685
19:16
07 Dekabr 2019

Üç taekvondoçumuzdan iki medal: Milad və Radik ilk üçlükdə

Rusiyanın paytaxtı Moskvada keçirilən taekvondo üzrə Qran-pri turnirinin final mərhələsində çıxış edən Azərbaycan təmsilçiləri yarışı başa vurublar.

Apasport.az saytının məlumatına görə, idmançılarımız iki medal qazanıblar.

Milad Beigi Harçeqani (80 kq) brazilaylı Migel Martinsi və özbəkistanlı Nikita Rafaloviçi məğlub edərək finala vəsiqə qazansa da həlledici döyüşdə Rusiya təmsilçisi Maksim Kramtçova məğlub olaraq turniri gümüş medalla başa vurub. Radik İsayev (+80 kq) isə bürünc medalla kifayətlənib.

Yalnız Cavad Ağayev (68 kq) Moskvadan medalsız ayrılıb. O, ilk döyüşündə britaniyalı Bredli Sindenə məğlub olaraq yarışı erkən tərk edib.

Qeyd edək ki, 42 ölkədən 128 taekvondoçunun qatıldığı yarışlar Moskva şəhərinin "Dinamo" idman arenasında keçirilib. İlk pillədə yer alan idmançı aktivinə 80, ikinci yer 48, üçüncü yerə sahib olan idmançı isə 28.8 reytinq xalı əlavə edir.