33250
14:53
17 Yanvar 2020

"Viski" əməliyyatının tələbə qurbanı - "Oğlumun heç bir günahı yoxdur..."

Ötən həftə saxta spirtli içki istehsal etməkdə şübhəli bilinən dəstənin saxlanılması barədə məlumat vermişdik. Saxlanılanlar arasında 20 yaşlı İsmayıl Talıblının valideynləri Lent.az -a danışaraq, övladlarının günahsız olduğunu deyiblər.

İ.Talıbovun atası Nazim Talıbov deyir ki, oğlunun saxlanılma xəbəri ona bir gün sonra verilib:

“Yanvarın 10-u axşam saat 9-a işləyirdi, el arasında deyildiyi kimi “zerkalnı” nömrələrdən oğluma zəng vurub çağırdılar ki, gəl izahat yaz. İsmayıl gedib izahat yazandan sonra onu buraxmadılar. Oğlumun saxlanılma xəbərini həmin günün səhəri mənə zəng vurub dedilər. Dərhal “Bandotdel”ə getdim. Ancaq içəri buraxmadılar. Birinci gün yenidən gedib, güc-bəla ilə içəri girə bildim. Şöbə müdiri Tofiq Bəylərov mənə dedi ki, oğlun tələbədir, nə edəcək ki, get çayxanada otur, axşam oğlunu da götürüb gedərsən. Mən də oğlumu götürməsəm buradan getməyəcəyimi bildirdim. Amma həmin günün axşamı heç kimə demədən məhkəmə keçirib Kürdəxanıdakı təcridxanaya aparıblar. O vaxtdan bəri bizə hər hansı xəbər deməyiblər. Oğluma qarşı haqsızlıq edildiyi üçün prezident İlham Əliyevə, I vitse-prezident Mehriban xanım Əliyevaya və Baş prokuror Zakir Qaralova teleqram göndərmişəm. Daxili işlər nazirinə və Ombudsman aparatına müraciət etmişəm. Hazırda ombudsman Sevinc Əliyeva oğlumun da saxlanıldığı təcridxanadadır. I instansiya məhkəməsinin verdiyi qərara görə Apelyasiya məhkəməsinə müraciət etmişəm”.

N.Talıbov oğlunun Cinayət Məcəlləsinin 178.3-cü maddəsi ilə təqsirli bilindiyini qeyd edib. O, həmçinin İsmayılın xəstəlik səbəbilə 18 yaşadək pensiya aldığını da vurğulayıb:

“Oğlum İqtisad Universitetinin Kommersiya fakültəsində təhsil alır. Universitetin illik 2000 manat təhsil haqqını ödəmək üçün 4-cü mikrorayon dairəsində yerləşən mağazada gecə növbəsində çalışırdı. Heç vaxt semestr imtahanlarından kəsilməyib. Artıq ikinci imtahanının vaxtıdır. Həmin ərazidə saxlanılan rəhbər şəxslərin iki mağazası var. Hər iki mağazanın günorta və gecə növbələri olmaqla 4 satıcısını da “Bandotdel”ə aparıblar. Oğlumun nə günahı var, sübut etsinlər. Mağazada kamera var, onunla baxıb öyrənsinlər. Vəkil deyir ki, İsmayıl 178.3-cü maddə ilə təqsirli bilinir. Bundan əlavə, deyirlər ki, guya İsmayıl polisdən yayınıb. Onun saxlanılmasını da məhz buna görə etdiklərini bildirirlər. Oğlum aşağı ətrafların parez xəstəliyindən əziyyət çəkir. Buna görə 18 yaşınadək pensiya alırdı. Hazırda ambulator müalicəsi davam edir. Əvvəl “Araz market”də kassir işləyirdi. Ancaq səhhəti ilə əlaqədar ayaq üstə çox dayana bilmədiyi üçün oradan ayrılmağa məcbur oldu. Böyük oğlum da ali təhsillidir, hazırda hərbi xidmətdə vətənə borcunu yerinə yetirir”.

İsmayılın anası Xatirə Talıbova oğlunun günahsız yerə saxlanıldığını deyərək, onların səsini eşidən hər kəsdən kömək istəyib:

“Oğlumu cinayətkar adlandırırlar, amma bu belə deyil. İsmayılın əziyyətini mən çəkmişəm. İllərlə banklardan kredit götürərək iki tərbiyəli oğul böyütmüşəm. Bunu hamı bilir. İsmayıl mağazada sadəcə satıcı işləyirdi, orada nə baş verdiyini bilməz. O, axşam saat 8-dən səhər saat 8-ə qədər həmin mağazada işləyirdi. Səhər gəlib 2-3 saat yatıb universitetə gedirdi. Gözdən əlil ataları iki oğluma da ali təhsil verib. Mən xalqıma, dövlətimə layiqli övladlar yetişdirmişəm. Balaca oğlumu cinayətkar adlandırmağa çalışırlar. Hamıya çarəsi olmayan ata və anaya kömək olması üçün üz tuturam. Xahiş edirəm səsimizi eşidib kömək edin. Balam günahsız yerə cinayətkar damğası yeməsin”.