2156
writer1

Şərif Ağayar

Məqalə sayı

17
11:29 14 Yanvar 2020

Sosial şəbəkələrin daha bir üstünlüyü - Şərif Ağayar yazır

Əsərin bədii effektinə nail olmaq üçün ekspozisiyanın qurulması ən vacib şərtlərdən biridir. Ekspozisiya sənətkarın sözünü demək üçün yaratdığı şəraitdir. Təxminən əsərin dəhlizidir.

Biz hadisələrin gedişində xarakterləri açılacaq və ya işarələri çözüləcək obrazlarla kompozisiyada tanış olur və onlarla uzun bir “yola çıxırıq”.

Ekspozisiya bəlkə də əsərin ən çətin hissəsidir. Sənətkar burada elə bir atmosfer yaratmalıdır ki, oxucunu ağuşunu alıb aparsın. Bacarmasa, bəri başdan məğlubdur!

Bir misal deyim. Lokal lətifələri göz önünə gətirin. Hansısa bölgə ilə bağlı, yaxud hansısa peşə sahibləri ilə bağlı öz yerlərində və öz aralarında gülüş doğuran lətifələri deyirəm...

Bəzən kənar adam üçün gülməli görünmür. Çünki ekspozisiya yoxdur. Sadə desək, biz o adamları yaxından tanımırıq və o yerin, o peşənin özəlliklərini, incəliklərini bilmirik. Əgər tanısaq və bilsək mütləq bizə də gülməli gələcəkdir.

Sosial şəbəkələrin bir üstünlüyü var ki, biz burdakı adamların çoxunu tanıyırıq, vəziyyətin spesifikasını anlayırıq. Ona görə qarşımızda hazır kompozisiya var. Qalır vəziyyıətə uyğun deyilən bir söz, paylaşılan bir foto, bir video...

Yadınızdadırsa, “Bozbaş” Picturers"in rəhbəri İlkin Həsənli “Çernobl” serialının linkini yüksək təqdimatla paylaşmışdı, kimsə girib altına rəy yazmışdı ki, özün belə seriallara baxırsan, bizə də Fəlakətlə Qılmanı təqdim edirsən. Rəyə minlərlə “like” gəlmişdi.

Dediyim kimi, ekspozisiyası hazır bir situasiyadır bu.

Yaxud, bu yaxınlarda müğənni Cavanşir Məmmədovun “Mənim İbrahim Tatlısəsdən nəyim əskikdir?” başlıqlı linkinin altına yazılan komment doğrudan-doğruya adamı vəcdə gətirir: “Başının gülləsi!”

Bu komment İbrahim Tatlısəsin başından vurulmasına eyham vuraraq həm də xalq arasında bivec adamlara deyilən “Bircə başının gülləsi çatmır” ifadəsinə incə bir göndərmədir. Üstəlik, sonuncu diskinin üstünə “İmperator” yazdıran və Tatlısəssayağı bığ qoyan, üstəlik “kriminal aləm”lə yaxınlıq edən Cavanşir müəllimin daşını-daş üstündə qoymur.

Misalları uzada bilərəm, lakin məni anladığınıza əmin olub son cümləmi klavyaturaya döyəcləyirəm: bədii əsərin bu sayaq həyat gerçəklərindən fərqi və çətinliyi ondadır ki, ekspozisiyanı özün yaratmalı, effektiv vəziyyət üçün şəraiti özün qurmalısan.

Bu, düşündüyümüz qədər də asan məsələ deyil.