1776
13:22
20 Noyabr 2019

"Bacım hər hakimin "ağzını yumar"- Tanınmış ssenarist hədələndi

“ALLAH hamımızı mərdiməzardan, ev yıxandan qorusun!

Lent.az xəbər verir ki, bu sözləri “Bu şəhərdə”nin ssenari müəllifi Müsviq Abbasov şəxsi instaqram hesabında paylaşıb. O, paylaşımda 6 il əvvəl aldığı evə guya saxta “kupça” verildiyini və ona qarşı hədə-qorxu gəlindiyini bildirib:

”İş orasındadır ki, sən demə, mən 2013-cü ildə Həsənova Gülrux Sənhan qızından aldığım evin "kupçası" saxta imiş, və o saxta çıxarışa əsasən də mənə çıxarış verilib. Hətta bu, belə olduğu halda axı mənim nə günahım var? Axı bu alqı-satqını 5 saylı dövlət notariatı təsdiqləyib və sonra Dövlət Əmlak Komitəsi ona əsasən, mənə çıxarış verib. İndi, 6 ildən sonra hakim Xəyalə Cəmilova Dövlətin adından mənə deyir ki, "ay Müşviq sən evi qaytar H.Gülruxun xalası H.Mehribana sonra özün get H.Gülruxdan pulunu istə".

M.Abbasov əlavə edib ki, həmin evi Həsənova Mehriban Hüseyn qızının əri Həsənov Taleh Cahangir oğlu 2006-cı ildə, öz baldızı qızı H.Gülruxun adına alıb, alandan 3 il sonra H.Taleh dünyasını dəyişib. H.Taleh özü o evə gəlib-getsə də onun həyat yoldaşı H.Mehriban heç vaxt orda olmayıb, yaşamayıb və onun adına da heç vaxt heç bir sənəd olmayıb, amma ərinin qırxı çıxmamış bacısı qızının adına olan evə iddialı olduğunu bildirib:

"H.Mehriban isə mənə telefonda dedi ki, mənim Prezident Aparatındakı bacım qızı ilə, Nazirlər Kabinetindəki bacım Azərbaycanda hər hakimin "ağzını yumar", havayı yerə vəkillərə pul xərcləmə. Yəni, Hakim Xəyalə Cəmilovanın və Mehriban Həsənovanın bu məntiqindən belə çıxır ki, Azərbaycanda kim istəsə, dövlət sənədlərini saxtalaşdırıb külli miqdarda (145 min dollar), dələduzduq edib pulu "atıb" həbs olunmaya, azadlıqda qala bilər. Onun sözündən belə çıxır ki, cənab Prezident İlham Əliyevin mülkiyyətin sənədləşməsi ilə bağlı dəfələrlə imzaladığı fərmanlara və sərəncamlara, Azərbaycan Respublikası Konstitusiyasının 29 maddəsinə (Maddə 29. Mülkiyyət hüququ), Əmlak Komitəsinin verdiyi sənədə, dövlət notariatının təsdiqlədiyi müqaviləyə, heç vaxt güvənib ev almayın. Məhkəmənin qərarı ilə hər bir vətəndaşın, vicdanlı alıcının mülki hər an, hətta 6 ildən sonra, əlindən alına bilər”.

Müşviq Abbasov problem barədə aidiyyəti orqanlara müraciət etdiyini də vurğulayıb:

“Belə çıxır ki, Azərbaycan vətəndaşları hər ehtimala qarşı mülkləri əllərindən alınmamış hər şeyi satıb kirayələrdə yaşamalıdırlar? Gedib başqa dövlətlərdə ev almalıdırlar? Əminəm ki, bu belə deyil, çünki biz hüquqi dövlətdə yaşayırıq.
Mən bununla bağlı Prezidentimizin Hüquq məsələləri üzrə köməkçisi cənab Fuad Ələsgərova, Ədliyyə Nazirimiz cənab Fikrət Məmmədova, Məhkəmə-Hüquq Şurasına müraciətlər etmişəm. Ümid edirəm, göydə Allahın, yerdə müraciət etdiyim insanların və bu postu paylaşanların köməyi ilə noyabrın 25-də Ali Məhkəmədə işimizə baxacaq hakim Vəliyeva Elşanə Rafiq qızı vicdanlı və ədalətli qərar çıxaracaq".

Ssenari müəllifi sonda Həsənova Mahriban Hüseyn qızına xitabən qeyd edib ki, "Siz elə bilirsiniz ki, iradəli olaraq səadətə qovuşaraq nə isə əldə edəcəksiz? - Yox, bilin ki, bacınız qızı Həsənova Gülrux Sənhan qızı sizin taleyinizə yazılıb!”.