595
14:35
20 Noyabr 2019

Azərbaycan yığması AVRO-2020-nin 7 ən uğursuz komandasından biri olub

AVRO-2020-nin seçmə mərhələsinin ən uğursuz komandaları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, azarkeşlərini növbəti dəfə məyus edən Azərbaycan millisi qitənin ən zəif yığmaları sırasında yer alıb.

Nikola Yurçeviçin yetirmələri keçirdiyi 8 matçda qələbə qazana bilməyib. Bu, yığmanı Avropanın ən uğursuz 7 komandası sırasına daxil edib.

Seçmə mərhələdə mübarizə aparan 55 komandadan yalnız 7-si qələbə nə olduğunu bilməyib. Martda start götürüb, noyabrda başa çatan tsikldə Monteneqro A, Litva B, Estoniya C, Cəbəllütariq D, San-Marino İ, Lixtenşteyn İ qrupunda qalib gəlməyib.

Düzdür, yeddi qələbəsiz komandadan beşi 8, ikisi 10 oyun keçirib. Çünki San-Marino ilə Lixtenşteyn 6 komandalı, digərləri 5 yığmalı qrupda mübarizə aparıblar.

Komandaların oyun sayındakı fərqləri nəzərə almasaq, bu 7 yığmanın göstəricilərini də müqayisə etmək olar. Azərbaycan yığması 7 dəfə uduzduğu seçmə mərhələdə yalnız 1 xal toplayıb. Qələbəsiz komandalardan ikisi daha yaxşı göstəriciyə malikdir. Monteneqro üç, Lixtenşteyn isə iki heç-heçəyə sevinib.

Bu isə o anlama gəlir ki, N.Yurçeviçin yetirmələri 1 və ya daha az xal qazanan 5 ən zəif komandadan biridir. 50 iştirakçıdan geri qalan Azərbaycan millisini Avropada 51-ci saymaq olar. Litva və Estoniya ilə eyni nəticəyə imza ataraq 1 xal qazanan yığmanın top fərqi Baltikyanı ölkə təmsilçilərindən daha yaxşıdır.

Azərbaycanlı azarkeşlər yalnız iki komanda - Cəbəllütariqlə San-Marinoya baxıb təsəlli tapa bilər. Çünki yalnız bu “cırtdan”ların 1 xalı da yoxdur.