569
11:34
06 Dekabr 2019

Azərbaycan Kubokunun qalibi Avropa Liqasına bu mərhələdən başlayacaq

Avrokubokların 2020/21 mövsümü üçün komandaların ölkələr üzrə bölgüsü açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçilərinin qitə miqyaslı turnirlərdə hansı mərhələdən mübarizəyə qoşulacağı da dəqiqləşib.

Premyer Liqanın qalibi olacaq komanda Çempionlar Liqasının I təsnifat mərhələsində qüvvəsini sınayacaq. Çempionatın gümüş və bürünc mükafatçıları Avropa Liqasında I təsnifat mərhələsində meydana çıxacaq.

Ötən mövsümlə müqayisədə əsas dəyişiklik kubok sahibi ilə bağlıdır. Azərbaycan kubokunu başı üzərinə qaldıracaq komanda da Avropa Liqasında I təsnifat mərhələsində oynayacaq. Hərçənd ötən il kuboku qazanan “Qəbələ” cari mövsümə daha gec qoşulmuşdu. “Qırmızı-qaralar” II təsnifat mərhələsindən mübarizəyə başlamışdı.

Bu dəyişikliyə səbəb Azərbaycanın UEFA reytinqindəki mövqeyini əldən verməsidir. 2018-ci ilin yayında Avropada 23-cü olan ölkəmiz bu yay 26-cı idi. Bu geriləmə də kubokun sahibinin taleyinə təsir edib.