572
11:15
29 Yanvar 2020

Dağlıq Qarabağ və “Aland modeli”ndən bəhs edən kitabı təqdim olundu

İsveç Krallığının Malmö Universitetinin dosenti Kamal Makili-Əliyevin “Mübahisəli ərazilər və beynəlxalq hüquq: Dağlıq Qarabağ və Aland adalarının müqayisəli tədqiqi” adlı kitabının təqdimat mərasimi keçirilib.

APA-nın xəbərinə görə, tədbir Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən BMTM rəhbəri Fərid Şəfiyev kitab haqqında qısa məlumat verib. O, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesində irəliləyişin olmadığını qeyd edib.

“Aland adaları modeli” münaqişənin hansı parametrlər çərçivəsində həllini müəyyənləşdirməyə kömək edir”, - deyə F. Şəfiyev vurğulayıb.

BMTM-nin əməkdaşı Fuad Çıraqov Dağlıq Qarabağın mübahisəli ərazi olmadığını, bu torpaqların Azərbaycana məxsus olduğunu və bu faktın beynəlxalq hüquqa əsaslandığını qeyd edib: “Ermənistanda Nikol Paşinyan hakimiyyətə gəldiyi zaman ümidlər var idi ki, yeni hakimiyyət, yeni üzlər münaqişənin həllinə töhfə verəcək, danışıqlarda irəliləyişə təkan verəcək. Lakin bunun tam əksi müşahidə olunmaqdadır. Paşinyan əvvəlki hökumətin siyasətini davam etdirir, onlar substantiv danışıqlara hazır deyil. Paşinyan hökuməti əvvəlcə danışıqların formatını dəyişməyə cəhd etdi. Onlar əvvəlcə danışıqlarda Dağlıq Qarabağın erməni əhalisinin iştirakını tələb etməyə başladı və daha sonra Ermənistan Baş Naziri Xankəndində çıxış edərək bu ərazilərin Ermənistana məxsus olduğunu iddia etdi. Lakin Azərbaycan Prezidenti İlham Əliyev “Valday” Klubunda çıxışı zamanı bu iddialara əsaslı cavab verdi”.

Daha sonra çıxış edən kitabın müəllifi Kamal Makili-Əliyev kitab haqqında ətraflı məlumat verib. O qeyd edib ki, ictimai beynəlxalq hüquqa əsaslanaraq yazılan kitabda müqayisəli analizdən istifadə olunub. Kitabın müəllifi əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi digər münaqişələrlə müqayisə olunub və hətta ATƏT-ə üzv ölkə kimi illər öncə İsveç hökuməti bu modeli münaqişə tərəflərinə təklif edib.

Tədbir çıxışlarla başa çatıb.