8686
writer1

Samirə Əşrəf

Məqalə sayı : 30

10:49 17 Yanvar 2020

Başıma Çingiz Abdullayevlə bağlı qəribə bir əhvalat gəldi

Yaşı altmışı haqlamış, yüzlərlə detektiv əsərin müəllifi, şəninə min cür tərifnamələr yazılan və adı ciddi ədəbiyyatdan daha çox katibi olduğu Azərbaycan Yazıçılar Birliyinin pul-para qalmaqallarında hallanan Çingiz Abdullayev ixtisasca hüquqşünasdır. Deyəsən, ixtisası onun təkcə detektiv yazıçı kimi köməyinə çatmır. O, bəzən həyatda da özünü xəfiyyə kimi aparır.

Azərbaycan Pen-Klubu, 26-lar kafesi, AYB-yə ayrılan pulların xərclənməsi məsələlərini ciddi araşdırsanız, nə dediyimi tutacaqsınız.

Bu yaxınlarda isə şəxsən mənim başıma Çingiz Abdullayevlə bağlı qəribə bir əhvalat gəldi. Demək, Rəşad Məcid APA -ya müsahibə verib və orda detektivi ədəbiyyat saymadığını söyləyib. Ardınca isə Çingiz Abdullayevdən danışıb. Məntiqi nəticə nədir? Detektiv ciddi ədəbiyyat deyilsə, onu yazan da ciddi yazıçı deyil. Yox? Bəlkə səhv edirəm?

Mən də müxbir vəzifəmi icra edərək, Çingiz müəllimdən məsələyə münasibət öyrənmək istədim və ona Facebook üzərindən yazılı sual göndərdim. Xatırladım ki, Çingiz müəllimdən arada inboxdan açıqlamalar alıram. Sualı ümumiləşdirərək belə ifadə etdim ki, Rəşad Məcid sizin yazdıqlarınızı ciddi hesab etmir, bu barədə nə deyə bilərsiniz? Çingiz müəllim isə suala cavab vermək əvəzinə, diqqətlə susdu. Düşündüm ki, görünür sualım onun xoşuna gəlməyib və yaxud da cavablandırmaq istəmir. Heyhat! Sən demə, sualımı olduğu kimi kopyalayaraq Rəşad Məcidə göndərib. Və təbii ki, mənə cavabı Çingiz müəllim yox, Rəşad müəllim verdi. Həm də giley-güzarla...

Maraqlıdır, dünya şöhrətli bir yazıçı kiminsə onu ədəbiyyat saymamasından niyə bu qədər ehtiyatlanır? Nə üçün belə narahatdır?

Eyni təşkilatın rəhbərliyində təmsil olunma faktından istifadə edib niyə məsələni şəxsiləşdirir?

Olmazdımı, cavabında “O, ümumi danışıb, gedin, yaxşı oxuyun” deyəydi, mən də etiraf edəydim ki, sualı ümumiləşdirmişəm. Beləliklə, Fb xəfiyyəliyinə də ehtiyac qalmazdı?

Eyni vaxtda, adı həmişə qeyri-ciddi ədəbiyyatın nümayəndəsi kimi Çingiz Abdullayevin yanında çəkilən Varis Yoçuyevin isə başqa bir oyununu müşahidə etdim.

Ötən həftə hörmətli Varis bəy London ədəbiyyat mükafatının 50 nəfərlik şort-listinə düşdüyünü açıqladı. Hətta, Kulisə verdiyi müsahibədə həmin əllilikdə Den Braunun da təmsil olunduğunu söylədi. Sonradan məlum oldu ki, ondan başqa daha iki azərbaycanlı yazıçının da adı həmin siyahıda var və nədənsə Varis bəy bu adamları görməyib.

Bundan da dəhşətlisi isə odur ki, biz internetdən İngiltərənin nüfuzlu mükafatları olan saytı tapdıq və o siyahıda Varis bəyin söylədiyi mükafatın adına rast gəlmədik.

Bütün bunlar nədən ötrüdür?

Azərbaycandakı mütəxəssislər heç nə bilmir də, Çingiz Abdullayev və Varis dünyada özünü sübutmu edir? Hələ üstəlik müsahibələrində müdrik-müdrik danışırlar. Onların tirajına sözüm yoxdur. Dünyanın hər yanında olduğu kimi bizdə də detektivin və sarı ədəbiyyatın oxucuları çoxdur. Olsun. Düzdür, mən həmin oxucuların nə zamansa təkmilləşib Viktor Hüqonu, Lev Tolstoyu, Mirzə Cəlili, Həmid Herisçini oxuyacaqlarına o qədər də inamlı deyiləm, amma bütün hallarda onların oxucuları pis iş görmürlər, kitab oxuyurlar. Sadəcə, bir məsələdə ehtiyatlı olaq: oxucunu aldatmaq bir yerəcəndir!

İndi dünya balacadır. Başını harda gizlətsən də bədənin çöldə qalır. İstər Fb olsun, istərsə də London premyası...