11738
14:08
18 Yanvar 2020

Şala bürünmüş Ali Sovet sədri, generalın qəzəbi, “Diqqət, danışır…" - Mediada ilk - Səbuhi Məmmədli yazır - VİDEO

“SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən respublikamızın paytaxtı Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi ilə əlaqədar olaraq Azərbaycan xalqı, respublikanın bütün vətəndaşları adından qəti etirazımı bildirirəm. Fövqəladə vəziyyəti yeritmək üçün ağır döyüş texnikası və avtomat silahlardan istifadə olunmuş, dinc əhaliyə qarşı amansız tədbirlər görülmüşdür. Bu isə çoxlu insan tələfatına gətirib çıxarmışdır. Həlak olanlar arasında gənclər, qadınlar, qocalar, uşaqlar vardır. Tam məsuliyyət hissi ilə bildirmək istərdim ki, Azərbaycan SSR ali hakimiyyəti və idarə orqanları SSRİ Ali Soveti Rəyasət Heyətində belə bir qərarın qəbul olunmasına razılıq verməmişlər. Tökülən qan üçün bütün məsuliyyət bu qərarı qəbul etmiş və bilavasitə onun icrasını təmin etmiş SSRİ orqanları və onların vəzifəli şəxslərinin üzərinə düşür. Azərbaycan xalqı özünün oğul və qızlarının bu cür faciəli surətdə həlak olmasını heç kəsə bağışlamayacaq”.

...Bunu deyib, dərindən nəfəs aldı. Üstündən böyük bir dağ götürülmüşdü sanki. Dərhal binadan çıxarmışdılar onu. Yenə həmin o köhnə “011”ə oturdub evinə aparmşdılar dövlətin ikinci adamını.

Həmin vaxt əqrəblər saat 21-i göstərirdi. Təqvimdə isə 20 yanvar günü idi. 1990-cı ilin 20 yanvarı.

Biz bu adamın kimliyinə gələcəyik. Elə sizlər də ilk dəfədir oxuyacaqsınız həmin gün baş verənləri, həmin günün illər boyu kölgədə qalmış gerçək qəhrəmanlarının nələr etdiklərini.


***

Nazilə Abbaslı. Hə, bu ad sizlərə hələ ki heç nə deməyəcək.

O, Azərbaycan Xarici Dillər İnstitutunun ingilis-alman dili fakültəsinin məzunudur. Bu dillərdən başqa ərəb dilini mükəmməl bilirdi, eyni zamanda ikinci təhsil kimi jurnalistika fakültəsini bitirmişdi.

1979-cu ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işə başlayır. Daha dəqiqi, Azərbaycan radiosunun xarici verilişlər şöbəsində. İran, Güney Azərbaycan üçün hazırlanan verilişlərin redaktoru kimi. Nə az, nə çox, düz 13 ilini proqram redaktoru və baş redaktorun müavini kimi çalışır.

Hərəkat başlayanda o da meydanlara atılır.

“1988-ci ildən meydanlardaydım. Hətta bəzən gecələri belə meydanlarda keçirərdik. Səhəri gün üst-başımız ocaq qoxardı, belə də işə gedərdim. Günlərlə evə getmədiyim vaxtlar olurdu, bunu ailəm də bilirdi”.

Hərəkata qoşulduğun görə, Nazilə xanım işlədiyi şöbənin baş redaktoru tərəfindən cəzalandırılır da. Etiraz kimi isə o, partiya biletini onun üstünə tullayıb, redaksiyanı tərk edir. Elə işdən də birbaşa meydana gəlir…

1990-cı ilin 19 yanvarına kimi meydanlarda olur. Həmin gün axşam isə eşidir ki, televiziyanın enerji bloku sovet hərbçiləri tərəfindən partladılıb.

“Gecə səhərə qədər oyaq qaldım, səhəri işə yollanmaq üçün evdən çıxdım. Mən həmin vaxt Razində, indiki Bakıxanov qəsəbəsində yaşayırdım. Şəhərdə o boyda hadisə olub, bizim xəbərimiz yox, nə baş verdiyini bilməmişik. Təsəvvür edin, Montindən keçirdik, gördüm ki, avtobuslar , avtomobillər aşıb. Elə bildim ki, gecə nəsə dəhşətli qəza yaşanıb. Divarda gülləri izləri də vardı. Bakı ölü bir şəhəri xatırladırdı. İşə çatdım. Milis və mühafizə niyə gəldiyimi soruşdu. Dedilər ki, gecə enerji bloku partladılıb, heç nə işləmir. Əlim-ayağım əsdi. İçəri keçməyə qoymadılar, dedilər içəri rus əsgəri ilə doludur. Yuxarı qalxdım, qorxu basdı məni, əsgərlər mərtəbə-mərtəbə əlisilahlı gəzirdilər. Saat birə qədər tək oturdum, qorxu içərisində. Daha sonra yavaş-yavaş digər diktorlar da işə gəldi. Oturub fikirləşdik ki, görək nə hazırlayaq?

Nazilə xanım deyir ki, dörd divar arasında tək-tənha oturmaqdan təngə gəlir. Oranı tərk edib Mərkəzi Komitə tərəfə - indiki Prezident Administrasiyası - düşür.



“Mərkəzi Komitənin qarşısında dəhşətli gərginlik vardı. Onlarla qadın hiddətli şəkildə Ali Sovetə gedib orada əyləşən yüksək rütbəli hərbçilərlə görüşməkdə israrlı idilər. Mən də onlara qoşuldum. Təxminən 60 yaxın qadın idik. Bizə yalnız 5 nəfərdən ibarət heyəti qəbul edəcəklərini bildirdilər. Aramızdan 5 nəfər seçildi və görüşə buraxıldı. Təxminən 30 dəqiqədən sonra gəldilər və dedilər ki, 20 yanvar gecəsində törədilən cinayəti generalların diqqətinə çatdırıblar”.

Nazilə xanım deyir ki, qadınlardan biri əsgərlərin dərhal küçələrdən yığışdırılmasını tələb edib. Deyiblər ki, xalq çox qəzəblidi, silahımız yoxdu, amma kimsə onları nə iləsə öldürə bilər. Generallardan biri isə qəzəblənib, “belə bir hal olarsa, əvəzinə 10 nəfərinizi məhv edərik” deyib.

Bundan sonra qadınlar Ali Sovetin sədri Elmira Qafarovayla görüşmək istəyiblər. Amma Elmira Qafarova sən demə, ev dustağı imiş. Bu vaxt maraqlı bir məqam yaşanır. Qafarovanın köməkçisi Balaş Abbaszadə qadınların qarşısına çıxıb, onları sakitləşdirir. Qafarova gələcək deyir. Və onları sakitliyə, dağılışmağa çağırır.

Amma sən demə, məqsəd başqaymış.

Elmira xanımın arxasınca göndərməyə maşın axtarırlar. Həmin vaxt Balaş müəllim qonşusu Akifi tapır. Onun maşınında Elmira Qafarovanı evindən çıxarıb Ali Sovetə gətirilər.



Nazilə xanımın dediklərindən:

“Avtomobildən qara şala bürünmüş bir qadın çıxdı, Elmira xanım idi. İnsanlar onun üzərinə yürüdü. Elə bir qadını parçalayacaqdılar. Köməyə milislər gəldi. Balaş müəllim kütləni güclə sakitləşdirirdi. Qadınlardan biri Elmira Qafarovanın ünvanına ağır sözlər də işlətdi; “Sənin övladın yoxdurmu? Sən insan deyilsənmiş. Niyə rus əsgərlərinin Bakıya girməsinə icazə vermisən”. Elmira xanım bildirdi ki, elə deyil. Mən onların tələbinə qarşı çıxdım. İndi də ev dustağıyam, heç bilmirəm məni nələr gözləyir. İndi nə edəcəyimizi düşünməliyik”.

Balaş Abbaszadə həmin qadınları birtəhər sakitləşdirir. Xahişlə, yalvarışla Ali Sovetin qarşısından uzaqlaşdır. Nazilə xanımı isə saxlayır. Onlar qərara gəlirlər ki, Elmira xanım radioyaya çıxsın, bəyanat versin. Məhz bu yolla xalqı qismən də olsa, sakitləşdirə bilərlər.

Beləliklə Ali Sovetdə bəyanat hazırlanır. Bəyanatı isə Balaş müəllimlə birgə Şahin Əliyev, Teymur Teymurov , Nizami Sadıxov İsmayıl Vəliyev yazırlar. Həm Azərbaycan, həm də rus dillərində.

Bundan sonra televiziyanın mühafizəsinə rəhbərlik edən polkovnik icra edən Aleksandr Ovçinnikovla görüşə gedirlər. Nazilə xanım da özünü Ali Sovet sədrinin köməkçisi kimi təqdim etməyə məcbur qalır:

“Biz ona bildirdik ki, Elmira Qafarova milləti sakitliyə çağıracaq. Bunun üçün sizdən icazə istəyirik. Bu gələcəkdə qan tökülməsinin də qarşısını alacaq. O, kimlərsə, özündən böyük rəislərinə zəng vurdu. İcazə aldı”.

Elmira Qafarova Azərbaycan dilində yaxşı bilmədiyindən bəyanatın mətnini bir neçə dəfə məşq etməli olur. Balaş Abbaszadəylə Nazilə xanım çox böyük çətinliklə Elmira xanımı Ali Sovetin binasından radioya gətirə bilirlər:



“Radionun efirində Elmira xanımın yanında oturduq. Balaş Abbaszadə rusca elan edəcəkdi, mən isə Azərbaycanca . Bəyanatı isə isə Elmira Qafarova özü oxumalıydı. Təsəvvür edin, bəyanat oxunmalı, sonradan radioda efirə getməliydi. Önümüzdə əli silahlı 4-5 əsgər dayanmışdı. Elmira xanımın əl-ayağı əsirdi. Dua edirdim ki, səhvsiz oxusun. Ona dedim ki, önünüzə baxmadan oxuyun. Həmin vaxt orada bizdən başqa radionun bir işçisi də vardı. Bəyanat oxunmamışdan əvvəl dedi ki, o sağ tərəfdəki yaşıl düyməni basın, canlı gedəcək. Elə də etdik. Mən, “Diqqət, Diqqət! Danışır Azərbaycan Radiosu . Azərbaycan Ali Sovetinin sədri Elmira Qafarovanın bəyanatı! Elmira xanıma canlı yayın olduğunu söyləmədik ki, həyəcanlanmasın”.

Və bəyanat canlı olaraq Azərbaycana yayılır. Oxyub bitirən kimi isə Qafarova bircə bunu deyir: “Necəydi, yoldaşlar?”

Beləliklə, dünya Azərbaycan həqiqətini duyur . İnformasiya blokadası çətinliklə də olsa yarılır. Çünki radiodakı heyət oradan aralanandan 15 dəqiqə sonra “Alman dalğası” 20 yanvar dəhşətlərini artıq dünyaya yayırdı.

O gecənin şahidlərindən biri, mərhum Balaş Abbaszadənin oğlu Gündüz Abbaszadə:

“ Atam o, hadisələrlə bağlı çox danışan deyildi. Amma mən həmin gecəni yaxşı xatırlayıram. 10 yaşım vardı. Yasamalda “dağlı” məhəlləsində yaşayırdıq. Həmin axşam atam dedi ki, mən işə getməliyəm. Rəhmətlik nənəm qarşısını kəsib qoymurdu, Balaş, gərək mənim meyitimin üstündən keçib gedəsən, deyirdi. Dedi ana, yox. Bu elə gecədir ki, mən mütləq getməliyəm. Maşın axtardı. Sürücüsünə dedi ki, səninlə gedə bilmərik, diqqət çəkər. Üzbəüz qonşumuz məşhur meyxanaçı Ələkbər Yasamallının atası mərhum Akif kişinin “011”-i vardı. Onu çağırdı. Dedi məni apararsanmı, o da razılaşdı” .



Həmin gecəni səhərə qədər evdə heç kim yatmır. Səhərə yaxın gəlib bəyanatı hazırladıqlarını danışdı. Uşaq kimi sevinirdi.

“Dedi ki, qətliamı törədənlə sillə kimi cavab hazırladıq. Həmin gecə televiziya işləmirdi, bir çoxları düşünürdü ki radioda işləmir. İndiyə qədər o ifadə qulağımdadır. Nazilə bibinin “Diqqət, Diqqət, Siz Ali Sovetin sədri Elmira Qafarovanın bəyanatını dinləyəcəksiz” ifadəsi. Səhər yuxudan oyananda Akif əminin avtomobilinin təkərlərinin partladığını gördük. O, maşını diskin üzərində idarə etmişdi. Sən demə, əsgərlər atəşə tutmuşdular. Atamgil möcüzə nəticəsində sağ qalmışdılar”.

Gündüz deyir ki, həmin bəyanatın Azərbaycanın müstəqillik tarixində önəmli izi var:

“Çünki hər kəs ölkə rəhbərliyindən nəyisə eşitmək istəyirdi. Riski gözə alıb Ali Sovetin sədrini radioya çıxarmaq, rəhmətlik Elmira xanımın o dönəmdə cəsarəti böyük addım idi. Zaman ötdükcə, o gecəni xatırladıqca, atamın da bu işdə nə qədər əhəmiyyətli və tarixi rolu olduğundan qürur duyuram”.