816
17:50
23 Yanvar 2020

MSK sədrindən siyasi partiyalara MÜRACİƏT

"Partiyalar seçki müddətində partiyadan çıxarılanlar barədə bizə məlumat verməlidir ki, onların həmin partiyaya üzv olduqları bülletenlərdə göstərilməsin".

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, bəzi yerlərdə siyasi partiyaların nümayəndələri qeydə alınıb: “Onlar özlərinin hansısa siyasi partiyaya mənsub olduğunu göstəriblər. Qanunvericiliyin tələbinə görə, onlar siyasi partiyadan kənarlaşdırılırsa, siyasi partiya üzvlüyünə partiya tərəfindən xitam verilirsə, bununla həmin siyasi partiya MSK-ya məlumat verməlidir. Partiya məlumat verdiyi halda o şəxslərin partiya mənsubiyyəti göstərilmir, bitərəf kimi qeyd olunur. Bununla bağlı MSK-ya bəzi partiyalar bu cür məlumatlar göndəriblər. Beləliklə, məlumatlar təqdim olunduğu şəkildə, həmin şəxslər həm MSK-nın bazasında, həm də seçki bülletenində bitərəf kimi qeyd olunacaq”.

MSK sədri həmçinin bildirib ki, Seçki Məcəlləsinin tələbinə əsasən, səsvermə gününə azı 10 gün qalmış səsvermə bülletenlərinin çapına başlanılmalıdır: “Ona görə də bu məsələlər ən geci 29 yanvaradək həll olunmalıdır”.