3451
13:30
01 Dekabr 2019

Meyitlərdən pul qazananlar - Ciddi ittihamlara baş direktordan CAVAB: "Mən gələndən..."

Meyitlərin tibbi ekspertizadan keçirilməsində rüşvət alınması ilə bağlı məsələ gündəmdən düşmür.

Səhiyyə nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov isə Lent.az -a açıqlamasında bildirir ki, bəlkə də əvvəllər olub, amma indi yoxdur.

Maraqlıdır, dünyasını dəyişən şəxslərin meyiti hansı hallarda müayinə olunmalıdır? Ölən adamın yaxınları pul təklif edərək meyitin müayinə edilməməsini istəyə bilirmi?

Baş direktor bu suallara aydınlıq gətirib:

“Xəstəxanadan kənarda baş verən qəfləti ölümlər tibbi ekspertizadan keçirilir. Yolda getdiyi yerdə, toyda oynadığı yerdə, küçədə metroda və.s baş verən ölüm halları qəfləti ölümlərdir. Bir sözlə xəstəxanada diaqnoz qoyulmadığı halda insanın ölməsi qəfləti ölüm sayılır. Bütün qəfləti ölümlər zamanı tibbi ekspertiza olunmalıdır ki, ölüm səbəbi bilnsin. Araşdırılmalıdır ki, adam doğrudan da öz-özünə ölüb yoxsa kənar təsirlər olub. Qətl, intihar və bədbəxt hadisələr zorakı ölümlərin 3 növüdür və mütləq müayinə olunmalıdır. Bəlkə tamamilə başqa səbəbdən öldürülüb".

Pul təklif edərək meyitin müayinəsinə qarşı çıxıb-çıxılmamasına gəldikdə isə Ədalət Həsənov belə deyib:

“Pul vasitəsilə meyitin müayinə olunub-olunmaması məsələsi ölkədə yığışdırılıb. Kim deyir inanmayın. Bəlkə də əvvəllər olub bu faktlar, amma mən gələndən yığışdırmışam. Meyiti prokurorluq, polis əməkdaşları gətirir ki, ölüm səbəbini təyin edin. Bizim də borcumuz baş üstə deyib səbəbi təyin etməkdir. Bundan ötrü də meyitin daxili açılmalıdır”.

Qeyd edək ki, deputat Tahir Kərimlinin bildirdiyinə görə, bizdə ekspertin cibinə pul qoyurlar ki, meyiti yarmasın:

“Azərbaycanda bir çox ölüm hadisələri baş verir. Adət-ənənə, müsəlmançılıq nəzərə alınmaqla 99 faiz halda meyit yarılmır və akt tərtib olunur ki, guya yarılıb. Əvəzində meyit yarılmadan ekspertin cibinə pul qoyulur ki, “çox sağol, az-çox sən bunu etdin”. Ona görə də bu sahədə korrupsiya var”.

Deputat bildirib ki, heç bir müstəntiq və ya məhkəmə meyitin yarılmasının zəruri şərtlərini irəli qoymur: “Bütün hallarda ölüm hadisələrində tələb qoyulur ki, meyit mütləq şəkildə yarılmalı və daxili müayinə olunmalıdır. İnsanın əzizi rəhmətə gedir, şokdadır. Amma bilmir bu dərdi çəksin, yoxsa kimsə gəlib deyir ki, meyit yarılmalıdır onu düşünsün. İnsanlar bundan olduqca narahat olur. Ona görə də qeyri-hüquqi və psixoloji məsələlər ortaya çıxır. Cərəyan vurması və ya suda boğulma halları üçün niyə meyit yarılmalıdır? Axı səbəb bəllidir. Ən dəhşətli fakt isə ölüm şəhadətnaməsinin alınması ilə bağlıdır. Həm vətəndaşların narazılığını, həm korrupsiya hallarını, həm də vaxt itkisini aradan qaldırmaq üçün bu məsələni də həll etmək lazımdır. Ancaq dövlət məhkəmə ekspertlərinin rəyini qəbul edirlər. Əgər özəl məhkəmə ekspertizası yaradılmasını istəyiriksə, niyə onlara hər hansı funksiya və səlahiyyət verməyək?!”