1763
20:15
28 Noyabr 2019

“Gülnar Surxayla birlikdə mindiyi təyyarənin…” – Bulud Qaranın gündəliyi 38-ci BÖLÜM

Əvvəli: https://lent.az/news/332027

Biz niyə bu gündəyik? Biz niyə bir-birimizi öldürməyə tələsirik axı? Xəyanət edən aldatdığını, xəyanət edilən aldadanı... kimsə mənən, ruhən doğrayıb-tökür həyatındakı insanı, kimsə də fiziki, real olaraq. Hər qatil özü də mütləq ölür. Sənubərin qatili olan əri Fərrux da ölü idi. Göz bəbəklərinin içindən mənə boylanıb gah qorxan, gah həyəcanlanan yırtıcı ruhdan başqa heç bir zərrəsi yaşamırdı, adım kimi əmin idim.

Uşaq vaxtı “Dədə Qorqud” filmi başlayanda nə qədər qorxardımsa, film bitəndə o qədər də rahatlıq tapardım mənən. Başlanğıcdakı qədim qəbir daşlarından boylanan daş simalar, ruhların harayı, fəryadı bir küncə sıxılıb büzüşməyimə səbəb olardı, qəribədir ki, o qədər qorxmağıma baxmayaraq, yenə də nə televizoru söndürər, nə də otaqdan kənara çıxardım. Eləcə gözlərimi ekrana zilləyib, bu daş simaların fəryaddan açıq qalmış qara ağızlarından gələn bağırtılara dözərdim. Dözərdim ki, sonra ağ saçları, ağ saqqalı olan Dədə Qorqud ona “Sənin üçün qazıram, dədə!” deyən qəbirqazanın üzünə o mənasını hələ də anlamadığım üz ifadəsi ilə baxsın. Və ilan sürünsün açıq qəbrin içində... min dəfə baxmışam o filmə. Hər dəfə ləzzətlə sakitləşmişəm filmin sonundakı “Ana südü, dağ çiçəyi” məlhəmindən. Mənim ruhumun film boyunca qədimdən qədim qan yaddaşımla duyduğum yaraları sağalırdı o məlhəmdən sonra. Bəzən elə bilirdim, Qazan xanın oğlu Tural elə mənəm. İnsan öldürməyən, öldürmədiyi üçün də əbədi yaşamaq haqqı qazanan, daşa dönməyən, bağırmayan, fəryad etməyən... Bəzən elə bilirdim, min illərdir ki, yaşayıram, yaşayıram, yaşayıram... daşa dönə bilmirəm ki, bilmirəm. Çünki insan öldürə bilmirəm.

Fərruxun gözlərindən üzümə boylanıb baxan yırtıcı ruh yadımdan çıxmırdı. Hətta sanki gözlərimin qarşısında qəribə şəffaf bir filtrə dönmüşdü. Mən üzümü hansı tərəfə çevirsəm, Fərruxun gözlərindəki yırtıcı ruhun miskinliyi və zalımlığı özündə birləşdirən şəklini görürdüm. Hər kəsi və hər şeyi də məhz bu şəffaf filtrin arxa fonundan izləyirdim. Fərruxun özü isə Sənubəri öldürəcəyinə qərar verdiyi andan bu yana daş idi, ölü idi, özü bunu bilsə də, bilməsə də.

İndi o, bu istintaq və məhkəmə prosesi bitəndən sonra öz cəza müddətini həbsxanada keçirəcəkdi. Hamı elə bilərdi ki, yaşamaqdı o, həyatdır, davam edir. Əslində isə...

  • Nə oldu? Ağıllandıra bildiniz? Yoxsa yenə öldürəcək özünü? – müstəntiqin səsi məni fikirdən ayıltdı.
  • Narahat olmayın, - dedim, - o adam intihar eləyən tip deyil.
  • Bəs axı...
  • Boş şeydir, diqqət çəkmək, mərhəmət hissi oyatmaq üçün olub.
  • Həə...

***

Və Sevda.

Dünən Sehrbazla birlikdə polis idarəsinə gələn Sevda. Fərruxdan hamilə qalan, Tofiqlə uşağı olacaq deyə evlənmək planı quran, mənimlə münasibətini bərpa etmək istəyən, evimə soxulub anama yaxınlaşmaq dərəcəsində həyasızlığa əl atan Sevda. Sehrbazın adamı olan Sevda... İndi isə belə çıxır ki, Sənubərin də əsl həqiqi qatili olan, Gülnarla mənim evlənməyimizə səbəb olan o məşum yataq səhnəsinin qurulması üçün kompota uyuşdurucu tökən Sevda... Yalanla nəfəs alan, yalanla nəfəs verən Sevda.

Belə çıxır ki, polisə Fərruxun sevgilisi kimi çağırılıbmış. Sehrbaz da onun himayəçisi kimi böyründə gəlib. Yox, bunların həyasızlığı sərhəd tanımırdı! Yaxşı, bəs mənim axmaq dostum Tofiq niyə düşmüşdü onların dalınca? Arvadı olacaq bir hamilə qadının qatil bir kişinin sevgilisi kimi istintaqa çağırıldığı polis idarəsinə onun yanında hansı adla, hansı düşüncə ilə gəlmişdi? Lənət şeytana!

Maşını qırmızı işıqda saxlayan kimi Tofiqə zəng etdim. Ya o hər şeyi bilirdi və məni axmaq yerinə qoymuşdu, ya da mən hər şeyi ona deməliydim. Tofiq sanki elə bu dəqiqə zəngimi gözləyirdi, dərhal cavab verdi. Daha doğrusu, telefonu açıb həyəcanla dedi:

  • Rahat oldun? Razısan elədiyindən indi? Gördün neylədin? Gördün?
  • Nə olub? – mən bütün varlığımın bir anda donub buza döndüyünü hiss etdim, - Surxay...
  • Hardasan sən? – bağırdı.
  • Yolda, - mən yaşıl işıq yandı deyə maşını irəli sürdüm, - adam kimi danış, nolub?
  • Get evə.
  • Nə olub axı?
  • Get evə, dedim!

Tofiq telefonu qapadı.

Mən daha ona zəng etməyin mənasız olduğunu bildiyim üçün həyəcanla maşını sola döndərib Surxayın evinə doğru sürməyə başladım.

***

Bu dünyada hər şeyə dözə bilərdim yəqin. Anamın ölümünə də, Gülnarın, hətta Leylanın ölümünə də... amma Surxayın ölümünə dözə bilməzdim. Mən ondan qabaq canımı tapşırardım, ondan qabaq girərdim qəbrin içinə yəqin...

Maşını onun yaşadığı məhəlləyə sürəndə az qalırdı gözlərimə qaranlıq çöksün. Elə bilirdim, indicə ora-bura vurnuxan bir dəstə adam görəcəyəm, indicə ağlayan qadınlar, başını aşağı salıb siqaret çəkən kədərli kişilər görəcəyəm qarşımda. Elə bilirdim indicə Tofiq o adamların arasından çıxıb mənim üstümə qaçacaq, “Sən elədin! Sən öldürdün onu! Sən! Sən! Sən!” deyəcək, deyəcək, deyəcək... və sonra məni qucaqlayıb hönkür-hönkür ağlayacaq. Elə ağlayacaq ki, onun səsindən başqa yer üzündə bir də heç vaxt heç nə eşitməyəcəm mən...

Amma məhəllədə sakitlik idi.

Binanın qarşısında da kimsə gözə dəymirdi.

Surxayın qapısı isə bağlı idi.

Bu nə oyun idi, bu nə labirint idi mən içinə düşüb çabalayırdım? Surxay harada idi? Tofiq mənimlə niyə o cür danışdı? Ümumiyyətlə, axı mən özüm Tofiqi yığmışdım, mən ona Sevda barədə danışmaq istəyirdim, amma o mənim zəngimi gözləyirmiş kimi telefonu açıb üstümə bağırmışdı. Belə çıxır ki, həmin dəqiqələrdə o da mənə zəng edəcəkmiş. “Get evə!” dedi. Evə...

Aman Allah! Gülnarı unutmuşdum mən!

Bəlkə ona nəsə olmuşdu, ya da o özü...

  • Aç qapını! Aç! – deyə mən özümdə ehtiyat açarın olduğunu unutmuş bir halda çaşqınlıqla, həyəcanla öz qapımı yumruqlayır, təpikləyir, Gülnarı çağırırdım! – Gülnar!
  • Niyə bağırırsan? Bəlkə yorulub istirahət eləyən var?!

Leyla dedi bunu.

Qapısını aralayıb təbəssümlə üzümə baxırdı. O qədər rahat, o qədər sakit dedi ki...

  • Bağışla, - dedim və onun üzünə də baxmadan təzədən öz qapımı döyməyə başladım.
  • Noldu? - ətrafa boylanıb az qala pıçıltıyla soruşdu, - nə dedi müstəntiq?
  • Off, Leyla! - əsəbi səslə mən də özümü pıçıldamağa məcbur etdim, - o hayda deyiləm!

Leyla qapısını açarlayıb mənə ironik bir nəzər saldı və tələsə-tələsə pillələri düşərək binadan çıxdı. Yalnız o gedəndən sonra qeyri-iradi ciblərimdə eşələndim, evin açarını tapıb qapını açdım. Əllərim açarı zorla tuta biləcək dərəcədə əsirdi.

İçəri keçən kimi Gülnarı çağırdım.

Lakin heç bir cavab almadım. Onu çağıra-çağıra otaqları, eyvanı, mətbəxi, vanna otağını gəzdim, heç yerdə yox idi.

Xalama zəng edib Gülnarın onun yanında olub-olmadığını soruşmaq istədim, amma o da cavab vermədi. Hirslənib telefonu divanın bir küncünə atdım, başımı əllərim arasına alaraq bütün bunlardan nə qədər yorulduğumu özümə az qala bir dəqiqənin içində min dəfə təkrar edərək gözlərimi sıxdım. Gicgahlarımda küt ağrı vardı, gözlərimə vururdu. Xüsusən də sol gözümün içindən beynimin içinə mil batırırdılar elə bil. Deyəsən, təzyiqim qalxmışdı.

  • Yorulmuşam... hamıdan, hər şeydən... – təkrar-təkrar pıçıldayırdım, sanki məni dinləyən və başa düşən biri vardı yanımda, ona güvənib sakitləşəcəkdim.

Telefonuma gələn mesaj səsinə başımı qaldırdım.

Bu dəqiqə mənə göndərilən bu mesajı necə gözləyirdim və bu mesajın kimdən, necə bir xəbər olacağını bilmədiyim üçün onu görməkdən necə qorxurdum, bir bilsəniz...

***

Bir azdan isə mən binamızın həyətində, evdən götürdüyüm viski şüşəsi əlimdə, ağır-ağır yağan bumbuz noyabr yağışının altında sevincdən, rahatlıqdan məst ola-ola maşınımın içinə girən iki alabəzək pişiyin mürgüləyib dincini almasını gözləyirdim. Onları oyatmağa ürəyim gəlmirdi. Bayaq həyəcanla maşını saxlayıb evə qalxanda qapısını açıq saxlayıbmışam. Pişiklər də yağışdan qorunmaq üçün mənim oturacağımda bir-birinə qısılıb xumarlanmışdılar.

Gülürdüm.

Mən bu dəqiqə dünyanın ən xoşbəxt adamı idim.

Aşiq olanda belə olur adam, səbəbsiz gülümsəyir daim, musiqisiz rəqs etmək istəyir, ürəyində baharın ilk günlərinin ilk havası olur, kənarda hansı fəsil olursa-olsun...

***

Telefonuma gələn zəngdən mən də, pişiklər də diksindik.

Tofiq idi.

  • Sən bir dənəsən! – deyirdi.
  • Sən də! – dedim.

Sonra pişiklər bir-birinin dalınca maşından düşüb yağışın altında başlarını boyunlarına sıxa-sıxa binanın girişinə doğru qaçdılar.

Mən isə sükan arxasına keçib maşını işə saldım və bir-birini əvəz edən romantik melodiyaların altında şəhəri dolaşmağa başladım.

Bir yerdə bir yaşlı qadını götürüb evinə apardım, başqa bir küçədə qucaqlarında körpə olan gənc ailəni poliklinikanın qabağından mikrorayona apardım. Sonra daha bir cütlük üçün saxladım maşını, islanmış gənclərin arxa oturacaqda bir-birlərinə qısılıb əvvəl məndən ehtiyat etdiklərinə, sonra isə asta-asta öpüşdüklərinə baxa-baxa bu dünyada sevgi adlı bir hissin var olduğuna sevindim...

Sonra isə Leyla zəng vurdu mənə, emalatxanamda olduğunu dedi.

  • Utanmaz, o nə rəsmdir çəkmisən? Lüt. Adam baxa bilmir.
  • Hmm, - güldüm, - sən niyə baxırsan ki? Məcbursan? Baxma da.
  • Baxmaq istəyirəm axı... – gülüb sonra əlavə etdi, - üzünə.
  • Onda gəlim, canlı-canlı bax, - mən də gülüb ikibaşlı cavab verdim.
  • Gəl, gəl, - qəhqəhə çəkdi.

Telefonu qapayıb yan oturacağa atdım. Lakin qırmızı işıqdakı fasilədə mənə gələn mesajı açanda o qədər güldüm ki, az qaldı idarəetməni itirib maşını bir dəstə qadının üstünə sürüm.

Leyla mənim çılpaq rəsmdəki bədənimə qıpqırmızı alt tumanı geyindirmişdi. Çəkmişdi yəni.

Qadınlar maşını əhatəyə alıb məni söyməyə başlamış və bütün hərəkəti pozmuşdular.

Mənsə xoşbəxt idim.

Çünki son üç-dörd saatdan bu yana bəlkə min dəfə açıb baxdığım bir mesajı oxuyurdum yenə.

“XOŞBƏXT OLACAĞAM, SÖZ VERİRƏM SƏNƏ.”

Gülnar yazmışdı bunu. Surxayla birlikdə mindiyi təyyarənin havaya qalxdığı anlarda...

(Davam edir)