999
16:46
12 Noyabr 2019

Prezident: "Siz sahibkarları incitməməlisiniz"

"Vətənpərvərlik, dürüstlük, şəffaflıq, vətəndaşlara xidmət, dövlətçilik prinsiplərini əsas tutmaq, investorları cəlb etmək, rayonların sosial-iqtisadi inkişafını təmin etmək sizin əsas vəzifəniz olmalıdır".

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev İlqar Abbasovu Şirvan şəhər, Mərdan Camalovu Zərdab, Əziz Əzizovu Bakının Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra hakimiyyətlərinin başçıları vəzifələrinə təyin olunmaları ilə bağlı qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, həm sənaye, həm də kənd təsərrüfatı istehsalı sahələrinə dövlət xətti ilə çox böyük dəstək göstərilir.

"Təsadüfi deyil ki, bu ilin 9 ayının yekunlarına görə qeyri-neft sənayemiz 15 faizdən, kənd təsərrüfatı 7 faizdən çox artıb. Artıq pambıq yığımı mövsümü başa çatır, mənə verilən məlumata görə, bu il biz rekord göstəriciyə nail olmuşuq. Biz keçən ilə nisbətən əkin sahələrini azaltdıq, 132 min hektardan 100 min hektara endirdik, çünki bəzi yerlərdə torpaqlar düzgün seçilməmişdi. Ancaq məhsuldarlıq artdı. Hazırda yığım davam edir və hektardan məhsuldarlıq 27 sentnerə çatıb, keçən il 17 sentner idi. Keçən il biz 132 min hektardan 233 min ton pambıq yığmışdıqsa, bu il 100 min hektardan artıq 270 min tondan çox pambıq yığmışıq. Mən təkcə pambığı deyirəm. İndi taxılçılıqda da böyük irəliləyiş var. Ümumi göstərici hektardan 32 sentnerə çatıb. Bu, çox yaxşı göstəricidir. Daha da artacaq. Meyvəçilikdə, fındıqçılıqda da məhsuldarlıq artır. Yəni, kənd təsərrüfatı sahəsində dövlət xətti ilə çox böyük işlər görülür. Siz də öz dəstəyinizi verməlisiniz və sahibkarlara diqqət göstərməlisiniz, onları incitməməlisiniz. Əgər hansısa sahibkar vəsait qoymaq, hansısa iş görmək istəyirsə, birinci olaraq siz ona dəstək verməlisiniz. Bəzi hallarda sahibkarlara qarşı ədalətsizlik edilir və onlardan nəsə əldə etmək cəhdləri göstərilir. Buna qətiyyən yol vermək olmaz. Sahibkarlara da deyirəm ki, əgər belə xoşagəlməz halla üzləşsələr, dərhal bizə məlumat versinlər", - Prezident vurğulayıb.