169
12:55
15 Oktyabr 2019

ÜST: Dünyada intihar edənlərin çoxu bu insanlardı

"Dünyada intiharların təxminən 80 faizi aşağı və orta gəlirli ölkələrdə baş verir".
APA xəbər verir ki, bunu Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş konfransda çıxışı zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə rəhbəri Hande Hermançı deyib. O bildirib ki, hər yaş qrupunda intihar müşahidə edilir:
"Dünyada intiharların yarıdan çoxu 45 yaşına qədər insanlar arasında müşahidə edilir. İntihar edən yeniyetmələrlərin 90 faizi aşağı və orta gəlirli ölkələrdəndir. 15-29 yaşlar arasında ölümlərin ikinci əsas səbəbi intihardır".
O qeyd edib ki, yüksək gəlirli ölkələrdə kişilər qadınlardan üç dəfə daha çox intihar nəticəsində dünyasını dəyişir:
"Aşağı və orta gəlirli ölkələrdə intihar edən qadın kişi nisbəti bərabərə yaxındır. Psixi sağlamlıq problemləri yaşayanlar, xəstəlikdən əziyyət çəkənlər, spirtli içki və narkotikdən istifadə edənlər intihar üçün xüsusi risk faktorudur. Risk faktoruna həmçinin münaqişə, fəlakət, zorakılıq, travma və ya sui-istifadə, itki və ya təcrid olunma hallarının təsirinə məruz qalan insanlar, qaçqınlar, miqrantlar, yerli xalqlar, cinsi azlıqlar, məhbuslar daxildir".
H.Hermançının sözlərinə görə, intihar etmək üçün insanlar daha çox pestisid və odlu silahdan istifadə edirlər:
"İntiharın qarşısının alınması üçün pestisid və odlu silahlara körpülərdəki və dəmiryollarına çıxış məhdudlaşdırılmalıdır. Mediada çalışan mütəxəssislərə intiharlarla bağlı xəbərləri daha məsuliyyətli şəkildə çatdırılması üçün təlim keçirilməlidir".