448
15:55
17 Oktyabr 2019

Döyüş yoldaşlarına xidmət edən qazi: “Sevinirəm ki, çəkirsiniz”

Onunla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Respublika Əlillərin Bərpa Mərkəzində rastlaşdıq. Mərkəzin qeydiyyat şöbəsində - səliqəli geyimdə, gülərüz xanımların yanında əyləşmişdi. Bizi xoş əhval-ruhiyyə ilə qarşıladı. Televiziyadan gəldiyimizi eşidəndə daha çox sevindi. Gözümüz onun əyləşdiyi əlil arabasına sataşdı, duruxduğumuzu hiss edib, özünü təqdim etdi.
İqbal Mürsəlov I qrup Qarabağ müharibəsi əlilidir: “1993-cü ildə Nərgiztəpə uğrunda gedən döyüşlərin iştirakçısıyam. Elə həmin il Xocavənd istiqamətində gedən döyüşlərdə - Şişqayada ağır yaralandım. İndi əlil arabasındayam. Güllənin təsirindən ayaqlarım tutulub. Düz 20 ildir bu mərkəzə ardıcıl olaraq gəlirəm. Bilirsiniz, Qarabağ əlilləri uzun növbələr gözləmir. Biz müraciət edirik, müayinə olunuruq və bundan sonra az da olsa, yaxşılaşırıq. Reabilitasiyadan sonra gümrahlaşırıq”. Bizimlə rastlaşdığı gün İqbalın Bərpa Mərkəzində həm də ilk iş günü idi. 45 yaşlı qazi yaralandığı gündən qardaşının himayəsindədir. Deyir ki, bir gün belə olsa, qardaşı onu yalnız buraxmayıb. Elə işə də qardaşı gətirib-aparır: “İlk iş günümdür. Hər şey gözəldir. Sevindim ki, məni çəkirsiniz. Qeydiyyat şöbəsindəyəm. Burda döyüşçü yoldaşlarımla da rastlaşacağıma ümid edirəm. Onları burda özüm istiqamətləndirəcəyəm. Çalışacağam ki, onları düzgün istiqamətləndirim. Bura bizim həm də evimizdir. İllərdir gedib gəlirik. Bizə hər cür şərait yaradıblar”. Mürşüd Nağıyevlə isə bədən tərbiyəsi proseduru zamanı qarşılaşdıq. I qrup əlildir, düz on ildir burda reabilitasiya olunur: “Müalicəyə tez-tez gəlirik. Əgər müalicə olunmuruqsa, hər şey geri gedir. Hər dəfə müalicədən sonra səhhətim daha da yaxşılaşır. Ona görə də müalicə kursumuz bitəndən sonra yenidən yazılırıq. Növbəlilik prinsipi üzrə çağırırlar”. Funksional-diaqnostika şöbəsinin müdiri Elmira Əliyeva deyir ki, hazırda Bərpa Mərkəzinin 50 çarpayısı var. Reabilitasiya prosedurları növbəli şəkildə gün boyu həyata keçirilir: “Bu günə qədər 866 xəstə qəbul etmişik. Bunlardan 580-i stasionar, 286-sı isə ambulatordur. Bunların içərisində 288 nəfər Qarabağ və Çernobıl əlilidir. Hazırda reabilitasiya keçmək üçün növbə gözləyən 5000 nəfərə yaxın xəstəmiz var. Xəstələrin müalicə kursu 10 gündür. Şənbə-bazar günlərini çıxmaq şərti ilə bu müddət 12-15 gün arasında dəyişir”. Şöbə müdiri mərkəzdə müalicə üçün bəzi sənədlərin lazım olduğunu deyir. Onun sözlərinə görə, xəstələr burada öz evlərindəki kimi hər cür şəraitlə təmin edilir. Amma narazılıqlar da var: “Bəli, sizin də dediyiniz kimi, nöqsanlar mövcuddur. Çarpayı çatışmazlığı da var. İndi bu narazılıqların aradan qaldırılması üçün qəbul komissiyası yaradılıb. Komissiya araşdırır, illərlə növbə gözləyənlərə də zəng vurulur və müalicəyə çağırılır. 2015-2016-cı illərdən belə müraciətlər var. Artıq elektronlaşdırılıb, komissiyanın hesabına son altı aya yaxındır ki, siyahıya alınma şəffaf işlənilir”. Elmira Əliyeva Azərbaycanın müxtəlif bölgələrindən müraciətlərin daha çox olduğunu qeyd edir: “Bölgələrdən çox olur. Amma belə hallarla da tez-tez qarşılaşırıq ki, məsələn, biz zəng edirik, onların gəlmək imkanı olmur. Bundan başqa, vaxtla razılaşmırlar ki, bu da bizim işimizə əngəl törədir. Yəni bəhanə ilə vaxtı dəyişmək istəyirlər”. Qeyd edək ki, Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ölkənin bütün bölgələri üzrə 15 bərpa-müalicə müəssisəsi, o cümlədən Respublika Protez-Ortopedik Bərpa Mərkəzi və Heydər Əliyev Fondu tərəfindən yaradılmış Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi müvafiq şəxslərin istifadəsindədir. Görülən işlərin davamı kimi ötən il həmin müəssisələr tərəfindən 23,3 min nəfər reabilitasiya xidmətləri ilə təmin olunub, əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara 32,8 minədək protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib. Ötən il Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin nəzdində olan 14 Bərpa Mərkəzində ümumilikdə 11 900 əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib, 278 əlilliyi olan şəxs peşə-əmək reabilitasiyasına cəlb olunub, onlara 35 300 reabilitasiya vasitəsi verilib, eyni zamanda 7557 əlilliyi olan şəxsə sanator-kurort yollayışları təqdim olunub. Xidmətin balansında olan Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən isə əlilliyi olan 9300 nəfər protez-ortopedik xidmətlərlə təmin edilib.