681
11:45
21 Yanvar 2020

"Cəzadan xilas ola bilməyəcəklər...Geci-tezi var" - Elşad Hacıyev

“Cinayətə meylli şəxslər tək özlərinin yox, həm də ailə üzvlərinin – qohumlarının, övladalarının “tərcümeyi-hal”nı ləkələyir. Bu ləkə, bir ömür boyu onları təqib edir”.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Lent.az -a danışıb. Polis mayoru tutulan şəxslər barədə gündəlik məlumatlandırmanı həyata keçirilməsinin cinayətə meylli şəxslərin ibrət alması və bu əməllərdən çəkinmələri məqsədi daşıdığını bildirib.

E.Hacıyev ötən il paytaxtda qeydə alınan cinayətlərin statistikasını açıqlandığını vurğulayıb:

“Qeydə alınan hər bir cinayət faktı üzrə nə qədər insan əziyyət çəkib və bir ömür boyu birinin qeyri-insanı düşüncəsi ucbatından zərərçəkmişə çevrilib. İndi baxaq, məsuliyyətə cəlb olunanlar, özü ilə bərabər nə qədər cinayətlə əlaqəsi olmayan doğmalarına ziyan vurub, onları sarsıdıb. Bunu həmin şəxslər nəzərə alırmı? Mübahisəlidir. Anlaqlı şəxs ictimai təhlükəli əməlinin nəticəsini görməli olduğu halda görmürsə, bu, onun mənəvi-əxlaqi keyfiyyətləri ilə bağlıdır”.

Xidmət rəisi əlavə edib ki, məsələn, mülkiyyət əleyhinə olan cinayətlərdə əgər cinayətə meylli şəxslər başqasının alın təri ilə qazandıqlarını talamağı qarşısına məqsəd qoyub özünü və yaxın ətrafını xoşbəxt edəcəcəyini düşünürsə, yanılırlar:

“Onlar heç bir halda cəza təhdidindən xilas ola bilməyəcəklər. Əmin olsunlar ki, geci-tezi var!”.