3427
17:03
08 Noyabr 2019

Qeyri-iş günündə bu məktəblərdə dərs olacaq

Sabah Azərbaycanda Bayraq günü qeyd olunacaq.

APA -nın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, 2019-cu ildə 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü qeyri-iş günüdür. Noyabrın 9-u şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, növbəti həftənin ilk günü, 11 noyabr tarixi də qeyri-iş günü olacaq. Yəni, şənbə günü də nəzərə alınarsa, ardıcıl olaraq noyabrın 9-u (şənbə), 10-u (bazar) və 11-i (bazar ertəsi) ölkədə qeyri-iş günüdür.

Ancaq bəzi məktəblərdə bu məsələ ilə bağlı fikir ayrılığı yaranıb. Belə ki, 6 günlük məktəblərdə bazar ertəsi gününün iş günü olduğu elan edilib.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən APA -nın sorğusuna cavab olaraq bildirilib ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci bəndinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Azərbaycan Respublikasının Dövlət bayrağı günü (9 noyabr) həftənin şənbə gününə, yəni altıgünlük iş həftəsi olan məktəblərdə iş gününə (istirahət gününə deyil) təsadüf etdiyindən, növbəti həftənin bazar ertəsi - noyabrın 11-i həmin məktəblərdə iş günüdür.