669
15:53
19 Noyabr 2019

Bakı məktəbliləri beynəlxalq yarışlarda medal qazanıb

Bakı məktəbliləri dünyada keçirilən müxtəlif yarışlarda uğur qazanmaqda davam edirlər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Lent.az -a verilən məlumata görə, qurumun tabeliyindəki 191 nömrəli tam orta məktəbin IX sinif şagirdi Cavad Yusifov karate idman növü üzrə Gürcüstanda keçirilən beynəlxalq turnirdə 70 kiloqram çəki dərəcəsində bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Final mərhələsində erməni idmançıya qalib gələn məktəbli qızıl medal, diplom və kubokla mükafatlandırılıb.

36 nömrəli tam orta məktəbin XI sinif şagirdi Taleh Quliyev kikboksinq idman növü üzrə İranda keçirilən beynəlxalq yarışda bütün rəqibləri üzərində qələbə qazanaraq I yerə layiq görülüb. Məktəbli çempionluq kəməri və diplomla mükafatlandırılıb.

Vətənə qalibiyyətlə dönən digər idmançılar isə 116 nömrəli tam orta məktəbin şagirdləridir. Məktəbin VIII sinif şagirdi Rüfət Hacıyev karate idman növü üzrə Gürcüstanda keçirilən beynəlxalq yarışda I, V sinif şagirdi Xədicə Vəkilova isə II yerə layiq görülüb. Final mərhələsində erməni idmançını məğlub edən Rüfət Hacıyev qızıl medal, diplom və kubokla, Xədicə Vəkilova isə gümüş medal, diplom və kubokla mükafatlandırılıb.