2478
20:15
05 Dekabr 2019

“Paltosunu çılpaq bədəninə geyinərək...” - Bulud Qaranın gündəliyi39-cu BÖLÜM

Əvvəli: https://lent.az/news/332641

Səhv diaqnoz, düz qərar

- Səni sevirəm...
- Səni sevirəm...
- Səni sevirəm...
- Səni sevirəm...
- Bulud...
- Leyla...

Dəlilikdirmi sevgi? Ağılsızlıqdırmı ehtiras? Abırsızlıqdırmı sevişmək?
Kim bilir ki? Kim bilmir? Kim yaşamır?
Nəfəs-nəfəsə, qucaq-qucağa, iç-içə yaşadığımız anlardır axı həyat. Həyatı unutduğumuz, yaşamağı kənarda buraxdığımız, məsuliyyəti, nəticələri, qərarları düşünmədiyimiz anlardadır axı sevgi. Hisslərin bir-birini tamamladığı, ağlın yaxın düşə bilmədiyi, ruhun kimsənin eşitmədiyi bir nəhayətsiz musiqinin qoynunda ləngər vurmasıdır axı eşq...
Səndən gözəl nə var, Səma? Bulud üçün səndən gözəl nə var axı?
Səndən dəli kim var, Leyla?
Səndən əziz kim var axı?

Bilmirdim saat neçədir, bayırda hava necədir, aymı var, günmü var, ulduzmu var, buludmu var, küləkmi, yağışmı...
Mən vardım yer üzündə, sevdiyim qadın vardı, vəssalam.
Başqa heç nə yox idi, heç kim yox idi, heç nə baş vermirdi.

- Gülnara görə çox sevindim, Bulud, çox! Xoşbəxt olsunlar! – Leyla, əynində mənim üstünə rəng bulaşmış köynəklərimdən biri, nəm saçlarını barmaqları ilə çırpa-çırpa su damcılarını otağa səpələdi, sonra masanın üstündəki almalardan birini götürüb, dişlədi. Yanımda oturub, almanın dişlənməmiş üzünü ağzıma yaxınlaşdırdı, - sən də xoşbəxt ol.

- Mən? – təəccüblə ona baxıb, almanı dişləməyi də unutdum, - mən tək?
- Tək istəmirsən? – gülüb daha bir diş aldı almadan və yenə mənə uzatdı.

Bax, bu, qadın idi.

Tanrının mənim üçün yaratdığı, yaratdığı andan özünü də, məni də oyuna saldığı qadın. İndi o, əlində dişlədiyi alma, əynində mənim köynəyim, yanımda oturub ancaq özünə məlum olan hansısa bir sirli planın incəliklərini düşünə-düşünə, mənim narahatlığımı, şübhələrimi düşünməyə-düşünməyə, mənim yanımda olmayacağını mənə təklikdə xoşbəxtlik arzulaya-arzulaya alma yeyirdi. O bu gözəl dodaqlarını milyon illər idi ki, qıpqırmızı almaya yapışdırır, o ağappaq dişləriylə parça-parça onu qoparıb xırdalayır, udur, gözlərini qıyıb üzümə baxaraq uşaq şirinliyi ilə içini çəkir, mənim də alma yeməyimi istəyirdi.

Birdən mənə elə gəldi ki, bu dəqiqə bu almanı alıb dişləsəm, Leylanın ağlındakı gizli-sirli planın gerçəkləşməsi hökmünü vermiş olacağam. Və o bircə dişləm almanın şirin dadı mənim bütün gələcək həyatımı cəhənnəm zəhəri ilə dolduracaq...

- Leyla, sən neyləmək istəyirsən? – özümdən asılı olmayaraq onun biləyini sıxdım, alma yerə düşdü.
- Anlamadım, - biləyini əlimdən çəkib ağrıdığını bildirmək üçün ovuşdurdu, tərs-tərs mənə baxdı, - dəlisən? Bu nə deməkdir?
- Neyləmək istəyirsən, soruşuram! – səsimi bir az da qaldırdım.
- Psix!

Leyla acıqla yanımdan durub, dəhlizə sarı getdi. Mən adyalı üstümdən kənara atıb, onun dalınca getmək üçün ayağa durdum. Lakin tamam çılpaq olduğum üçün alt geyimimi axtarmağa başladım. Divanın ayaq tərəfində yerdən tapıb tələsik əynimə keçirəndə isə mənzilin qapısı çırpıldı. Hirsimdən nə edəcəyimi bilməyərək, sürətlə dəhlizə qaçdım. Leyla əynini belə dəyişmədən, mənim köynəyimi ayaqqabıların üstünə tullayıb, öz paltosunu çılpaq bədəninə geyinərək getmişdi.

- Dəlinin biri dəli! – deyə mən pəncərədən onun dalınca bağırdım, - tez qayıt bura! Qayıt deyirəm sənə!

Lakin o məni dinləmədi, heç mən onun məni eşidib-eşitmədiyini də anlamadım. Eləcə öz maşınına minib, sürətlə həyətdən uzaqlaşdı.

Siqaret yandırıb çəkməyə başladım. Başımı bulayıb gülümsəsəm də, bu təbəssümün isterikadan başqa nədənsə doğmadığını çox yaxşı anlayırdım.
Soyuq havadan üşüyüb pəncərəni başladım. Divana sarı gedəndə ayağm nəyəsə ilişdi və yıxılmaqdan özümü birtəhər saxlayıb oturdum. Ayağımın ilişdiyi “nəsə”nin yarısı yeyilmiş alma olduğunu görəndə başımı əllərimin arasına alıb bu anlardakı çarəsizliyimi bütün varlığımda hiss edə-edə ufuldadım. Otağa göz gəzdirdim. Şəkillər, rənglər, fırçalar...

Mənimlə üzbəüzə öz çılpaq rəsmim dayanmışdı. Daha doğrusu, Leylanın əyninə qırmızı alt tumanı “geyindirdiyi” rəsmim. İndi biz ikimiz də eyni vəziyyətdə idik, çılpaq, yorğun - mən və mənim rəsmim. Leylanın gözləri isə divanın arxasındakı divardan bizə baxırdı.
Doğrudanmı mən bu qadını itirəcəkdim? Doğrudanmı çıxıb gedəcəkdi, atacaqdı məni? Mənsiz necə yaşayacaqdı Leyla? Onsuz necə yaşayacaqdım mən?

Köksümü ötürüb uzandım.

Gözlərimi yumub özümü yenidən bir az əvvəl yaşadığım şipşirin hisslərin ixtiyarına verməyə çalışdım.
- Səni sevirəm... – pıçıltısı təkrar-təkrar, təkrar-təkrar dolaşdı beynimin içində, - Bulud... Bulud...

Sonra yuxu məni apardı.

***

Telefon zənginə ayıldım.

Sevincək zəngi açmağa tələsdim, lakin müstəntiqin nömrəsini görüb telefonu kənara tulladım. Axşam-axşam mənə niyə zəng edirdi ki? Zəhmət çəkib iş vaxtını gözləsin!
Lakin onun iş vaxtını gözləmək fikri yox idi deyəsən. Eləcə fasiləsiz mənim nömrəmi yığırdı.
Nəhayət bezmiş halda telefonu açdım və yorğun səslə dilləndim.
- Bəli.
- Bulud bəy, təcili şöbəyə gəlin!
- Axı...
- Fərrux özünü öldürüb!
- Nə?
- Gəlin!

O heç imkan vermədi soruşum ki, lap elə Fərrux özünü öldürübsə də, bunun üçün mənə niyə zəng edir görəsən? Mən təcili yardım deyiləm, molla deyiləm...

Paltarlarımı bir-bir tapıb geyindikcə yuxum da beynimdən təmizlənirdi və mən müstəntiqin məni niyə axtardığını anlayırdım. Axı mən onu əmin etmişdim ki, Fərrux, nə olursa olsun, intihar etməyəcək.

O elə məhz bunu mənə dedi:

- Mən sizə inandım! Mən sizə inandım e, təsəvvür eləyirsiniz? Adam isə getdi!
- Mən dediyimin üstündə dayanıram. O adam intihar edə bilməzdi.
- Amma edib! – deyə o hirslə mənim qolumdan çəkib dəhlizin bir tərəfinə itələdi və xərəkdə üstü örtülmüş meyiti təcili yardım maşınına aparan tibb işçilərinə yol verdi.
- Necə axı? Nə ilə?
- Bilmirik!
- Necə yəni bilmirsiniz? Asıb, kəsib, neyləyib axı?
- Heç nə bilinmir! – müstəntiq pərtliklə qəzəbin bir-birinə qarışdığı üz ifadəsi ilə başını yırğalayıb, telefonuna gələn zəngə cavab verdi, - Bəli! “Morq”da bilinəcək. Yox, heç bir kəsici alət olmayıb, heç bir dərman da olmayıb, heç kəslə də görüşməyib! Oldu!
- Məni niyə çağırmısınız? Həbs olunuram? – bezmiş halda soruşdum.
- Lazım olsa, o da olar! – müstəntiq dəhlizin başındakı kabinetinə sarı addımladı və məni də çağırdı, - gəlin, onunla danışdıqlarınızı bir də mənə danışın.

Fərruxla etdiyim bütün söhbətin istər video, istər audio versiyalarının olmasına o qədər inanırdım ki, müstəntiqin nə üçün o dəqiq materiallara baxmayıb məni təzədən bura çağırması bütün sinirlərimi qıcıqlandırmışdı. Leylanın hirsi də bir tərəfdən...

Mən Fərruxla olan söhbətimizi bitdə-bitdə müstəntiq üçün yenidən danışdım. Bəzi yerlərdə o, təkrar danışmağımı tələb etdi, bəzi yerlərdə əlavə suallar verdi, lakin məni dolaşdırıb onu qane edəcək heç bir yanlış informasiya almadığı üçün, hiss etdim ki, qanı da qaraldı.
- Mən sizə bir daha deyirəm, əmin olun ki, o adam özünü öldürməzdi!
- Yaxşı, bəs mən vurmadım, sən yıxılmadın, necə oldu bu adam iki daşın arasında canını tapşırdı?
- Mən hardan bilim? Həkimlər baxacaqlar da yəqin, doğru cavabı onlar biləcəklər.
- Bulud bəy, Bulud müəllim, nə bilim, Bulud qardaş, Bulud həkim...
- Doktor.
- Olsun Bulud doktor! – o, ayağa durub mənim qarşımda dayandı, masanın üzərindən üstümə əyilərək gözlərini gözlərimin içinə zillədi, - Fərrux öləndə sizi görmək istəyib.
- Məni görmək? – bütün bədənimdən qəribə gizilti keçdiyini hiss etdim, deyəsən qorxmağa başlayırdım artıq, - nə deyib ki?
- Deyib, doktoru çağırın, ona deməliyəm ki, o qadın...
- Hə? – mən maraq və həyəcanla gözlərimi müstəntiqin ağzına dikdim.
- Hə, hə də! – o qəddini düzəldib pəncərəyə sarı addımladı, həyətdə nə gördüsə, üz-gözünü turşudub dodaqaltı söydü, - şərəfsiz kopayoğlu.
- Mənə deyirsiniz? – mən onun kimi söydüyünü görə bilmək üçün özümü pərt olmuş kimi göstərib dik ayağa qalxdım, pəncərəyə sarı getdim, - utanmırsız?
- Sizə demirəm! - deyə o pəncərədən çəkildi, qarşıma gəlib, çölə baxmağıma mane olmağa çalışdı, - var bəziləri.

Bu vaxt ona zəng gəldi və fikri pəncərədən də, məndən də yayındığı üçün fürsət tapıb gözucu həyətə baxdım. Srağagün məni dindirən, sonra da Sehrbazı yaltaqlıqla qarşılayan müstəntiq idi, əl-qolunu ölçə-ölçə kimləsə telefonda danışırdı. Arada əlini sinəsinə qoyub təzim edirmiş kimi azacıq qabağa əyilib irişməsindən anlaşılırdı ki, yenə də kiməsə yaltaqlanır.
Kim bilir, bəlkə yenə də elə Sehrbazla danışırdı.

Müstəntiq telefonda söhbətini bitirib üzünü mənə tutdu:
- Mən təcili çıxmalıyam. Hadisə var. Yenə hansısa keçmiş ər tutub qadının boğazını kəsib, özü də uşağın gözü qabağında.
- Qısqanclıq zəminində, yəqin ki, - mən başımı yırğaladım.
- Off, off, off! – müstəntiq yorğun və acıqlı halda kabinetin qapısını açıb çıxmağım üçün mənə işarə etdi, - telefonu açıq saxlayın, zəng eləyəcəm.
- Buyurun, əlbəttə. Amma niyə axı...
- Ən azı ona görə ki, sizin mərhum Fərruxla ikinizin də tanıdığınız bir qadın var.
- Sənubər...
- Yox, bu qadın sağdır, hər kimdirsə!

Mən daha heç nə deməyib kabinetdən çıxdım.
O da növbəti zəngə cavab verməli olduğu üçün mənimlə əl və baş işarələri ilə tələsik sağollaşıb, sürətlə dəhlizin sonuna sarı addımladı.

Telefonuma gələn mesaj isə mənim bütün düşüncə xaosuma son nöqtəni qoydu: “MÜTLƏQ GÖRÜŞMƏLİYİK. SƏNİN EVİNDƏ”

Sevda idi yazan...

(Davam edir...)