1572
12:55
21 Noyabr 2019

Bu qidaları birlikdə yemək olmaz - XƏBƏRDARLIQ

Meyvə-tərəvəzlərin orqanizm üçün çox faydalı olduğunu bilirik. Lakin onu da bilmək lazımdır ki, qidaların bir çoxunu birlikdə istifadə etmək olmaz. Qatışdıraraq yediyimiz qidalar isə hətta zəhərlənmə ilə nəticələnə bilər.

Görəsən, hansı qidaları qarışdıraraq yemək olmaz?

Lent.az mövzu ilə bağlı İnternet üzərində kiçik araşdırma aparıb.

Əldə etdiyimiz məlumata görə. bu qidaları birlikdə istifadə etmək olmaz:

Düyü ilə turşu

Düyü plovu və ya içərisində düyü olan yeməklərlə birlikdə tərkibində sirkə olan turşulardan istifadə etmək düzgün deyil.

Burger və kartof qızartması

Bu iki məhsulun faydalı olmadığı hamıya məlumdur. Amma nə edəsən ki, bəzən özünə məhdudiyyət qoya bilmirsən. İstənilən halda, seçim sizindir. Təkcə onu yadınızda saxlayın ki, burgerlə kartof qızartması iltihab yarada bilər. Onların tərkibindəki yağ, konservantlar və bir çox zərərli kimyəvi maddələrsə qocalma prosesini sürətləndirir.

Çörək, dənli bitkilər və süd

Çoxunuza kifayət qədər qəribə görünsə də, çörək və dənli bitkilərin süd məhsulları ilə birlikdə istifadəsi məsləhət deyil. Dənli bitkilər və süd tez həzm olunan elementləri özündə birləşdirir. Bu isə bədəndə gərginlik əmələ gəlməsinə və qanda şəkərin səviyyəsinin qalxmasına səbəb olur. Bundan başqa, süd, ayran və bananı da birlikdə yemək olmaz. Bu qidaları birlikdə yemək mədə-bağırsağın pozulmasına səbəb ola bilər.

Pendirli qayğanaq, omlet

Səhərlər ikisi bir yerdə çox hazırlanır. Hər ikisi güclü zülal mənbəyidir. Mütəmadi belə yeyilsə, orqanizmdə zülal artıqlığından problemlər yaşana bilər.

Soğan və sarımsaq

Soğan demək olar ki, bütün qidalarda istifadə edilir. Lakin məlum olub ki, soğanla sarımsağı birlikdə yemək olmaz.

Pomidor və kartof

Pomidor ilə kartofun vəhdəti, daha dəqiq desək, karbohidratlarla, turş maddələrin birləşməsi bəzi xoşagəlməz nəticələrə gətirib çıxara bilər. Məsələn, düyü və kartof kimi nişastalı məhsullar, üstəgəl pomidor həzmi çətinləşdirərək mədədə ağırlıq yaradır.

Yeməklə meyvə

Yeməkdən dərhal sonra meyvə yemək olmaz. Çünki mədə əvvəlcə yağ və zülalı parçalayır. Bu da 1-2 saat vaxt tələb edir. Deməli, meyvə 2 saat sonra yeyilməlidir.

Sitrus və öskürək dərmanı

Öskürək dərmanı qəbul edirsinizsə, onda təəssüf ki, sitrus meyvələrini bir müddət unutmaq lazım gələcək. Çünki onları birlikdə istifadə etmək qarabasma və yuxusuzluq daxil olmaqla, digər mənfi təsirlərin yaranması ehtimalını artırır.

Yemiş ilə digər qidalar

Yemişlə digər qida məhsullarını qarışdırmaq faydasından çox ziyan verə bilər. Çünki yemişdən sonra su, süd içmək, alkoqollu içkilər qəbul etmək və artıq el arasında tez-tez səslənən yemişlə bal yemək orqanizm üçün ciddi problemlər yarada bilər. Ona görə də yemiş yedikdən sonra digər qida məhsullarını qəbul etmək üçün 2-3 saat fasilə vermək lazımdır. Yemişin üstündən maye qəbul edildikdə, mədə-bağırsaq sistemində pozğunluq əmələ gəlir, yaxud yemişlə balı bir yerdə qəbul etdikdə, mədədə alınmış ağır kütlə həzm problemi yaradır. Buna görə də yemiş yedikdə, bu problemləri nəzərə alın.