2250
13:58
12 Noyabr 2019

Yasamalın yeni başçısı kimdir?


Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Elşad Eldar oğlu Həsənov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Lent.az xəbər verir ki, Elşad Həsənov 1976-cı il sentyabr ayının 27-də Bakı şəhərində müəllim ailəsində anadan olub. 1982-ci ildə Bakı şəhərinin Nəsimi rayonunda yerləşən, o vaxt A.S.Puşkin adına olan, hazırda Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənovun adını daşıyan 23 saylı orta məktəbi 1992-ci ildə qızıl medalla bitirib.

1992-ci ilin payızında ilk dəfə olaraq test üsulu ilə keçirilən qəbul imtahanlarının nəticələrinə görə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub. 1997-ci ildə hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Elə həmin ilin dekabr ayında BDU-nun Cinayət prosesi kafedrasında aspiranturaya qəbul olub. 2001-ci ildə aspiranturanı fərqlənmə ilə bitirib. 2004-cü ilin noyabr ayında namizədlik dissertasiyasını müdafiə edərək, Azərbaycan Prezidenti yanına Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. Hüquq sahəsində bir neçə elmi məqalənin müəllifidir.

2015-ci ildə V çağırış Azərbaycan Respublikası Milli Məclisinə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən deputat seçilib. Milli Məclisin Gənclər və İdman Komitəsinin, həmçinin Elm və Təhsil Komitəsinin üzvüdür.

Ailəlidir, 2 övladı var. İngilis, rus dillərini bilir. Partiya mənsubiyyəti yoxdur.