389
21:03
17 Oktyabr 2019

“Bir şeir” yarışmanın qalibləri mükafatlandırıldı - FOTOLENT

Tədbiri giriş sözü ilə Kulis.az ın baş redaktoru Şərif Ağayar açdı, münsiflər heyətinin üzvlərini, iştirakçıları, qonaqları salamladı, müsabiqə haqqında ümumi məlumat verdi.

Münsiflər heyəti adından tənqidçi, filologiya elmləri doktoru Cavanşir Yusifli çıxış edərək yarışmada iştirak edən şeirləri analiz etdi.

AYB-nin gənclər üzrə katibi Rəşad Məcid Kulisin ədəbiyyat fəaliyyətini və eyni zamanda “Bir şeir” müsabiqəsini çox yüksək qiymətləndirdiyini və onluğa düşən şairlərin içindən yeni imzalar tapdığını qeyd etdi.

Çıxışlardan sonra mükafatlandırma mərasimi başladı.

İlk mükafat yarışmanın layk qalibi Sonuncu Orxana təqdim edildi. “Libraff” Mağazalar Şəbəkəsinin piar meneceri Sərxan Rüstəmov iştirakçıya 50 manatlıq kitab kartı hədiyyə etdi.

Üçüncü yerin qalibləri – Malik Atilay və Elvin Bakiroğluna mükafatı münsif, şairə Səhər Əhməd, ikinci yerin qalibi Alik Əlioğluna tənqidçi Cavanşir Yusifli təqdim etdi.

Birinci yerin qalibi Fərid Hüseynin mükafatını “ APA Group”un rəhbəri Vüsalə Mahirqızı təqdim etdi və təqdimatdan əvvəl Kulisin fəaliyyəti və yarışma haqda ürək sözlərini söylədi.

Sonda qaliblərlə xatirə şəkli çəkildi.

Xatırladaq ki, müsabiqə sentyabrın 16-dan elan olunmuşdu, əsər qəbulu oktyabrın 10-dək davam etdi. 200-dən çox iştirakçı şeirlərini göndərdi və yalnız şərtlərə uyğun olan şeirləri seçilərək həm Kulis.az da, həm də Kulis.az ın Facebook səhifəsində yayımlandı.

Seçilmiş şeirlər ekspertlər qrupu tərəfindən seçilərək münsiflərə təqdim olundu. Aqşin Yenisey, Cavanşir Yusifli, Məti Osmanoğlu, Səhər Əhməd, Zahir Əzəmətdən ibarət münsiflər heyəti 20-liyi müəyyən etdilər. Daha sonra 20-lik əsasında 10-luq müəyyənləşdi.

Eyni zamanda “Kulis”in xüsusi mükafatına görə “Facebook” səhifəsində layk yarışması keçirilib, ən çox layk toplayan şeir qalib seçilib. Bütün qaliblərə pul mükafatları verilib.