1848
20:15
12 Noyabr 2019

Yoxa çıxan dostlar, kədərli aqibət, qonşu məzarlar - İstintaq davam edir

Əvvəli: https://lent.az/news/330601

İlham Tumas

Daşqın Ərəbovun şöbədən qaçması böyük qalmaqal yaradır. Təbii ki, buna görə cəzalananlar da olur. Qax rayon prokurorluğundan Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, Qarabağ müharibəsində iştirak eləmiş “qara polkovnik” ləqəbli mərhum Fətulla Hüseynova ünvanlanmış məktubdan məlum olur ki, qaçırılma hadisəsi ilə bağlı polis baş leytenantı Abdullayev Mübariz barəsində yoxlama aparılaraq, o, daxili işlər orqanlarından xaric edilib.

Qaçışdan sonra nələr oldu?

Beləliklə, prokuror Ələmdar Məmmədovun İlham Yunusovla bağlı şübhələri özünü doğruldur və saysız-hesabsız xahişlərin, təhdidlərin səbəbi aydın olur. İlham azadlıqda olmalıymış ki, Daşqının qaçışını təşkil eləsin. Daşqının qaçışından sonra, təbii ki, gözlənildiyi kimi, zaminə buraxılan İlham da yoxa çıxır...

Əslində, hüquq-mühafizə orqanlarına da onların harada olmaları məlum idi. Bu sənədə diqqət edək. Qax rayon prokurorluğundan Qax və Zaqatala polis şöbələrinə göndərilmiş məktubdan oxuyuruq: “Qax rayon prokurorluğunun icraatında olan 39815 №-li cinayət işi üzrə müttəhim qismində cəlb olunmuş Zaqatala rayonunun 2-ci Tala kənd sakinləri Ərəbov Daşqın Hacıömər oğlu və Yunusov İlham Nəsrulla oğlu istintaqdan qaçıb gizlənmiş və barələrində həbs qəti imkan tədbiri seçilərək, axtarış elan edilmişdir. Polis işçiləri tərəfindən aparılmış axtarış-əməliyyat tədbirləri müsbət bir nəticə verməmişdir. Əldə edilmiş əməliyyat məlumatlarına görə, Daşqın Ərəbov hazırda Zaqatala rayonu ərazisində azad hərəkət edir, 2-ci Tala kəndinə gəlir, tez-tez “Yolçu” yeməkxanasında görünür və cinayətkar qruplarda fəal iştirak edir. Odur ki, xahiş edirəm, Daşqın Ərəbovun və İlham Yunusovun axtarışını gücləndirib, əməliyyat-axtarış tədbirlərini şəxsən nəzarətə götürəsiniz. Görülmüş tədbirlər barədə müntəzəm olaraq Qax rayon prokuroruna məlumat verməyinizi xahiş edirəm”.

Göründüyü kimi, hamı Daşqınla İlhamın harda olmasını çox gözəl bilirmiş. Vəziyyət o qədər gərginləşir ki, hətta rayonda polis işçilərinin belə sayı azalır. Belə ki, bir çoxları xidməti vəzifələrini icra eləməkdən qorxaraq, rayonu tərk edirlər. Əslində, durumun xeyli təhlükəli olduğunu prokuror da bildiyindən, bir sıra təhlükəsizlik tədbirləri görür. İşə piyada gedir, mahir nişançı olan sürücüsü Borisi şöbədən götürdüyü tapançayla silahlandırır.

Bir müddət sonra “Dadaş”la “Silvestr” qəfil gəldikləri kimi, qəfil də yoxa çıxırlar. Alınan əməliyyat məlumatlarından bəlli olur ki, dostlar yenidən Rusiyaya qayıdıblar. 20 dekabr 1993-cü ildə, yəni Daşqının polis şöbəsindən qaçdığı gün Qax Rayon Prokurorluğunda açılmış 39815 saylı cinayət işində hər iki şəxs haqda 1992-ci ildən 2002-ci ilə qədər kifayət qədər material toplanıb. Bu cinayət işində biz həm də hər iki dostun sonrakı talelərindən də xəbərdar olacağıq. Beləliklə, istintaq davam edir!

Yenə Rusiya, yenə cinayət...

Cinayət işinin materiallardan məlum olur ki, Ərəbov Daşqın və Yunusov İlhamın tapılıb istintaqa cəlb olunmaları üçün Azərbaycan daxilində əməliyyat-axtarış tədbirləri aparılıb, həmçinin Rusiyanın müvafiq qurumlarına xüsusi tapşırıqlı tələbnamələr göndərilib. Əməliyyat axtarış tədbirləri çərçivəsində İlhamla Daşqının qohumlarından izahatlar alınır, yaxınlarının, qonşularının, dostlarının siyahısı hazırlanır, zəng edə biləcəkləri ev telefonları dinlənilir.

Bir müddət sonra Moskva prokurorluğundan tələbnamələrə 226705 saylı cavab gəlir: “Məlumat verirəm ki, axtarışa verilmiş Ərəbov Daşqın Hacıömər oğlu və Yusifov İlham Nəsrulla oğlunun həbsinə Taqansk rayonlararası prokuroru qərar verib. Adları çəkilən şəxslər hazırda Daxili İşlər Nazirliyi Moskva Şəhər Baş İdarəsinin 48-2 saylı İstintaq Təcridxanasında saxlanılır. Cinayət işi Moskva şəhər prokurorluğunda aparılır”.

Ərəbov Daşqın həm kriminal aləmdə, həm də illərlə onu təqib və həbs edən, barəsində cinayət işi açan, sonra bir neçə dəfə əlindən qaçıran hüquq-mühafizə orqanlarında da tanınmış şəxs idi. Təsadüfi deyil ki, Daşqın Rusiyada həbs ediləndə, Rusiya Federasiyasının Daxili İşlər Naziri, Ordu generalı Anatoli Kulikov özü bu xəbəri elan eləmişdi.

Həmçinin, hüquq-mühafizə orqanlarında çalışanlar Azərbaycanın sabiq Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun da çıxışlarının birində Daşqının yaxalandığını söylədiyini xatırlayırlar.

Beləliklə, 2000-ci ildə, nəhayət, həm Daşqının, həm də İlhamın yaxın qohumlarının köməkliyi, həmçinin alınan məlumatlar əsasında onların taleyinə aydınlıq gətirilir.

İlhamın qardaşı Sahib Yusifov izahatında yazır: “Mənə verilən suallara cavab olaraq bildirirəm ki, Yunusov İlham Nəsrullah oğlu mənim doğma qardaşımdır. O, təxminən 1993-1994- cü ildən evdən çıxıb. Barəsində axırıncı aldığımız məlumata görə o, Kalmıkiya Respublikası Elista şəhərində yerləşən həbsxanadadır. Kəndçimiz Ərəbov Daşqını tanıyıram. Qardaşım İlhamla yaxındır. Onların arasında nə kimi münasibət olduğundan xəbərim yoxdur. Daşqının harada olduğunu da bilmirəm. O həbs olunub, ya yox, deyə bilmərəm. Qardaşım İlhama 8 il iş kəsilib”.

Bir sıra dəqiqləşmələrdən sonra isə Zaqatala rayon polis şöbəsindən Qax rayon prokurorluğuna 2000-ci ildə belə bir məzmunda məktub göndərilir: “Sizin 01.03.2000-ci il tarixli məktubunuza cavab olaraq bildiririk ki, tərəfimizdən Zaqatala rayonu 2-ci Tala kənd sakinləri Ərəbov Daşqın Hacıömər oğlu və Yunusov İlham Nəsrulla oğlunun valideynləri və yaxın qohumları arasında sorğu aparılmış və məlum olmuşdur ki, Daşqın Ərəbov və İlham Yunusov 05.09.1995-ci ildə RF-nın Moskva şəhərində cinayət hadisəsi törətdiyi üçün tutulmuşlar. Moskva şəhər məhkəməsi tərəfindən Daşqın Ərəbov 9 il, İlham Yunusov isə 8 il müddətində azadlıqdan məhrum edilmişlər. Daşqın Ərəbovun və İlham Yunusovun valideynlərinin, yaxın qohumlarının dediklərinə görə, Ərəbov Daşqın Hacıömər oğlu hal-hazırda cəzasını Saratov şəhərində, Yunusov İlham Nəsrulla oğlu cəzasını Elista şəhərində çəkir”.

İki dost, iki tale

İstintaqımız “Dadaş” ləqəbli Ərəbov Daşqınla “Silvestr” ləqəbli Yunusov İlhamı yalnız həbsdə olduqları vaxt izləyə bilməyəcək. Artıq bildiyimiz kimi, Daşqın cəzasını Saratovda, İlham isə Kalmıkiyanın Elista şəhərində çəkir. Ona görə, necə deyərlər, istintaq dili nağıl dili kimi yüyürək olmasa da, “Dadaş”la “Silvestr”i 2002-ci ildən başlayaraq izləməyə məcburuq.

Yunusov İlham Nəsrulla oğlu cəzasını çəkib, 4 yanvar 2002-ci ildə Elista həbsxanasından azadlığa buraxılır. Ona verilən sənəddə yazılıb ki, Yunusov İlham Nəsrulla oğlu cəzasını tam çəkərək azadlığa buraxılıb. Cinayət işində bu sənədin vərəq nömrəsi 52-dir. 51-ci vərəqdə isə başqa bir sənəd var. Bu sənəd Ərəbov Daşqın Hacıömər oğlu haqdadır, 7 yanvar 2002-ci ildə yazılıb. Yəni, İlhamın həbsdən azad olmasından 3 gün sonra.

Ölüm haqda 521590 saylı şəhadətnamə

Adı, soyadı, atasının adı: Ərəbov Daşqın Hacıömər oğlu

Doğum tarixi: 19 fevral 1964-cü il

Ölüm tarixi: 7 yanvar 2000-ci il

Öldüyü yer: Rusiya, Moskva şəhəri

İki insan, iki sənəd və iki tale. Birində həyat, digərində ölümdür. Ərəbov yenidən Moskvaya qayıdır, cinayətlər törədir, həbsxanada yatır, üstündən illər keçsə də, seçdiyi həyat yolu onun da həyatına son qoyur. Bu da bir sənəd: “Arayış verilir Aşağı Tala ərazi nümayəndəliyi tərəfindən ondan ötrü ki, Aşağı Tala kəndində doğulmuş Ərəbov Daşqın Hacıömər oğlu 2002-ci ilin yanvar ayında Moskva şəhərində öldürülmüş və Zaqatala rayonunun Aşağı Tala kəndində dəfn olunmuşdur.

7 iyun 2002-ci il”

İlham qayıtdı...

İstintaqımız Yunusov İlhamla davam edir. Düz 2002-ci il iyun ayına qədər. Zaqatala rayon polis şöbəsi Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Səlimovun tərtib elədiyi protokola nəzər salaq: “Azərbaycan Respublikasının CM-nin 214-cü maddəsinin 2-ci hissəsi ilə axtarışda olan Zaqatala rayonu Aşağı Tala kənd sakini 1965-ci ildə anadan olmuş Yunusov İlham Nəsrulla oğlu keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 iyun 2002-ci il tarixdə rayon ərazisində tutularaq Rayon polis şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Tutulmuş şəxs İlham Yunusova Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 153-cü maddəsində nəzərdə tutulmuş hüquqları izah edilməklə ona müdafiəçi - vəkil tutmaq təklif edildi. O bildirdi ki, özü-özünün hüquqlarını müdafiə edəcək. Odur ki, tərəfimizdən bu barədə protokol tərtib edildi”.

Beləliklə, Yunusov İlham üçün hər şey 1993-cü ildə qaldığı yerdən davam edir. Çünki 1992-93-cü illərdə Gürcüstan vətəndaşları Aşkarelinin, Qoqaladzenin, həmçinin daha bir neçə nəfərin avtomobillərinin, külli miqdarda pullarının və qızıl-zinət əşyalarının əllərindən alınması, ən əsası, Ərəbov Daşqının Qax Rayon polis şöbəsindən qaçması məsələsi ilə bağlı “Silvestr”ə veriləcək suallar çox idi. Təbii ki, bu suallar ona verilir və cavablar alınır.

Mətləbi çox uzatmadan Yunusov İlhamın 20 iyun 2002-ci il tarixli ifadəsini olduğu kimi dinləyək: “Mən 1 sentyabr 2000-ci ilə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsi ilə ittiham elan edildi. Həmin ittihamın mahiyyəti mənə aydındır. Həmin ittihamda göstərilən cinayət əməlini törətməkdə özümü təqsirli bilirəm, əməlimdən peşmanam. Xahiş edirəm, səmimi etirafımı nəzərə alıb mənə kömək edəsiniz. Eşitdiyimə görə, mən cinayət edəndən sonra amnistiya aktları qəbul olunub. Əməlimi səmimi etiraf etməyimi, peşmançılıq çəkməyimi, öhdəmdə iki azyaşlı uşaq olmasını nəzərə alaraq, amnistiya aktının mənə tətbiq edilməsini xahiş edirəm.

Sualınıza cavabla bildirirəm ki, mənə şəxsiyyət vəsiqəsi verilməyib.

Daşqın Ərəbovun müvəqqəti saxlama təcridxanasından da qaçmağından mənim xəbərim olmayıb. Mən Qax Rayon Polis şöbəsinin Müvəqqəti Saxlama Təcridxanasında 1993-cü ildə saxlanılarkən nə mənim, nə də Ərəbovun kamera qapısı açıq olmayıb. Bizə heç kimlə görüş verilməyib. Heç bir qanun pozulmayıb. Mənim bildiyimə görə, Daşqının polisdən qaçmasından, onun belə məqsədi olmasından heç kimin, o cümlədən polis əməkdaşlarının xəbəri olmayıb. Başqa sözüm yoxdu, ifadəmi özüm yazdım, doğruluğunu imzamla təsdiqləyirəm. Yunusov İlham Nəsrulla oğlu”.

Qax rayon prokurorunun böyük köməkçisi 1-ci dərəcəli hüquqşünas Mirzəyevin qərarından isə oxuyuruq: “Azərbaycan Respublikasının Avropa Şurasının üzvlüyünə qəbul edilməsi münasibəti ilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 1 fevral 2001-ci il tarixli qərarının 1.13, 9.2 və 12.2-ci bəndlərinə müvafiq olaraq 1 sentyabr 2000-ci ilə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsi ilə təqsirləndirilən Yunusov İlham Nəsrulla oğlu barəsində olan 39815 №-li cinayət işi üzrə icraata xitam verilsin, vətəndaş Yunusov İlham Nəsrulla oğlu cinayət məsuliyyətindən azad edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun, şəxsi pasportu özünə qaytarılsın. Qərar icra edilməsi üçün Qax rayon Polis Şöbəsinə göndərilsin.

Təqsirləndirilən şəxs İlham Yunusov bildirdi ki, amnistiya barədə qanunvericilik ona aydındır, amnistiya aktının ona tətbiq edilməsini istəyir, törətdiyi cinayəti səmimi etiraf edir, əməlindən peşmandır, amnistiya aktının ona tətbiq edilməsinə razıdır”.

Beləliklə, 20 iyun 2002-ci ildə Yunusov İlhama amnistiya verilir. Ona məxsus köhnə formalı XV-JQ №679087 pasportu istintaqa təhvil verdiyi vəziyyətdə qəbul edir. Bundan sonra artıq Daşqınla, İlhamla bağlı istintaqımız davam eləmir. Daha doğrusu, bundan sonra deyəcəklərimiz istintaq materialı deyil. Tanıyanlar söyləyirlər ki, İlham Yunusov dostu Daşqın Ərəbovun məzarının üstünü götürür, ona məxsus olmuş və başqasına satılmış 08 markalı avtomobili həmin adamdan çox baha qiymətə alıb, Daşqının ailəsinə qaytarır. Bir müddət keçdikdən sonra Rusiyaya gedir və ordan əvvəlcə ölüm xəbəri gəlir, ardından tabutu. “Silvestr”i də Zaqatalada, doğma kəndi Aşağı Tala qəbiristanlığında dəfn edirlər. Ayrılmaz qəza və qədər dostu “Dadaş”ın dəfn olunduğu qəbiristanlıqda...

P.S.

İctimai Televiziyanın efirində yayımlanan “İstintaq davam edir” layihəsi çərçivəsində Ali Məhkəmənin, Dövlət Təhlükəsizlik Xidmətinin, Daxili İşlər Nazirliyinin və Prokurorluğun arxiv materialları əsasında hazırlanmış filmlərin ssenari mətnini hər həftənin 1-ci günü Lent.az -dan oxuyun!

Filmi bu linkdən izləyin: https://www.youtube.com/watch?v=fPZwVfHbIp0