338
16:52
16 Oktyabr 2019

Piyadanı vurub qaçan sürücü ilə bağlı RƏSMİ MƏLUMAT - YENİLƏNİB

Baş Prokurorluq oktyabrın 14-də Sumqayıt şəhərində baş verən qəza ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən APA -ya verilən məlumata görə, polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. Qeyd olunub ki, oktyabrın 14-də, saat 20 radələrində Bakı-Dağıstan sərhəd yolunun Sumqayıt şəhəri ərazisində naməlum sürücünün idarə etdiyi avtomobillə yolu keçmək istəyən piyada - Quliyev Ramazan Sabir oğlunu vuraraq sonuncunun ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin “Opel Vectra” markalı 99-CK-566 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü - 1966-cı il təvəllüdlü Babayeva Firuzə Kərim qızı tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən, o, oktyabrın 16-da şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
***
11:50
Sumqayıtda piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA -ya verilən məlumata görə, oktyabrın 14-də saat 20 radələrində "Stansiya Sumqayıt" qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Ramazan Quliyev vurulub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü, Bərdə rayon sakini F.Babayeva saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.