524
14:48
14 Noyabr 2019

Ərdoğan Allahşükür Paşazadəni təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dünya liderlərinin II Bakı Sammitinin iştirakçılarına və Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadəyə məktub ünvanlayıb.

APA-nın xəbərinə görə, məktubu Dünya liderlərinin II Bakı Sammitində iştirak edən Türkiyənin Diyanət İşləri başqanı Ali Erbaş səsləndirib.

Türkiyə Prezidenti sammitin dünyada dinlər və millətlərarası dialoqa mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

“Hörmətli Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə.

Anadan olmağınızın 70, Şeyxülislamlıq fəaliyyətinizin 40 illik yubileyi münasibəti ilə sizi təbrik edirəm. Fəaliyyətə başladığınız andan bu günə qədər bölgənin bütövlüyünə dəstək vermisiniz. Sizin dinlərarası dialoqun genişlənməsində çox böyük əməyiniz var. Uzun illər boyu belə önəmli və məsuliyyəti böyük olan vəzifənin öhdəsindən bacarıqla gəldiyiniz üçün sizi təbrik edirəm.

Allahdan sizə can sağlığı, Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətində iştirak edən əməkdaşlarınıza uğur və müvəffəqiyyət diləyirəm. Sizin timsalınızda azərbaycanlı qardaşlarıma sülh və sevinc arzulayıram”, - deyə məktubda qeyd olunub.