572
11:06
06 Dekabr 2019

"Futbolumuz get-gedə geriləyir" - Veteran məşqçi

Apasport.az saytı daha bir rubrikaya start verir. Bu dəfə "Mütəxəssis baxışı" adı altında ölkə idmanında baş verən gündəm hadisələri, çatışmayan cəhətləri, problemləri mütəxəssislərlə müzakirə edəcəyik.

İlk müsahibimiz vaxtilə futbol üzrə Azərbaycan millisində köməkçi məşqçi olmuş, müxtəlif klubları çalışdırmış veteran məşqçi Nadir Qasımovdur. 70 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasının hazırkı durumuna, cari mövsümdəki mübarizəyə, azarkeş marağına və bir çox məsələlərə münasibət bildirib.

"Desəm ki, çempionatımız maraqlıdır, yalan olar"

- Premyer Liqada ilk yarı bitmək üzrədir. Geridə qalan 13 tur sizdə hansı təəssüratı yaratdı?

- Açığı, oyunları əvvəlki həvəslə izləmirəm. Desəm ki, çempionatımız maraqlıdır, yalan olar. Sadəcə, qısamüddətli mübarizələr gedir. Çempionat o vaxt maraq doğurar ki, derbi çəkili oyunlar çox olar. Həm də oyunların boş tribunalar önündə keçməsi Premyer Liqaya olan marağı göstərir. Çünki dünya futbolunda olan oyun səviyyəsini Azərbaycanda görə bilmirik. Bu da həvəsin get-gedə itməsinə səbəb olur. Futbolumuz get-gedə geriləyir.

- "Qarabağ"ın liderlik etməsi yəqin ki, sürpriz deyil. Bəs "Keşlə"nin ikinci yer uğrunda "Neftçi" ilə başabaş mübarizə aparmasını gözləyirdinizmi?

- Elə problem də "Qarabağ"ın 6 ildir çempion olmasıdır. Bu özü çempionatın hansı səviyyədə olduğunu göstərir. Təsəvvür edin, mövsümün əvvəlindən çempion bəllidir və yalnız 2-3-cü yerlər uğrunda mübarizə gedir. "Qarabağ" artıq avrokubokların qrupunda daim yer alan əsl Avropa komandasıdır. Ancaq onların belə, yeni qana, yəni futbolçulara ehtiyacı var. O ki qaldı "Keşlə"nin uğurlu çıxışına, düzü, buna təəccüblənmirəm. Bu komandaya uzun illər səviyyəli əcnəbi məşqçilər rəhbərlik edib. Oranın öz dəst-xətti var. "Keşlə"nin sonuncu yeri tutması mənim üçün sürpriz olardı. Bilirsiniz ki, bu klubun əvvəlki adı "İnter" olub. Yəni onlar 8 komanda arasında ən qocalardandır.

"Sopiçi gətirməklə qəbul edirik ki, futbolumuzun səviyyəsi aşağıdır"

- Çempionatımızın yeganə derbisi "Qarabağ" - "Neftçi" oyunları sayılır. Bu komandaların duellərindən həzz ala bilirsiniz?

- Əlbəttə ki, xeyr. Bunu əvvəlki illərdə keçirilən derbilərlə heç müqayisə etmək olmaz. Bu gün Azərbaycanda heç bir komanda "Qarabağ"a rəqib ola bilməz. İstər maliyyə, istər məşqçi işi, istər oyunçu səviyyəsi baxımından "Qarabağ" digərlərindən çox öndədir. Qurban Qurbanov çox inkişaf edib və daim də axtarışdadır. Ən əsası, kollektiv içində möhkəm ailə yaradıb. "Qarabağ" çempionatı bir ayaqla keçirir.

- "Sabah" böyük maliyyə dəstəyinə baxmayaraq, hazırda 6-cı pillədə qərarlaşıb. Bu komandanın uğursuzluğunu nə ilə əlaqələndirmək olar?

- Baş məşqçini tez-tez dəyişmək, əlbəttə ki, nəticəyə də təsir edəcək. Məncə, Elşad Əhmədova sona qədər işləmək imkanı verilməli idi. Bizim klub rəhbərləri yalnız məşqçini görürlər, ancaq onun fikirlərini tamamlamaq istəmirlər. Azərbaycanlı məşqçi heyətdə islahat aparmaq istəyəndə, ona bu imkan verilmir, başlayırlar ki, futbolçu bahadır.

- "Sabah" yeni baş məşqçisini yalnız 12-ci turdan sonra tapa bildi. Başqa klubda köməkçi məşqçi kimi çalışan Jelko Sopiç o qədər böyük mütəxəssisdir ki, onu təyin etmək bu qədər zaman aldı?

- Baş məşqçi ilə köməkçinin rolu tam başqadır. Asan olsaydı, hamı elə baş məşqçi işləyərdi. Mən 7 il köməkçisi kimi çalışdıqdan sonra baş məşqçiliyə keçmişəm. Bu gün isə futbolçular karyeralarını bitirən kimi, baş məşqçi olmaq istəyirlər. Ömür boyu köməkçi olan birini baş məşqçi kimi gətirməklə özümüz qəbul edirik ki, Azərbaycan futbolunun səviyyəsi aşağıdır. Elə baş məşqçi gətirmək lazımdır ki, təkcə əsas komandanı yox, uşaq futbolunu yüksəltmək üçün də proqramı olsun. Məsələn, "Keşlə"də məşqçi heyətinin gəncləşdirilməsi, futbolçu karyerasını bitirənlərin oxuyub, lisenziya alması yaxşı haldır. Nəticədə "Keşlə" bir neçə yaş qrupunda birinci yerdə gedir.

"Dilimə görə bir dəfə "yanmışam"

- Mövsüm yarılanmamış 8 kubdan 3-ü baş məşqçisini dəyişib. Üstəlik, hər üçü yerli mütəxəssis olub...

- Azərbaycanda komanda 1-2 oyun uduzan kimi, rəhbərlik yeni məşqçi axtarmağa başlayır. Dilimə görə bir dəfə "yanmışam", eybi yox, ikinci dəfə də "yanaram". Daha qorxum yoxdur, 70 yaşım var, bundan sonra mənə müraciət edən olmayacaq. Biz o vaxt bugünkü imkanların heç xəyalını qura bilməzdik. Ən çox maaş alan futbolçu 250 manat qazanırdı. Amma indi futbolçular heç də pis yaşamırlar. Bunun fonunda yerli məşqçilərə ümid bağlamırlar, onların inkişafının qarşısını alırlar. Heç kim Azərbaycan futboluna bizim özümüz qədər "yanmayacaq". Xaricdən gələn pulunu alıb qoyur cibinə, rahat istədiyini edir. "Sabah"ın yeni baş məşqçisi komandanı tanıyana, fikirlərini həyata keçirənə qədər mövsüm başa çatacaq. Hətta 2 il də keçsə, istədiyini edə bilməyəcək. Bir komandanı qurmaq üçün ən azı 3 il vaxt lazımdır. "Qarabağ" Qurbanı gətirən kimi çempion olmadı ki. Neçə il səbir etdilər, o da sistemini qurdu, çempionluqlar ard-arda gəldi.

- Söhbətin əvvəlində dediniz ki, çempionat oyunları boş tribunalar önündə keçir. Azarkeşləri qınamaq olar?

- Xeyr, azarkeşləri qınamağa ixtiyarımız da yoxdur. 1995-ci ildə "Xəzri Buzovna"da işləyəndə oyunlar vaxtı stadion tam dolurdu, camaat qapıların arxasında, paltardəyişmə otaqlarının üstündə dayanırdılar. İndi əksər qəsəbələrdə - Maştağada, Buzovnada klub yoxdur. Futbolu bu cür yerlərdə inkişaf etdirmək lazımdır ki, insanlar oyunlara gəlsinlər.

- Maştağa da, Buzovna da Bakı sayılır. Hazırda isə Premyer Liqada 8 klubdan 6-sı paytaxtda oynayır. Rayonlarda futbolu "diriltmək" daha yaxşı olmaz?

- Tamamilə doğrudur. Mingəçevir, Lənkəran, İmişli, Şəmkir, Tovuz kimi yerlər Premyer Liqada təmsil olunmalıdır. Vaxtilə yüksək liqada 26 komanda olardı, indi isə 8-ni güclə saxlayırıq.

"Ölmədən yığmanı dünya çempionatında görmək istəyirəm"

- "Sabah"ın "Qarabağ"la son matçında lotereya oynanıldığı üçün insanlar tribunaya axın etmişdilər. Ancaq fasilədə lotereya keçirildikdən sonra çoxu stadionu tərk etdi. Azarkeşləri bu cür yolla stadionlara cəlb etmək lazımdır, yoxsa oyunla?

- Deməli, camaat stadiona lotereya oynamağa gəlir. Əslində hər ikisi lazımdır. 2-3 dəfə lotereya yolu ilə gəlsələr, komandanın oyununa maraqları artacaq və hər dəfə gələcəklər. Təbii ki, azarkeşin diqqətini ilk növbədə meydandakı oyunla cəlb etmək lazımdır. Maraq yaratmaq üçün lotereya sistemini ortaya atırlar. Yadıma gəlir, "Neftçi"nin əla vaxtlarında da stadionda maşın uduşa qoyardılar. Xaricdə uşağı niyə 5 yaşında futbola yazdırırlar? Bir il həmin uşaqda futbola sevgi yaradırlar. Azarkeşi də stadiona çəkmək lazımdır.

- Bayaq gənc mütəxəssislərin futbolçu karyerasını bitirdikdən sonra lisenziya alıb uşaq futbolunda məşqçiliyə başlamalarını dəstəklədiyinizi dediniz. Bəs yaşlı məşqçilər niyə kənarda qalırlar? Bəlkə yaşlılar müasir futbolla ayaqlaşa bilmirlər?

- "Qarabağ"dan başqa, hansı komandamız bu gün müasir futbol oynayır? Futbolun bütün sirlərini hər adam bilmir. Görürsən ki, kimsə 32 yaşında karyerasını bitirir və hansısa kluba baş məşqçi təyin olunur. Axı hansı istedada maliksən ki, birdən-birə bu işə qol qoyursan? Mən seminarlarda həmişə gənclərə deyirdim ki, birdən-birə baş məşqçi işləməyə tələsməyin. Mən illərdi bu sahədəyəm, futbolun bəzi sirlərini öyrənməyə çatdıra bilmirəm. Yaşlı məşqçilərdən nəyisə soruşmaqdan utanmasınlar. Bilməmək ayıb deyil, öyrənməmək ayıbdır. Şəxsən mən hansısa klubda köməkçi kimi də işləsəydim, orada öz sözümü deyərdim, uşaq futbolu ilə bağlı biliyimi gənc məşqçilərlə bölüşərdim. Çatışmayan məqamlarda kömək edərdim. Məgər bunun nəyi pisdir? Mənim kimi nə qədər məşqçi işsizdir. Bizim kimi futbol adamlarından imtina etmək lazım deyil.

- Deyəsən, hələ də futboldan doymamısınız...

- Futboldan doymaq olar? Ən böyük arzum ölmədən Azərbaycan yığmasını dünya və ya Avropa çempionatında görməkdir. İnşallah, klublarımızın sayı da artar. Kifayət qədər stadionumuz var, onları doldurmaq lazımdır. Hörmətli prezidentimiz İlham Əliyev idmana lazımınca qayğı göstərir. Əminəm ki, hansısa rayondan, bölgədən nümayəndələr gəlib xahiş eləsə ki, bizim üçün stadion tikilsin, ölkə başçısı buna biganə qalmaz. Belə bir fürsətdən yararlanmamaq öz qəbahətləridir.