548
writer1

Hafiz Təmirov

Məqalə sayı

7
10:31 15 Oktyabr 2019

Çirkaba batıb, çamur atanlar... - Polis mayoru yazır

Cəmiyyət içindəki mövqeyimizi müəyyənləşdirmək üçün hərdən deyilənləri, danışılanları saf-çürük edir, yaxşı və pis cəhətlərimizə yenidən göz gəzdirməli oluruq. Bizlər hər halımızla toplumun bir parçasıyıq və düşüncələrimiz onun hansı istiqamətdə yönləndirilməsində mühüm rol oynayır. Demək ki, fərd olaraq nələrisə dəyişmək gücündə olduğumuzu da bilməliyik. 
 
Bilməliyik ki, hansı peşənin sahibi oluruqsa-olaq, faydamız da, zərərimiz də mütləq şəkildə özümüzə qayıdacaq. Çevrəmizdəkilər əməllərimizə görə bizə qucaq da açar, bizdən üz döndərə də bilərlər. Yetər ki, üzərimizdə daşıdığımız Vətəndaş yarlığını ömrümüzün sonunadək qürurla daşıya bilək.  
Etdiyimiz əməli Xaliq də görür, xəlq olunan da...
 
Dünyaya gələn hər bir insan İlahi tərəfindən görəvləndirilib və bütün səmavi dinlər insanı haqdan yazılanlara riayət etməyə səsləyir. Yəni hər Kitab bir çağırışdır. Yazılanlara əməl etmək isə adının mənası Unutqan olanın öz vicdanı qarşısında hesabatına qalır...
 
Düzü-düz, əyrini-əyri görmək də ən böyük xoşbəxtlikdir. Bəzən edilən pisliyi və ya yaxşılığı ictimailəşdirmək cəmiyyətdə birmənalı qarşılanmır. Ancaq “Dünya gör-götür dünyasıdır” deyimindən sonra xeyirlə-şəri, işıqla-zülməti, pislə-yaxşını ayırd edib bizi alçaldana yox, ucaldana doğru qaçırıq. 
Ölüm peşəmizin yanındadır. Əsas görəvimiz isə qorumaqdır. Zorluqların, pisliklərin qarşısında duruş gətirə bilməyənlərə dayaq olmaqdır. Nizamnamələrdə, normativ- hüquqi aktlarda yazılanlarla bərabər həm də bir Vətəndaş görəvimiz var. Bu görəv Vətəni və onun üstündə Vətəndaşı kimi iz qoyanları da, Vətəni satmaq üçün girəvə gözləyənləri də qorumağı əmr etdiyi üçün qutsaldır. 
 
Ana qanunumuzda təsbit edilənlərdən hər hansı biri əgər çeynənərsə, o zaman dövlətin və qanunvericiliyin verdiyi haqlardan istifadə edib qanımız bahasına olsa belə ədaləti bərpa edəcəyik. Çünki bu, polis ömrüdür: acısı ilə, şirini ilə...
 
Polisin vətəndaşa kömək etməsi və ya kobud davranış nümayiş etdirməsi diqqət mərkəzindən kənarda qalmır və anındaca ictimailəşir. Nəzərə alsaq ki, kürəsəlləşən dünyamızda hər birimiz xəbər daşıyıcısıyıq, o zaman bu başadüşüləndir. Təəssüflər olsun ki, risqli peşə sahiblərinə, Azərbaycan Polisinə çamur atanlar, qara yaxanlar da az deyil. Ancaq onları susduranlar da yetərincədir. Deməli, cəmiyyət içindəki neqativi, yalanı, böhtanı zamanı çatanda dənizlər çirkabı sahilə atan kimi atır və rahat nəfəs alır. 
 
Dünən olduğu kimi bu gün Azərbaycan Polisi dövlətçiliyimizin dayaqlarının möhkəmlənməsini gözü götürməyənlərə, sabitliyi pozmağa cəhd edərək xaos yaradanlara qarşı tək mübarizə aparmır, onun arxasında Azərbaycan xalqı durur. O xalq ki, torpaqlarımız uğrunda savaşlarda canını qurban verərək şəhid olan, müstəqilliyimizin itirilməsi ilə üzbəüz qaldığımız və vətəndaş mübarizəsinə sürükləndiyimiz illərdə əqidəsindən, Vətən adına içdiyi sadiqlik andından dönməyən Polisini sevir və onu böyük bir məhəbbətlə bağrına basır. 
 
Ön cəbhədə əsgər, arxa cəbhədə polis döyüş növbəsindədir. Gecə-gündüz, isti-soyuq bilmədən qorumaq kimi şərəfli bir vəzifəni yerinə yetirən oğullara sinəsində əbədiyyətə qədər yer verən bu Xalq və bu Torpaq heç nəyi və heç kimi unutmur, unutmayacaq da.  
 
Daxili İşlər Nazirliyinə ünvanlanan məktublardan birində yazıldığı kimi: “Dünənin acılarını unutmaq, bugünkü uğurlarla kifayətlənməmək, onu  davamlı etmək, daha da güclənmək və gələcək nəsillərə, əmin əllərə böyük Azərbaycanı əmanət etmək naminə ağız, ağ üz və əməl birliyi lazımdır. Birlik olan yerdə isə bölücülərə, özgə sözünü deyənlərə yer yoxdur…”