1646
20:15
14 Noyabr 2019

“Onun qatili ilə üz-üzə oturmuşdum...” - Bulud Qaranın gündəliyi36-cı BÖLÜM

Əvvəli: https://lent.az/news/330905

Kişi ağlamaz?

Ağlayırdım mən. Ucadan, hönkürə-hönkürə, gözlərimdən durmadan yaş axa-axa.

Dünyam dağılmışdı, dağ uçmuşdu üstümə, altında xıncım-xıncım olmuşdum, toparlana biləcəkdimmi bir də, yığıb-yığışdıra biləcəkdimmi özümü bundan sonra?

Çətin.

Surxay mənə qarşı dünyanın ən murdar adamı kimi davranmışdı. Şərəfsizcə, alçaqcasına, dostun dosta etməyəcəyi bir yana, düşmənin belə düşmənə etmək üçün ən iyrənc mənəviyyata malik olması lazım olan dərəcədə...

- Dəli olmusunuz??? - Tofiqin səsini eşitdim beynimin dumanlanmış havasının içindən, - Surxay! Surxay! Bulud, neyləmisən???

Tofiq yerdə halsız uzanmış Surxayı silkələyir, üzünə şillə vurur, məni köməyə çağırır, nəsə deyir, nəsə deyir, nəsə deyir...

Mən heç nə eşitmirdim.

Surxay ölmüşdüsə, bu, mənim də sağ olmamağım demək idi.

Bu dəhşət idi.

Ən yaxın dostum mənə xəyanət eləmişdi, ən yaxın dostum!

Bilə-bilə ki, Gülnar mənim üçün mənim bütün qohumlarımdan dəyərlidir, bilə-bilə ki, ona görə canımdan keçərəm, can alaram mən...

Tofiq mətbəxə keçib oradan beşlitrlik su balonu gətirdi, yarısını Surxayın üstünə, yarısını da mənə səpdi. Sonra balonu kənara atıb artıq zəif də olsa tərpənməyə başlayan Surxayın üstünə əyildi, bir-iki şillə vurandan sonra üzünü mənə tutdu:

- Gic kimi dayanıb üzümə baxma e! Dur kömək elə!

Doğrudan da gic kimi dayanıb baxırdım ona, fərqindəydim.

Soyuq sudan sonra beynim açılsa da, hələ tam özümə gəlməmişdim. Amma Tofiqə yardım edib, Surxayı divanın üstündə uzatmaq üçün bu halda olmağım daha çox lazım idi, bunun da fərqindəydim.

Surxay inildəyirdi.

Tofiq yaş dəsmal gətirib onun üz-gözünün qanını sildi, mənə tərs-tərs baxıb mırıldandı:

- Çıx get evinə!

Çıxdım, getdim...

***

Üst-başım yaş idi deyə sopsoyuq külək boynumu, kürəyimi, sinəmi yandırırdı. Çiskin yağışın altında tamam islandım, Tofiqin üstümə səpdiyi suyun ləkələri yoxa çıxdı.

Maşınımı belə yaddan çıxarıb eləcə yolun ağına düşüb addımlayırdım yağışın altında.

Telefonumun fasiləsiz zəngi məni fikirdən, daha doğrusu, fikirsizlikdən, keylikdən ayıltdı.

Leyla idi.

- Hardasan sən, Bulud? Niyə zənglərə cavab vermirsən? Axı müstəntiq...

- Yaxşıyam, - dedim.

Telefonu qapayıb cibimə qoydum.

Leyla daha yığmadı. Yəqin ki, yaxşı olmadığımı, hətta onunla belə danışmaq istəməyəcəyim dərəcədə pis olduğumu anlamışdı.

Yağış daha da gücləndi.

Mən bumbuz duş almış kimi ayılıb, soyuq beyinlə düşünməyə başladığım anlarda bu gün baş verən bütün hadisələr bir-bir gözümün qabağında düzüldü.

Mən Sənubərin qətli ilə bağlı ifadə vermək üçün polis idarəsinə getmişdim. Orada məni dindirən müstəntiqin qərəzli davranışından hirslənib, söhbəti yarıda saxlayaraq, çıxmışdım. Çıxanda isə Sehrbazla qarşılaşmışdım. Mənim dalımca çıxan qəzəbli müstəntiq isə Sehrbazı görüb, açıq-aşkar yaltaqlıq nümayiş etdirərək onunla görüşmüş, qulluğunda həmişə hazır olduğunu bildirmişdi. Sonra Sevdanı görmüşdüm...

Yox, nə Sevda?

Stop!!!

Mən məhz sehrbazla müstəntiqdə dayanmalıydım. Bundan sonrası yenə gedib evə, evdə Gülnarda müşahidə etdiyim hala, sonra da Surxaya çıxacaqdı. Yenə də qəzəbim yerindən oynayacaq, beynimi qapayacaqdı, normal düşünə bilmədiyim üçün olub-keçənləri də doğru analiz edə bilməyəcəkdim.

Halbuki...

Sürətlə maşınıma doğru gedib, sükan arxasına keçdim. Mühərriki işə salıb, salonu qızdırdım. Leylaya zəng etdim.

- Sən nə deyirdin? Müstəntiq haqda nəsə deyirdin bayaq.

- Deyirdim ki, niyə getməmisən ifadə verməyə? Axı müstəntiqə söz verdin! Bu dəqiqə sənə lazımdır özünə problem yaratmaq?

- Getməmişəm?

- Hə də.

- Getmişdim axı, necə yəni getməmişəm? Adam kimi danışmadı, mən də yarıda çıxdım. Üstəlik də...

- Bulud, mən dəqiq bilirəm ki, sən müstəntiqlə görüşməmisən, ifadə də verməmisən. Bayaq sahə müvəkkili gəlmişdi yenə. Sənin qapını döyürdü, xalan qızına deyəndə eşitdim.

- Yox e, yalan deyir o! Sehrbazın adamıdı zibil, ona görə!

- Sən nədən danışırsan, kimdən danışırsan, bilmirəm, amma məncə sahə müvəkkilinə dəysən, pis olmaz, ya da xalaqızından soruş, gör nə kağızı verdi ona bayaq.

- Yaxşı.

Mən Gülnara zəng etdim və zəngi yarıda kəsdim. Özümdən asılı olmadı, əllərimin qəfil titrəməyə başladığını hiss etdiyim üçün etdim bunu. Deyəsən, emosiyalarım yenə də ağlıma, düşüncəmə mane olurdu. Yox, bu dəqiqə Gülnara zəng edə bilməzdim. Yaxşısı budur...

Mən yaşadığım məhəlləyə köçdüyüm ilk günlərdən bəri sahə müvəkkilinin nömrəsini alıb telefonuma qeyd etmişdim. Elə o nömrəni tapıb yığdım.

Sahə müvəkkili də Leylanın dediklərini təkrarladı. Dedi ki, mən müstəntiqlə görüşüb ifadə filan verməmişəm və sabah mütləq gedib idarəyə dəyməyim lazımdır.

“Lənət şeytana”, deyib maşını sürdüm.

Evə getməyəcəkdim, Gülnarla qarşılaşmaq istəmirdim.

Xalama zəng edib, Gülnarın evdə tək olacağını dedim və onun yanına gəlməsini xahiş etdim, özüm isə emalatxanama getdim.

Əynimdəki bütün paltarlarımı çıxarıb, asılqandan asdım ki, qurusun.

Sonra lüt və yorğun bədənimi qızdırmaq üçün kondisioneri işə salıb, otağı isitdim. Soyuducudan yarımçıq tekilanı götürüb, qurtumladım. Telefonumda sevdiyim yunan pianoçusunun konsertini açıb, divanda uzandım. Gözlərim divanın arxasındakı divara çəkdiyim gözlərdə ilişib qaldı. Leylanın gözlərində. Barmaqlarımı onların üstündə gəzdirib, gülümsədim. Xumarlanıb yatmaq istəyirdim. Yalnız onu düşünərək, yalnız onu hiss edərək. Gözlər isə mənə baxırdı. Çılpaq vücuduma, yorğun təbəssümümə, islaq saçlarıma...

Görəsən Leyla məni belə görsə, nə edərdi? Yaxınlaşıb əzizləyərdimi, mənə gülərdimi, gəlib yanıma qısılıb o da yatmaq istərdimi?

Məncə, heç biri.

Məncə, o, tamam başqa bir iş görərdi.

Mənim tanıdığım Leyla idisə, mütləq indicə ağlıma gələni edərdi.

Rəsmimi çəkərdi.

Rəssamlıq yaranandan bəri, insanlar bir-birinin rəsmini çəkməyə başlayandan bu yana çox kişilər çox qadınları təsvir ediblər. Çılpaq və gözəl qadın bədənləri ilə doludur rəssamların emalatxanaları, muzeylər, sərgilər. Amma hansısa qadın hansısa kişini çılpaq halda çəkibmi görəsən? Xumarlanan, yorğun, yarımsərxoş, çılpaq, divanda uzanmış belə bir cavan kişi rəsmi varmı görəsən?

Ayağa durdum.

Molberti hazırlayıb, rəngləri, fırçaları düzdüm...

Qıpqırmızı divanı çəkdim əvvəl.

Divanda uzanmış özümü çəkdim sonra...

Necə maraqlı imiş öz rəsmini çəkmək. Həm də çılpaq, ehtiraslı, yorğun halda özünü təsvir etmək. Həm hiss etmək, həm təsvir etmək. Eyni anda...

Sevdiyim yunan pianoçusunun ifası da fon musiqisi kimi, ağlımda, ruhumda, canımda...

Bir saatdan sonra otağa girən olsa, eyni anda həm divanda, həm tabloda eyni rəsmi görəcəkdi.

Bunu hansı gözəgörünməz sirli rəssamın etdiyini düşünərdi yəqin...

***

Telefon səsinə oyandığım zaman başım möhkəm ağrıyırdı.

Sahə müvəkkili idi.

Deyirdi, polisə getməyim üçün axırıncı xəbərdarlığını edir.

Bezgin halda "yaxşı!" deyib telefonu qapatdım və durub paltarlarımı geyindim.

Çayniki qaynatdım, iki qaşıq qəhvə dəmləyib içdim və pəncərələri açıb otağın havasını da dəyişdim.

Axşam çəkdiyim çılpaq kişi rəsminə gözucu baxıb başımı buladım, özüm öz qəribəliyimə növbəti dəfə təəccüblənə-təəccüblənə emalatxanadan çıxdım və sürətlə aşağı düşdüm.

***

Sizə indi dünyanın çox qəribə hadisəsini danışacağam.

Baxın, mən, bütün gecəni dincəlmiş, beyni təmizlənmiş halda durub özlüyümdə qəti qərar vermişdim ki, gedib o murdar müstəntiqlə yox, polis rəisinin özü ilə görüşəcəyəm, lap elə o məni qəbul etməsə, istənilən polisə əllərimi uzadıb qandallamağını istəyəcəkdim. Sonra hər şeyi boynuma alacaqdım. Sənubəri şantaj edib videosunu internetdə yayımlayanın, onun qətlinə səbəb olanın Sehrbaz olduğunu, özümün də bu məsələlərdən xəbərdar olduğum üçün, lakin cinayətkarı üzə çıxarıb polisə heç nə demədiyim üçün təqsirkar olduğumu etiraf edəcəkdim... Artıq Leyla da, Gülnar da gözümdə deyildi. Mən əməlli-başlı vicdan əzabı çəkirdim. Özü də bu əzab məhz dünən o müstəntiqin Sehrbaza necə yaltaqlıq etdiyini görəndən sonra güclənmişdi məndə. Belə çıxırdı ki, mən də dolayısı ilə Sehrbazın adamlarından birinə çevrilmişdim, özüm də bilmədən, istəmədən. Bəs onun etdiklərini gizlətməyimin başqa adı nə idi ki?

Bu düşüncələrlə getmişdim polisə.

Lakin dəhlizdə qarşıma çıxan, mənimlə dostca görüşüb, kabinetə dəvət edən cavan adamın məhz Sənubərin işini aparan müstəntiq olduğunu biləndə bütün fikirlərimi alt-üst etdi.

- Bəs dünənki müstəntiq? Axı mən gəlmişdim?! - dedim.

- Sizin kiminlə görüşdüyünüzü bilmirəm, ehtimal edirəm ki, nəsə anlaşılmazlıq olub. Doktor, birbaşa söhbətə keçmək istəyirəm. Bizə sizin köməyiniz lazımdır.

- Yəni? - mən təəccüblə müstəntiqin üzünə baxdım.

- Siz məhrum Sənubər xanımın həkimi olmusunuz. Psixoloqların peşə qaydalarına görə, onlar pasiyentlərinin sirlərini kimsəyə danışmamalıdırlar, anlayırıq. Amma siz də anlayın ki, söhbət gənc bir qadının qətlindən gedir.

- Mən nə etməliyəm? Sizə Sənubərin... - mən səhv etdiyimi və Sənubərlə pasiyent-həkim münasibətlərindən daha səmimi ünsiyyətimizin olduğunu bildirərək özümü ələ verdiyimi anladım, - Sənubər xanımın mənə danışdığı özəl mətləblər lazımdır? Axı...

- Mənə sizin onun həyat yoldaşı ilə danışmağınız lazımdır.

- Nə?

- O iki gün bundan qabaq intihara cəhd edib. Qatil özünü öldürmək istəyib yəni. Anlayırsınız?

- Bir dəqiqə...

Beynimdə hər şey yenə də bir-birinə qarışdı.

İki dəqiqədən sonra isə mən pasiyentimin qatili ilə üz-üzə idim artıq...

Sənubərin əri ilə.

(Davam edir...)