246
11:45
15 Oktyabr 2019

Bakıda 165 məktəb xüsusi nəzarətə götürüldü - RƏSMİ

"Hər bir məktəb tərəfindən tədris ili ərzində iki dəfə vahid material əsasında keçirilən qiymətləndirmə prosesi təhsil müəssisələrinə şagirdlərin problemlərini vaxtında aşkar edib müvafiq tədbirlər görmək imkanı verir. Qiymətləndirmə nəticəsində qeyri-kafi qiymət alan şagirdlər üçün əlavə məşğələlər təşkil edilir".
APA -nın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, layihəyə cəlb edilən məktəblərdə əlavə olaraq daha bir qiymətləndirmə keçirilib: "Nəticədə 165 məktəb inkişaf etdirilmək üçün xüsusi nəzarətə götürülüb. Həmin məktəblərin 102-sində (61,8 faizində) nəticələr keçən illə müqayisədə artıb. 165 məktəbin inkişafı proqramında daha çox əlavə dəstək göstərilən Suraxanı, Sabunçu, Xəzər, Pirallahı və Qaradağ rayonlarının ümumtəhsil məktəbləri olub. Qeyd olunan hər bir rayon üzrə orta bal göstəricisi ötən tədris ilinə nisbətdə yüksəlib".