614
19:04
21 Yanvar 2020

Afinada 20 Yanvar faciəsi anıldı

Afinada 20 yanvar faciəsinin 30 illiyinə həsr olunmuş konfrans keçirilib.

Lent.az -a daxil olan məlumata görə, Azərbaycanın Yunanıstandakı səfirliyi və Afinada fəaliyyətə göstərən Webster universiteti tərəfindən birgə təşkil olunan “20 yanvar – Azərbaycanın müstəqillik mübarizəsinin dönüm nöqtəsi” mövzulu konfransda Webster universitetinin prorektoru xanım Susie Mixalidis, Yunanıstan Strateji Tədqiqatlar İnstitutunun tədqiqatçısı Evangelos Venetis, müdafiə və təhlükəsizlik məsələləri üzrə tədqiqatçı ekspert Anastasios Drouqos çıxış edərək Azərbaycanda müasir respublikanın yaranması tarixi, 20-ci əsrin son rübündə ölkəmizin yerləşdiyi regionda baş verən tarixi-siyasi hadisələr, Azərbaycan xalqının müstəqilliyini bərpa etmək uğrunda mübarizəsi və bu yolda verilən qurbanlar, müstəqil Azərbaycan Respublikasının müasir beynəlxalq və regional münasibətlər sistemində tutduğu mühüm mövqe haqqında məlumat veriblər.

Azərbaycanın Yunanıstandakı səfiri A.Hüseynov çıxışında ötən əsrin 80-ci illərində Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını yenidən qaldırması və 1990-cı ilin yanvar hadisələrinə aparan digər ictimai-siyasi hadisələr haqqında məlumat vermiş, 20 yanvar faciəsinin həm də xalqımızın azadlıq mübarizəsi yolunda qəhrəmanlıq səhifəsi olduğunu qeyd edib. 20 yanvar qırğını ilə bağlı Azərbaycanın etiraz səsinin ucaldılmasında və faciəyə hüquqi qiymət verilməsində Ümummilli lider Heydər Əliyevin xidmətlərini vurğulayan diplomat, həmçinin müstəqillik əldə etdikdən sonra ölkəmizin keçdiyi inkişaf yolu və əldə edilən nailiyyətlər haqqında iştirakçılara məlumat verib. Tədbir zamanı həmçinin 20 yanvar faciəsinə həsr edilmiş video çarx nümayiş etdirilib.