795
15:01
18 Noyabr 2019

Dəhşətli YOL "QIRĞINI": iki gündə yollarda 12 nəfər ölüb

İstirahət günləri respublikanın avtomobil yollarında baş verən qəzalarda 12 nəfər ölüb, 5 nəfər yaralanıb.

Lent.az Daxili İşlər Nazirliyinə istinadən həmin qəzaların təfərrüatlarını təqdim edir.

Noyabrın 16-da saat gecə 1 radələrində Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakinləri X.Məmmədovun idarə etdiyi “QAZel” və S.İslamovun idarə etdiyi “Hovo” markalı yük avtomobilləri toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən X.Məmmədovun sərnişini olan oğlu Namiq orada ölüb.

Suraxanı rayonu, Hövsan qəsəbəsində Bakı şəhər sakini İ.Əliyev idarə etdiyi “Mitsubishi Pajero İO” markalı avtomobili yolun kənarındakı maneəyə vurub. Nəticədə sərnişini - Qazax rayon sakini Tacirə Daşdıyeva hadisə yerində ölüb, sürücü və digər sərnişin xəstəxanaya yerləşdiriliblər.

Növbəti qəza piyada ölümü ilə nəticələnib. Noyabrın 16-ı saat 19 radələrində Səbail rayonunun Yeni Salyan yolu küçəsində Bakı şəhər sakini K.Bayramov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən paytaxt sakini Qorxmaz Ələsgərovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Noyabrın 17-də saat 11 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakinləri - H.Hümbətov və V.Dadaşovun idarə etdikləri “VAZ-2105” və “BMW” markalı avtomobillər toqquşub. Nəticədə H.Hümbətov və sərnişinləri olan qızı Rəvanə, nəvəsi Rəvan, qardaşı Ağasəf hadisə yerində ölüb, digər 2 sərnişin xəstəxanaya yerləşdirilib.

Noyabrın 17-də saat 11 radələrində Xaçmaz şəhəri ərazisində rayon sakini İdayət Mədətovun idarə etdiyi “QAZ-3109” və Quba rayon sakini R.Zəfərməndinin idarə etdiyi “Ford-Transit” markalı avtomobillər toqquşub. Nəticədə İ.Mədətov hadisə yerində ölüb.

Noyabrın 17-də saat 19 radələrində Beyləqan rayonunun İmamverdilər kəndi ərazisində Ağcabədi rayon sakini V.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə velosipedlə yolu keçən Qarallar kənd sakini Fərhad Əhmədovu vurub. Nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Noyabrın 17-də saat 20 radələrində Xızı rayonunun Giləzi kəndi ərazisində kənd sakini R.Rəhimovun idarə etdiyi “KamAZ” və Xaçmaz rayon sakini H.Salamovun idarə etdiyi “VAZ-21010” markalı avtomobillər toqquşub. Nəticədə H.Salamov və sərnişinləri - Gülnaz Salamova və Oksana Əliyeva xəstəxanaya yerləşdirilsələrdə, onların həyatlarını xilas etmək mümkün olmayıb.