürüldüyü xəbərinə bir adam belə münasibət bildirmişdi: “Kişi lap əcəb edib!” Ən dəhşətlisi bu idi ki, bu işdən əməlli-başlı həzz aldığı hiss olunurdu.

Yəni qadınlarının həyatı bircə “xəyanət” sözündən asılıdır.

Maraqlıdır ki, ailənin müqəddəsliyindən dəm vuran insanlar kişilərin xəyanətini ailəyə vurulan ləkə hesab etmirlər.

Halbuki xəyanət bütün hallarda etibarsızlıq, sədaqətsizlik, ailə dəyərlərinə sayğısızlıqdır.

Elə isə toplum kişilərin xəyanətini niyə ailə dəyərlərinin, mənəviyyatın aşınması kimi qəbul etmir?

Ərinin xəyanətləri üzündən ailəsi dağılan türkiyəli bir qadın danışırdı ki, bütün dost-tanış kişidən üz çevirmişdi, salamını belə almırdılar. Çünki ailə dəyərlərinə xəyanət etmişdi.

Amma bizim toplum belə hesab edir ki, ailə dəyərlərinə ancaq qadın sayğı göstərməlidir, kişi hörmətsizlik etsə də olar.

Küçədə uşaqlarının gözü qabağında arvadına 20 bıçaq zərbəsi vuran kişiyə də bu cəsarəti verən həm də yuxarıda saydığım gerçəkliklərdir. Bəzən cəmiyyət cinayətkara bu haqqı tanıyır və cinayətkar bunu bildiyi üçün özünü haqlı hesab edir.

Qadın günahkardır, vəssalam, öldürmək olar. Hətta küçədə, öz uşaqlarının gözü qabağında da!