9408
11:07
09 Dekabr 2019

Azərbaycanda yağışlı hava nə vaxta qədər davam edəcək? - RƏSMİ AÇIQLAMA

“Gün ərzində ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunacaq”.

Bu sözləri Lent.az -a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var:

“Ayrı-ayrı bölgələrdə isə yağıntının intensiv xarakter olacağı ehtimal olunur. Lakin artıq axşama doğru yağıntılar tədricən kəsiləcək.

Sabah gün ərzində ölkə ərazisinin əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi şərq rayonlarında isə yağış yağacağı gözlənilir.

Abşeron yarımadasında ayın 10-u havanın dəyişkən buludlu, çiskinli, dumanlı olacağı, arabir tutulacağı gözlənilir. Axşam saatlarında isə yağış yağacağı ehtimalı var”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata əsasən, dekabrın 9-u saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq ərazilərdə qar yağıb.

Düşən yağıntının miqdarı Zabratda 20 mm (aylıq normanın 68 faizi), Sumqayıtda 16 mm (aylıq normanın 60 faizi), Maştağada 14 mm (aylıq normanın 41 faizi), Bakıda 13 mm (aylıq normanın 44 faizi), Binədə 11 mm (aylıq normanın 38 faizi), Neft Daşlarında 14 mm (aylıq normanın 66 faizi), Çilov adasında 3 mm, Pirallahıda 2 mm, Naxçıvan MR-da 3-12 mm, Lənkəran-Astara zonasında 2-6 mm, Mərkəzi Aran rayonlarında və Balakən-Şəki bölgəsində 1-8 mm olub.

Qar örtüyünün hündürlüyü Ağdərədə 9, Daşkəsəndə 6, Qırızda 4, Gədəbəy, Şahdağda 2, Sarıbaş, Göygöldə 1 sm təşkil edib.