287
19:36
15 Oktyabr 2019

Universitet müəlliminə qarşı dələduzluq edənə cəza istənildi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Eldar Yusifovun cinayət işi üzrə məhkəmə iclası davam edib.
APA -nın məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
O, təqsirləndirilən şəxsin 7 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Eldar Yusifov tanışı Hüseyn Məmmədovdan külli miqdarda - 50 min manat alaraq, vəzifəli şəxslərə verəcəyini və onun oğlunu hüquq-mühafizə orqanlarına işə düzəldəcəyi vədini verib.
Hüseyn Məmmədov BDU-nun fəlsəfə müəllimidir. İllərdir BDU-da çalışan Məmmədov bir müddət kafedra müdiri olub. Hüseyn Məmmədov rüşvət verdiyi üçün bu işdə zərərçəkmiş kimi yox, şahid kimi tanınıb. O, çıxışında təqsirləndirilənin azadlığa buraxılmasını istəyib.
E.Yusifova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 34, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham verilib.