986
15:38
14 Yanvar 2020

Qorxulu poliomelit xəstəliyi Azərbaycanda yayıla bilərmi? - RƏSMİ

“Bütün dünya poliomielit xəstəliyinin qlobal ləğvinə doğru gedir”.

Bu sözləri Lent.az -a açıqlamasında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. O bildirib ki, hazırda dünyanın yalnız üç ölkəsində sözügedən virus qalıb:

“Poliomielit olduqca təhlükəlidir və əsasən 5 yaşa qədər uşaqlar arasında yayılaraq sinir sistemini iflic edir. Azərbaycanda isə bu xəstəliyin yayılmaq ehtimalı yoxdur. Belə ki, ölkədə 1996-cı ildən sonra poliomielit xəstəliyi qeydə alınmayıb. Həmçinin Dünya Səhiyyə Təşkilatı 2002-ci ildə Azərbaycana poliomielitdən azad statuslu region kimi sertifikat verib”.

Qeyd edək ki, AZƏRTAC-ın yaydığı məlumata görə, Dünya Səhiyyə Təşkilatının (DST) fövqəladə hallar komitəsi birinci tip poliovirusa yoluxma hallarının kəskin artması ilə əlaqədar narahatlığını bildirib. 2018-ci ildə 28 yoluxma qeydə alındığı halda, 2019-cu ildə həmin göstərici 113-ə çatıb.

Bu baxımdan Pakistanda və Əfqanıstanda xüsusilə təhlükəli vəziyyət yaranıb. DST-nin bəyanatında vurğulanır ki, dünyada hətta bircə nəfər poliovirusa yoluxmuş şəxs varsa, bu, planetimizin bütün uşaqları üçün təhlükə mənbəyidir.

Poliovirusa yoluxanların təqribən 10 faizi nəfəs yollarının iflici üzündən ölür. Poliomielitin müalicəsi yoxdur, lakin OPV vaksininin köməyi ilə bu xəstəliyin qarşısını almaq mümkündür.