414
12:06
23 Oktyabr 2019

“Su verin bizə! - Qaraçuxur sakinləri su qıtlığından şikayətlənir - VİDEO

Bura paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsidir. Qəsəbənin 40-48-ci məhəllələrinin sakinləri su qıtlığından şikayətlənirlər.
Onların sözlərinə görə, bu qıtlığın yaranmasına səbəb olan su çənlərini aparan Mənzil-Kommunal İstismar Sahəsinin (MİS) ərazi nümayəndəliyinin işçiləridir: “Su verin bizə! Mən də bu binada yaşayıram. “Azərsu” ASC-yə deyirik, qaynar xəttə zəng vururuq. Hər ikisindən eyni cavabı verirlər ki, qəza olub, təzyiq yoxdur, düzəldirik. Nə qədər düzəldəcəksən? Mənə səhər-səhər su lazımdır ki, uşaq məktəbə gedir, bağçaya gedir. Özümüz işə gedirik. Yaşlısı var, cavanı var. Gecə su vermirlər, sağ olsunlar. Heç olmasa, gündüz suyumuzu versinlər. Mənə su lazımdır axı. 4 binanın 4-də də bu vəziyyətdir. 4 və 5-ci mərtəbələrdən yuxarı su qalxmır. Belə vəziyyətdə yaşayırıq. Çənləri niyə yığışdırdılar ki? Harda partlaq çən var, binanın damındadır. Götürməyiblər. İstifadəyə yararlı olan bütün çənləri aparıblar. Su da yoxdur. Bu gün səhər 08:30-dan su yoxdur binada. Problem bak məsələsi deyil. Əgər su kəsilibsə, o suyu verməlidirlər. Tutalım, 5-10 dənə bak var. Hamıda bak, çən ola bilməz. Əgər binaya 126 ədəd bak qoyulası olsa, o bina nəyə oxşayar? Əgər xətt çəkilibsə, bu suyu daimi şəkildə verməlidirlər. O da gəlmir. Səhər 05:00-da dururuq, su yox. 06:00-da su yox. 08:30-da az miqdarda damcı-damcı gəlir”.
Sakinlər gecə saatlarında suyun kəsilməsindən, gündüz saatlarında isə təzyiqin aşağı olmasından gileylənirlər. Sevil Məlikova deyir ki, gecə saat 23:00-dan suyu kəsirlər: “Düz saat 09:00-a kimi su gəlmir. Gecə vaxtı nə edək, bilmirik. Əl-üzümüzü yumağa su tapılmır. Gündüz də, bax, belə gəlir. Bundan artıq su gəlmir. Belə də olmaz axı. Suyun gəlməyi üçün gərək mən bütün günü hidrofordan istifadə edim. Hidrofor da əlavə işıq sərfiyyatıdır. Mən özüm pensiyaya baxan adamam. Zülm çəkirik”.
Qəsəbə sakini Ramiz Məmmədov bildirdi ki, sözügedən problem Mənzil-Kommunal İstismar Sahəsinin (MİS) işçiləri binaların damındakı su çənlərini apardıqdan sonra yaranıb. O, öz hesabına aldıqları su çənlərinin bir gecədə yoxa çıxdığını və onların qaytarılması üçün MİS işçiləri tərəfindən 30 manatdan 50 manata qədər pul istənildiyini qeyd etdi: “Burada hərənin su ehtiyatı toplamaq üçüm öz çəni var idi. Yığışdırıb aparıblar hamısını. Bu da kimindirsə, qalıb burada, heç bunu götürməyiblər. Yəni deşik olduğuna görə götürməyiblər. Hansı baklar, çənlər ki sağlamdır, onları götürüb aparıblar. Heç bizim xəbərimiz də yoxdur. Mənim özümün də, qonşuların da binanın damında ayrıca bakı var idi. Bir anın için heç kimə xəbər etmədən gəlib aparıblar. Suyu da kəsiblər. Heç kimin xəbəri yoxdur. Heç olmasa, əvvəldən məlumat versinlər ki, belə bir şey olacaq”.
Ərazinin Mənzil-Kommunal İstismar Sahəsinin (MİS) nümayəndəliyində isə bu cür qarşılandıq.
Birbaşa Suraxanı Rayon İcra Hakimiyyətinə üz tutduq. İcra Hakimiyyəti Aparatının məsul işçisi Barxudar Barxudarov yaxın zamanda su olmayan ərazilərdə problemin kökündən həll olunacağı vurğuladı: “Bu çənlər təmizlənirsə, vətəndaşlar narahat olmasınlar. Vətəndaşlar da 24 saat su ilə təmin olunacaqlar. Artıq əlavə işlər də görülür, əlavə xətlər də çəkilir. Yəni bu gün harda su yoxdursa, yaxın günlərdə onlar da su ilə təmin olunacaqlar”.
Su çənlərinin vətəndaşlara qaytarılması üçün 30-50 manat pulun istənilməsi məsələsinə də toxunan Barxudar Barxudarov ərazidən yığışdırılan çənlərin sahiblərinə pulsuz qaytarıldığını dedi: “Ola bilsin, həmin vətəndaş deyir ki, həmin çəni aparıb başqa yerdə istifadə edəcəm. Onda ola bilər. Başqa bir hal ola bilməz. Çünki vətəndaş çəni özü könüllü surətdə götürməsə, bu halda Mənzil Təsərrüfat Birliyinin işçiləri həmin çənləri ordan yığışdırırlar və özləri də lazım olduğu yerə göndərirlər”.