502
17:27
19 Noyabr 2019

Nazirlikdə birdəfəlik şprislərlə bağlı iclas keçirildi

Analitik Ekspertiza Mərkəzi Publik Hüquqlu Şəxsində İnyeksiya üçün birdəfəlik steril şprislərə dair standart üzrə iclas keçirilib.

Bu barədə Lent.az -a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycanın standartlaşdırma sistemini təkmilləşdirmək, daxili və xarici bazarda rəqabətə davamlı tibbi avadanlıqları istehsal etmək və həmin malların beynəlxalq norma və qaydalara uyğunlaşdırılmasını, o cümlədən insanların həyat və sağlamlığının qorunmasının təmin etmək məqsədilə Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən ISO 7886-1:2017 “Sterile hypodermic syringes for single use — Part 1: Syringes for manual use” (Inyeksiya üçün birdəfəlik steril şprislər. Hissə 1: Əl ilə istifadə üçün şprislər) beynəlxalq standartı əsasında işlənib hazırlanmış AZS 877: 2019 (ISO 7886-1: 2017) “Inyeksiya üçün birdəfəlik steril şprislər Hissə 1: Əl ilə istifadə üçün şprislər” dövlət standartı 2019-cu il sentyabrın 27-də qəbul edilib və noyabrın 1-dən qüvvəyə minib.

Bu xüsusda Analitik Ekspertiza Mərkəzində (AEMPHŞ) noyabr ayının 18-də idxalçı şirkətlər üçün iclas təşkil edilib. İclasda AEM-in İdxal ekspertiza şöbəsinin müdiri və mütəxəssisləri tərəfindən yeni standart, inyeksiya üçün birdəfəlik steril şprislərin idxalı zamanı tələb olunan sənədlər toplusuna əlavə olunub, sənədlər haqqında məlumat verilib, şirkət nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Xatırladaq ki, bir müddət əvvəl müxtəlif kütləvi informasiya vasitələrində keyfiyyətsiz şprislərin dövriyyəyə buraxılması barədə məlumatlar yer almış, bununla bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilmişdi ki, mərkəzə heç bir vətəndaşdan standartlara uyğun olmayan şprislərlə bağlı şikayət daxil olmayıb.

Qeyd edək ki, vətəndaşların hər hansı şikayəti yarandığı təqdirdə qurumun qaynar xətt nömrələrinə (012 596 07 12, 012 594 57 27, 012 594 57 37) zəng edərək, email ünvanına ([email protected]) yazaraq və ya AEM-in Bir Pəncərə xidmətinə yaxınlaşaraq şikayətlərini bildirə bilərlər.