6124
16:37
07 Dekabr 2019

“Qəfil dedilər, prezidentimiz evimizə gəlir, dedim tez süfrə açın” – Səbuhi Məmmədli Şamaxıdan yazır - FOTOLENT

“15-20 dəqiqə söhbət etdi bizimlə, elə bildim dünyanın ən böyük romanını danışdı. Adam nə qədər sadə olarmış? İnan, bala, elə bildim ki, bizim ailənin bir üzvüdü, neçə vaxtdı”.

Bunu 75 yaşlı Xuraman Həsənova deyir. Və...

Və hələ də Prezident İlham Əliyevin qəfil onun evinə gəlməsinin, onu ziyarət etməsinin təsiri altındadı.

Hə, Prezident son Şamaxı səfəri zamanı Nəsimi yurdunda “Asan xidmət”in yeni şöbəsinin və digər obyektlərin açılışını etməklə bərabər, məlum zəlzələdən əziyyət çəkən və hazırda yeni, tam təmirli binaya köçürülən Həsənovların da ailəsində oldu.

Yeraltı təkanlar zamanı dağılıb yararsız hala düşən evlərin yerində yenilərinin inşası mümkün olmadığına görə, şəhərin 20 Yanvar küçəsində inşa olunan 4 mərtəbəli, 44 mənzilli, 2 girişli binanın tikintisi artıq başa çatıb. Prezident İlham Əliyevin iştirakı ilə bina sakinlərin istifadəsinə verilib.

Zəlzələdən öncə bu ərazidə 1 mərtəbəli 18 mənzilli “bina” yerləşib. Əgər bina demək olarsa. Və heç bir infrastrukturu olmayan bu “bina”nın yerində, şəkillərdə də gördüyünüz kimi, modern yaşayış binası ucaldılıb. Paytaxt Bakıda belə həsəd aparılacaq bir bina. Kombi sistemindən tutmuş, mətbəx mebellərinə qədər təchiz edilib bütün mənzillər.

Zəlzələ Şamaxını pis titrətmişdi. Fövqəladə Hallar Nazirliyinin zəlzələ bölgəsi üzrə qərargah rəisi Həsən Qasımzadənin dediyinə görə, həmin vaxt dəymiş ziyanla bağlı 10650 vətəndaş komissiyaya müraciət etmişdi.

- Nazir Kəmaləddin Heydərov göstəriş vermişdi ki, hər bir sakinlə təkbətək görüşün. Hamının şikayətini bir-bir dinləyin. Biz 10609 evə baxış keçirdik. Müvafiq aktlar tərtib etdik. Komissiyanın rəyinə görə, region üzrə 580 ev qəzalı hesab edildi, 2086 evdə bərpa işlərinin aparılması nəzərdə tutuldu. 4826 evdə təmirə ehtiyac olduğu komissiya tərəfindən təsdiq olundu. Bu günə kimi 453 fərdi ev tikilərək vətəndaşların istifadəsinə verilib. 127 evdə isə tikinti davam edir. Onlar da bu ilin sonuna kimi istifadəyə veriləcək. 2806 evdə bərpa işləri davam etdirilir. Onlardan 1798-də işlər yekunlaşıb, yaşayış var. 191 evdə isə tamamlanma işləri davam etdirilir. Bundan əlavə, Aşıq Məmmədağa küçəsində 110 mənzilli 3 binanın ilin sonuna təhvil veriləcəyi gözlənilir…

Və bütün bu işlər birbaşa cənab Prezidentin diqqətindədir. Şamaxıya son səfəri zamanı da indiyədək görülən işləri şəxsən özü yoxlamaq qərarına gəlmişdi dövlət başçısı.

- Dedilər ki, prezident gəlir. Dedim, ay Allah, Prezidentimiz mənim evimə gəlir, tez süfrə açın. Bir də gördüm ki, girdi içəri. Kəmaləddin müəllim də yanında. Vəziyyətimizlə maraqlandı əvvəlcə. Soruşdu ki, siz hansı şəraitdə yaşayırdınız? Oğlum dedi ki, acınacaqlı vəziyyətdəydik. Dedi, bilirəm, hər şeydən xəbərim var. Qayıtdı ki, biz evsiz-eşiksiz qalmış insanların problemlərini həll etməli idik, bu, bir Prezident kimi mənim borcumdu. Mən də dedim ki, yuxuda görmüşdüm ki, təzə mənzilə köçəcəyik, Prezident də mənim mənzilimə qonaq gələcək. Yuxum çin çıxdı, şükür. Dedim, ömrüm boyu sənə dua edəcəm, cənab Prezident. Belə bir günü bizə qismət etdiyinə görə, Allahıma minnətdaram.

Xuraman xanımın oğlu Fərdar Həsənov deyir ki, bu gəliş, onlar üçün də gözlənilməz oldu.

- Bilirdik ki, cənab Prezidentin diqqətindəyik. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da sağ olsunlar, gecə-gündüz çalışıblar. Zəlzələ nəticəsində dağılan evlər onsuz da bərbad vəziyyətdə idi. Yaşayışa yararlı deyildi və istismar müddəti bitmişdi. İndi şərait əladır. Hər bir şəraiti - istilik sistemi, qazı, suyu, işığı var. Otaqlar genişdir və tələbata uyğundur.

Prezidentlə Həsənov ailəsinin görüşü zamanı bir maraqlı məqam da yaşanıb. Dövlət başçısı Şamaxının seysmik rayon olduğundan danışıb. Deyib ki, ona görə burada zəlzələlər tez-tez baş verir, özü də dağıntılar törətmiş zəlzələlər. İnsanlar da həlak olublar bu zəlzələlərdə. Amma bu dəfə xoşbəxtlikdən heç bir bədbəxt hadisə baş verməyib, hər kəs sağ-salamatdır. Sitat: “Əvvəlki dövrlərdə bütün binalar uçub-dağılmışdı, təkcə məscid qalmışdı. Məscidi elə tikmişdilər ki, həm zəlzələ, həm erməni vandallığı heç bir təsir edə bilmədi. İndi mən bütün mötəbər tədbirlərdə bu məscidin adını çəkirəm”.

Xuraman xanım isə Prezidentə deyib ki, sən demə, onun atası Rəcəb kişi, o məscidə görə Moskvaya xeyli məktub yazıbmış, sovet dövründə. Fotolarını belə çəkib göndəribmiş ki, bu məscidi insanlara qaytarsınlar.

- Amma atam bu günləri görmədi. Məhz Prezidentimizin, Mehriban xanımın səyi nəticəsində Şamaxı məscidi, yenidən bərpa olundu, indi durur.

Prezident qonaq getdiyi evdə onu da bildirib ki, Şamaxı rayonunun kompleks inkişaf planı artıq təsdiqlənib. Sitat: “Mənim bir neçə sərəncamım olmuşdur, həm yolların tikintisi, həm də kommunal texnikanın alınması ilə bağlı. Burada qar yağanda bəzi yollar keçilməz olur. Ona görə, kommunal texnika, müasir sərnişin avtobusları, müasir təcili tibbi yardım maşınları alınacaq. Ondan sonra dayanacaqlar, şəhər təsərrüfatı tamamilə yenilənəcək. İstəyirəm biləsiniz ki, təxminən 4-5 aydan sonra şəhərin su problemi də tamamilə öz həllini tapacaq. Şamaxıda su problemi artıq həll olunur”.

Xuraman xanım deyir ki, Prezidentə bildirdim, bizdə su problemi sayənizdə artıq həll olunub, hər evdə su var.

- Qazımız, işığımız, yolumuz var. Allah köməyiniz olsun. Allah sizi qorusun.

- Bəs sağollaşanda sizə nə dedi?

Xuraman xanım gülür.

- Dedim, mənim yuxumu çin çıxardın. Mən ağzı dualı adamam. Ömrüm boyu duaçın olacam. Bilirsən, oğlum, bu qədər sadəlik olmaz. Ölkənin rəhbəri Xuramanın evinə gəlir, çayını içir, dərdiylə, vəziyyətiylə maraqlanır. Allah hər bir dövlətə belə bir Prezident nəsib eləsin. Vallah, biz xoşbəxt xalqıq. Ən ağır vəziyyətimiz idi də, ev yox, eşik yox. Qəfil Prezidentimiz deyir ki, bu dövlət ölməyib, öz vətəndaşını sahibsiz qoymaz. Necə ki, qoymadı...