2040
17:41
08 Noyabr 2019

“Ana, bilirsən nə qədər adam var? Elə çox gəlirlər ki...” - QUZANLIDAN reportaj

Həmin gün Ermənistanla sərhəddə olan, düşmənin cəmi bir neçə kilometrliyində yaşayan Ağdam əhalisinin üzündə sevinc vardı. Hamı dəstə-dəstə gedən insan selinə qarışmaq, bayraqların sayını artırmaq, sanki düşmənə gözdağı vermək arzusunda idi.

Uşaqlar həyətlərinin darvazasını açıb, evləninin önündən keçən insanlara maraqla baxırdı. Arxaya çevrilib analarına “ana, bilirsən nə qədər adam var hələ. Elə çox gəlirlər ki...” - deyən balacaların yanaqlarında bayraq şəkilləri əllə çəkilsə də, gözlərində ulduzlar sevincdən parlayırdı.

Uşaqların sevinci, böyüklərin qürur hissi əbəs deyildi...

Quzanlıda “Bayraq yürüşü” keçirilirdi...

Təhsil və müdafiə nazirlikləri Ağdam rayonunun Quzanlı qəsəbəsində 9 noyabr - Azərbaycanın Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirirdi.

Təhsil nazirinin müavini Firudin Qurbanov, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Müdafiə Nazirliyinin əməkdaşları, deputatlar, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, media qurumlarının rəhbərləri, nümayəndələri, hərbçilər, tanınmış ziyalılar, müəllim və şagirdlərin iştirak etdiyi yürüşdə, qeyd etdiyim kimi, ən çox sevinən, qürur duyan sadə Ağdam camaatı idi.

Lent.az olaraq bizim də iştirak etdiyimiz bayrağımızın bayramından yadda qalanları qələmə aldıq.

Bayram yürüşündən istifadə edib iştirakçılarla söhbət etdik, təəssüratlarını bölüşdük.

Çoxsaylı insanların arasında əli əsalı, eyni geyimli 10-15 nəfərlik dəstə dayanıb. Qarabağ döyüşlərində ayaqlarını itirən insanlardır. Neçə kilometrlik yolu əsanın yardımı ilə yürüyən bu insanlar birlikdə bir fütbol komandası da yaradıb. “Qarabağ qaziləri” amputant futbol komandasının üzvü Anar Ağakişiyevin təəssüratını öyrənirəm: “İlk döyüş yolum Ağdamdan keçib. Füzuli, Cəbrayıl rayonlarında döyüşlərdə iştirak etmişəm, minaya düşüb yaralanmışam.

Ayaqları olmayan qazilərin oynadığı futbol komandasında oynayıram. Xarici ölkələrdə də iştirak edirik. Hamımızın arzusudur ki, vətənimizi işğaldan azad edək. Ən böyük arzum budur ki, bu yürüşümüzü “Vətəni azad etmək” yürüşü kimi keçirək”.

Əlində bayraq tutan onlarla əsgərimizdən biri- Şamil Muradov əlində Azərbaycan bayrağını elə saxlayıb ki, kənardan baxan onun heykəl olduğunu zənn edə bilər.

O, iyul ayından Ağdamda hərbi xidmətdədir: “Bakı şəhərindən gəlmişəm. Hamıya əsgər həyatı keçirməyi arzulayıram”.

Onun sözlərinə görə, hərbi xidmətə gəlişindən bir neçə ay keçsə də, həyata baxışında çox dəyişikliklər baş verib. Xüsusilə Vətən sevgisinin gücləndiyini deyən Muradov bu gün bayraq daşımaqdan qürur duyduğunu, arzusunun bu bayrağı işğaldan azad olmuş torpaqlarda qaldırmaq olduğunu deyir.

Quzanlıdakı 18 saylı məktəbin 8-ci sinfində təhsil aldığını deyən Ramil Əliyev düşmənlə üz-üzə yaşasa da, qorxu hiss etmədiyini deyir. Əlində tutduğu “Qarabağ Azərbaycandır” plakatına işarə edirəm, yorulmursan ki: “Yox, yorulmuram. Bu işi mənə həvalə etdikləri üçün qürur hissi keçirirəm. Böyüyüb əsgər olmaq və vətənimi qorumaq istəyirəm”.

Rəsmilər nə deyir...

AMEA Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov da iştirakçılar arasındadır. "Bayraq hər bir xalqın, dövlətin varlığını göstərən vacib dövlət atributlarından biridir", -deyən İ.Orucov bildirir ki, bu cür tədbirlərin keçirilməsinin gənclərin vətənpərvərlik hissinin formallaşmasında çox böyük rolu var: “Əminəm ki, bizim ay-ulduzlu bayrağımız işğal olunmuş ərazilərimizdə, bütün əzəli torpaqlarımızda dalğalanacaq”.

Təhsil nazirinin müavini Firudin Qurbanov təmsil etdiyi nazirliyin 2014-cü ildən hər il Bayraq gününə həsr olunmuş yürüşlər təşkil etdiyini deyir. Yürüşlərin əsasən cəbhə bölgələrində keçirildiyini vurğulayan nazir müavini bildirdi ki, əsas məqsəd gənclərimizdə dövlət atributlarına sevgiyi aşılamaqdır: “Bayraq dövlətimizin simvoludur, Azərbacanın varlığını bütün dünyaya göstərir”.

Nazir müavinindən rəsmi şəxs kimi yox, sadə bir vətəndaş kimi hansı hissləri keçirdiyini soruşuram: “Böyük qürur hissi keçirirəm. Müxtəlif kateqoriyadan olan insanların birlikdə olması vətəndaş birliyinin bir nümunəsidir. Bu da məni sevindirir. Bu yürüşdə biz Vətənmizə olan məhəbbətimizi ifadə edirik”.

Gün o gün olsun ki, belə Ağdama gedək

Çoxsaylı insanların arasından üzümə baxıb gülümsəyən bir xanım əlində bayraq olmadığından sevincini bölüşmək üçün çiynində olan böyük yaylığını yelləməyə başlayır.

Yaxınlaşıb söhbət etmək istəyirəm. Mehribanlıqla əlini çiynimə salır. Ofeliya Cavadova Ağdam şəhərindən məcburi köçkündür: "Daxili İşlər Nazirliyinin veteran ailəsindənəm. Yoldaşım döyüşçü olub. Hazırda ehtiyatda olan polisdir. Uzun döyüş yolu keçib”.

61 yaşlı xanım deyir ki, Ağdamda beşotaqlı evləri qalıb: “Evimizdən heç bir şey çıxarmamışıq. Gün olsun ki, belə Ağdama gedək. Elə bilirəm ki, biz Ağdama qayıdacağıq. Nə vaxt müaharibə başlasa, yoldaşım polis kimi, oğlum topçu, mən də mərmi daşıyan kimi gedəcəyəm. Allahdan istəmişəm ki, gedim Ağdam torpağını görüm, sonra ölüm”.

Dəstə-dəstə keçən insan selini öz həyətinin qarşısından seyr edən yaşlı bir nənə dəyir gözümə. Rəfiqə Məmmədova adlı həmin nənə deyir ki, Quzanlıdandır, 78 yaşı var. Rəfiqə nənə Allahdan düzlük istəyir: “Allahdan düzlük istəyirik. Torpaqlarımızı işğal edən ermənilər yox olsun, Azərbayacan qələbə qazansın. Hər zaman qələbə qazanaq. Allah həmişə insanlarımızın üzünü güldürsün. Bizə qələbə qismət etsin”.

İnsanların arası ilə yavaş-yavaş addımlayıram. Arxadan kimsə önə keçmək istəyir. Tələsik adamları yara-yara irəliləyir: “İndi xəbər tutdum ki, yürüş var. Tez qaçıb gəlmişəm”. Bu sözləri yanındakı xanımla bölüşənin adının Zübeydə (İsmayılova) olduğunu öyrənirəm.

Quzanlıda küçələrin təmizliyi ilə məşğul olan Zibeydə İsmayılova deyir ki, artıq uzun illərdir Quzanlıda yaşayır: “Eşitdim ki, yürüş var. Dedim, mən də qoşulum”.

Bir neçə kilometrlik yürüş başa çatır. Quzanlının “Bayraq meydanı”na çatan iştirakçılara Xalq artisti Nurəddin Mehdixanlının aparıcılığı ilə bayram tədbiri təqim olunur. Deputat Aydın Mirzəzadənin, təhsil nazirinin müavinin və digər qonaqların ürək sözlərini bölüşdüyü tədbirdə əsgərlər döyüş bacarığını nümayiş etdirir, vətənpərvər ruhda mahnılar səsləndirilir. Birlik rəmzi olan yallı rəqsi ilə sonlanan tədbirdən sonra düşmənlə üz-üzə yaşayan əhalinin təhlükəsizliyini təmin edən, torpaqlarımızın qoruyucusu olan əsgərlərlə görüşdük.

Eyni süfrə ətrafında nahar etdiyimiz əsgərlərlə söhbətləşmək imkanımız da oldu. Eyni masada oturduğum Abşeron rayonu, Güzdək qəsəbəsindən olan əsgər Anar Məmmədovu söhbətə çəkirəm. 21 yaşlı Anar 2018-ci ilin iyul ayından hərbi xidmətdədir: “17 aydır burdayam. Bitirməyimə bir ay qalır. Hərbi xidmət məni çox dəyişib. Həyatı daha fərqli dərk edirəm, bundan başqa, daha qədirbilən olmuşam. Bütün gənclərə deyərdim ki, hərbi xidmət gözəl və faydalıdır. İnsan bacarmadığı çox məsələləri burada öyrənir, yetkinləşir”.

Bu arada kənardan başımızın söhbətə qarışdığını görən komandir yaxınlaşıb “çörəyinizi yeyin, sonra söhbət edərsiniz”-deyir. Bu irad idi yoxsa, məsləhət, tam yəqin edə bilməsəm də, özümü bir anlıq əsgər kimi hiss etdim.

Artıq Bakıya qayıtmaq vaxtı idi. Bir aydan sonra hərbi xidməti başa vuracaq olan Anarı, bütün əsgərlərlə birlikdə Allaha əmanət eidb, sevinc qarışıq hüzünlə Quzanlıdan ayrılırıq. Yolboyu bizi müşayət edən irigövdəli ağaclara baxıram. Təmiz kənd insanlarının yaşadığı bu torpaqda ürəyimdən bir arzu keçir. İşğalın bitdiyi gün görüşmək ümidiylə...