907
12:44
28 Yanvar 2020

Baş infeksionist təhlükəli xəstəlikdən danışıb - Bunlar BAKTEROLOJİ silahdır

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə qarayara, qoturluq, skarlatin, insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə, bruselyoz ilə xəstələnənlərin sayında artım müşahidə olunur. 2007-ci ildən 2018-ci ilin dekabr ayınadək ölkədə qızılca xəstəliyi demək olar ki, qeydə alınmasa da, ötən ilin yanvar-noyabr aylarında bu xəstəliklə qeydə alınmış xəstələrin sayı 281 nəfər olub.

Azərbaycanın baş infeksionisti Cəlal İsayev İctimai Televiziyaya açıqlamasında ölkədə ötən il qarayara virusuna yoluxma, hətta ölüm halları olduğunu təsdiqləyib: “Təsadüfi də olsa, belə hallar olur. Qarayara bakteriyaları çox toksiki faktorlara malik bakteriyalardır. Hətta bu bakteriyalar bir zamanlar bakteroloji silah kimi də istifadə olunub. Əfqanıstan hadisələrində taliblər ABŞ-da vəzifədə olan insanlara paketlərdə qara yara bakteriyalarını toz şəklində göndərmişdilər və nəticədə onlardan beş nəfəri ölmüşdü. Qarayara zaman-zaman qonşu ölkələrdə də üzə çıxır. Rusiya məkanında, eləcə də bizdə də təsadüf olunan xəstəlikdir. Qarayara zoonoz xəstəlikdir. İnsandan-insana yoluxmur”.

Həkim bildirib ki, xəstəlik dəridə gec sağalan, qara kömürü xatırladan yaralar formalaşdırır. İnsanda temperatur olur. Toksikoz əlamətlər özünü göstərir.

Baş infeksionist xəstəlikdən qorunmaq üçün bir sıra tövsiyələr də verib: “Ərzaq məhsulları, xüsusilə ət alarkən müayinədən keçmiş ət almaq lazımdır. Mənşəyi məlum olmayan ətdən istifadə etmək olmaz. Heyvandarlıq təsərrüfatları vaxtaşırı yoxlanmalıdır. Təhlükə varsa, heyvanlar peyvənd olunmalıdır. Xəstəliyə tutulan heyvanlar xüsusi usulla ləğv edilir. Mal-qarasında xəstəlik ehtimalı olan bölgələrdəki əhali də qarayaya qarşı peyvəndə cəlb olunmalıdır”.

Həkim qeyd edib ki, xəstəlik o qədər geniş yayılmır. İl ərzində təxminən 5-6 nəfər yoluxur.