2320
09:27
17 Oktyabr 2019

Azərbaycanda "Beluqa Tahir"in saxta araq satdığı YENİ ÜNVANLAR - Sədr açıqlayır

“Azərbaycan spirtli içkilərin ən çox saxtalaşdırılıb satıldığı ölkədir”.
Bu sözləri Lent.az -a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Söhbət saxta ətdən sonra aşkarlanan saxta spirtli içki sexlərindən gedir. Belə ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və AQTA əməkdaşları “Beluqa Tahir” ləqəbli Tahir Həziyev və dəstəsinin Bakının müxtəlif ərazilərindəki sexlərində saxta spirtli içki hazırladığını müəyyən ediblər. Dəstə üzvləri əsasən Rusiya istehsalı olan “Beluga”, “Nemiroff”, "Russkiy Standart”, “Stoliçnaya” araqlarını, “Jack Daniels”, “Chivas” viskiləri, “Omega” və “Patron” tekilalarını saxta üsullara hazırlayıblar. İşin əsas tərəfi isə həmin saxta içkilərin hansı ünvanlara satılmasıdır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə əlaqədar Lent.az -a danışarkən həmin saxta məhsulların şadlıq evlərindən əlavə, kafe və restoranlara da satıldığını deyib:
“Əvvəla onu demək istəyirəm ki, Azərbaycan spirtli içkilərin ən çox saxtalaşdırılıb satıldığı ölkədir. Son günlər isə saxta ət və saxta içki məntəqələri üzə çıxmağa başladı. Azərbaycanın bu baxımdan problemi böyükdür. Daxili İşlər Nazirliyinə bu istiqamətdə geniş səlahiyyətlər verilməlidir. Ancaq yenə də nazirliyin gördüyü işlər təqdirəlayiqdir. Saxta spirtli içkilərin daha çox şadlıq saraylarına, kafe və restoranlara verildiyini güman edirəm. Şadlıq sarayları ilə yanaşı, “Beluqa Tahir”in araqlarının İpək Yolu üzərindəki kafelərə və restoranlara verilməsi şübhəsizdir. Düşünürəm ki, həmin araqlar şəhərlərarası magistral yollardakı istirahət mərkəzlərinə də satılıb. Hətta böyük şərab evlərinin, mağazaların da saxta içkiləri alması istisna olunmur”.
Təşkilat sədrinin açıqlamasından göründüyü kimi, yenə də saxta məhsulları alan ünvanlar sırasında ilk olaraq şadlıq evlərinin adı çəkilir. Araşdırmalar zamanı da həmin məhsulların şadlıq evlərinə satılması müəyyənləşib. Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata görə hazırda bu istiqamətdə araşdırmalar aparılır və məhsulların hansı ünvanlara satılması dəqiqləşdirilir.
Qeyd edək ki, aparılan əməliyyat zamanı Novxanı, Rəsulzadə, Buzovna qəsəbələrində və Nərimanov rayonundakı sexlərdən 6114 ədəd saxta spirtli içki, 1 tona yaxın spirt, 100.000-dən çox saxta aksiz markası, 31.200 ədəd müxtəlif əmtəə nişanlı etiket və kustar üsullar hazırlanan xüsusi elektron avadanlıqlar aşkar edilərək götürülüb. Dəstənin digər üzvlərinin axtarışı davam etdirilir.