11909
13:09
26 Noyabr 2019

Qadınlar üçün 3 gündən artıq yas saxlamaq halal deyil, kişilər üçün isə... - Ehsan məsələsi ilə bağlı MÜƏMMALAR

Azərbaycanda yas mərasimlərində ehsan verilib-verilməməsi məsələsi hələ də müzakirə olunur. Bir neçə il əvvəl bununla bağlı ciddi müzakirələr aparıldı və qadağa olmasa da, məsələnin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tövsiyələri ilə tənzimlənməsi daha məqsədəuyğun sayıldı. Amma ehsan məsələsi ətrafında narazılıqlar yenə davam edir. Bəziləri ehsanın ev sahibini çətinə saldığını iddia etsə də, digərləri qazandıqlarından ölən yaxınları üçün ehsan verilməsini mütləq hesab edir. Bəzi bölgələrdə işə icra hakimiyyətlərinin işə qarışması və mərasim evlərində ehsan süfrəsini qadağan etməsi birmənalı qarşılanmır. Ümumiyyətlə, ehsan məsələsi haradan qaynaqlanır və ehsan vermək mütləqdirmi?

Qafqaz Müsəlmanları İdarəsi, Fətva və moizə şöbəsinin imamı, AMEA-nın doktorantı Samid Quliyev Lent.az -a bildirib ki, hüzr mərasimlərində ehsan verilməsi ilə bağlı cəmiyyətin müəyyən təbəqələri fikir ayrılığında olsalar da, bu günə qədər yekun qərar yoxdur:

“Ehsan ilə bağlı yekun qərarın olmaması təbii məsələdir. Çünki bu ənənədir, insanların qanına, canına hopmuş adətdir. Hər hansısa ənənənin qarşısını almaq isə o qədər də asan deyil. Bu işdə hər hansı müsəlman ölkəsinin praktikasından da istifadə etmək düzgün deyil. Çünki bu ənənə ölkələrə görə dəyişir. Müsəlman ölkələrinin bəzilərində kütləvi hal almasa da, başsağlığına gələn yaxın qohumlara xurma və su paylanılır. Azərbaycanda bölgələr üzrə ehsan verilməsi prosesi fərqli formada həyata keçirilir. Bütün hallarda hüzr sahibi həm verdiyi ehsan zamanı, həm də qəbiristanlıqda qoyulacaq başdaşına israfçılıq etməməlidir. İslam israf etmənin əleyhinədir. Sadəcə, maarifləndirmə yolu ilə israfçılıq etmənin qarşısını almaq olar”.

S.Quliyev bildirib ki, İslama görə dünyasını dəyişən şəxsi qüsl etmək, hənut vurmaq, kəfənləmək, cənazə namazı qılaraq dəfn etmək vacib əməldir. Onun sözlərinə görə, bu vacib hallardan başqa, digər müşahidə etdiyimiz bütün adətlər yerinə görə dəyişir: “Yas mərasimlərində ehsan vermək vacib yox, müstəhəbdir. Yerinə yetirilmədikdə heç bir günah yazılmayan əməldir”.

QMİ rəsmisinin sözlərinə görə, idarənin Qazılar Şurası və Elmi-Dini Şurasının 2011-ci il iyulun 13-də keçirilən toplantısında bu barədə ictimaiyyətə müraciət açıqlanıb: “Təəssüf ki, müasir dönəmdə müsəlmanlarımız şəriətin bu hökmlərinə önəm vermək əvəzinə bidət hərəkətlərə daha çox meyllənirlər. Mərhumun ailəsinə təsəlli və başsağlığı vermək elimizin qədim adətlərindəndir. Lakin dəfn mərasimlərində təmtəraqlı ehsan verilməsinin dini baxımdan heç bir əsası yoxdur. Ehsan hərfi tərcümədə "yaxşılıq etmək, gözəl iş görmək" mənasını verir. Onun imkansızlara, ehtiyacı olanlara, yetim və kimsəsizlərə verilməsi müstəhəb və bəyənilən əməllərdəndir. Mahiyyətinə görə, ehsan bir kəlmə xoş söz, bir stəkan çay da ola bilər. Bəzi hallarda mərhumun ailəsi özünü əziyyətə salıb, maddi və mənəvi təhlükəyə ataraq, süfrəyə növbənöv təamlar, meyvələr, şirniyyat düzüb özünü kimlərəsə göstərmək xatirinə borcla məclis verir. Bir qədər sonra bu məsuliyyətsiz hərəkəti onu bədbəxtliyə sürükləyəndə günahı özündə deyil, ilahi ədalətsizlikdə axtarır və düşünmür ki, Rəbbimizin əmr və qadağalarına asilik bağışlanılmaz günahlardandır. Xüsusilə Ramazan ayında iftardan əvvəl məclislərdə ehsan adı ilə yemək və çay süfrəsi verilməsi qəti qadağandır və haram hesab olunur. Bu mənada, biz Naxçıvan Muxtar Respublikasında son zamanlar yas məclislərindəki israfçılıq əleyhinə təşəbbüsləri dəstəkləyirik və ümid edirik ki, başqa bölgələrimizdə də dövlət və din xadimlərinin birgə səyi ilə toy və yas mərasimlərindəki israfçılığa son qoyulacaq...”. Müraciətdən də göründüyü kimi, məsələnin inzibati yolla həlli düzgün deyil. İctimaiyyətin bütün nümayəndələrinin maarifləndirmə işinə qoşulması daha yaxşı olardı”.

S.Quliyev qeyd edib ki, dinimizdə ən çox bəyənilən əməllərdən biri olan ehsan təkcə yas məclislərində verilən yemək süfrəsindən ibarət deyil: “Bu söz dilimizdə “yaxşılıq” mənasını bildirən daha geniş mənaları ifadə edir. Müsəlmanın ətrafındakılara, ehtiyacı olanlara yardım göstərməsi ehsan sayılır. Ehsan anlayışı bütövlükdə gözəllikləri ehtiva edir. Təkcə hüzr mərasimlərində yox, bütün hallarda imkanlı şəxslər kasıbları sevindirməlidir”.

S.Quliyev həyatdan gedən insan üçün 3, 7, 40 və digər günlərin saxlanmasının nə qədər vacib olması məsələsinə də aydınlıq gətirib: “Ölmüş şəxs üçün 3, 7, 40, 52, cümə axşamları və il mərasiminin keçirilməsi ehsan verilmə kimi ənənə halını alıb. Dinimizə görə yas saxlanılmasının müddəti üç gündür. İslam mənbələrində bununla bağlı bir çox məlumat var. Bu barədə İslam Peyğəmbəri (s) buyurur: “Allaha və Axirət gününə iman edən qadına ölü üçün üç gündən artıq yas tutmaq halal deyil. Ancaq qadının əri üçün dörd ay on gün yas tutması müstəsnadır”.

Həmsöhbətimizin izahatına görə, bu məsələ əri ölmüş qadının hamilə olması ehtimalından irəli gəlir. Yəni qadın başqa adamla evlənərsə, uşağın atasının kimliyi bəlli olsun.

S.Quliyev onu da bildirir ki, bizdə olan adət isə yas saxlama anlamında deyil:

"Təsəvvür edin ki, bizim ənənəmizə görə, bir şəxs dünyasını dəyişib, amma həmin evə dəfndən sonra heç kim gəlib-getmir. İnsanların müəyyən günlərdə həmin evə toplaşması bir növ ölmüş şəxsin yaxınlarına baş çəkmək, onlara dəstək olmaq mənasını daşıyır”.