72325
18:28
30 Yanvar 2020

Gözlənilməz bir qətlin tarixçəsi: 18 yaşlı İman 17 yaşlı arvadını niyə öldürdü?

Yanvarın 29-u, saat 11 radələri. Masallı rayonunun Xoşçobanlı kəndi. Kənd sakini Nurəddin Məmmədov həyat yoldaşı Sevinci Sumqayıta yola salıb, “Stansiya Masallı” adlanan yerdəki dükanını açacaqdı. Əslində Sevinci oğlu İmanla gəlini Fatimə də darvazaya qədər ötürmüşdü. Deyə-gülə ayrılmışdılar da. Ata adı gedən stansiyaya, ana isə qonşu kənddən magistral yola çatmamış…

Hə, məşhur kinoda deyildiyi kimi… bu olub saat 11-ə qalmış.

Niyə? Nə üçün?

Axı vur-tut yarım saat keçməmiş niyə İman 17 yaşlı həyat yoldaşını boğub öldürməliydi ki? Axı bir il nişanlı olmuşdular. Nişanı qaytarmaq haqda belə düşünməmişdilər. Bəs nədən ata və ana evdən aralanan kimi İman Fatiməni boğmalıydı?

***

İmanla Fatimənin evlilik məsələsi qəfil olmayıb. Dedik axı, nişanlı olublar. Amma bir il əvvəl evlənməyə tələsməyib bu uşaqlar. Bu da səbəbsiz deyilmiş. Söhbət ondan gedir ki, 2003-cü il təvəllüdlü Fatimənin vərəm xəstəsi olduğu üzə çıxıb həmin vaxt. Bir də yaş məsələsi. Keçən il yanvarın 3-də müəyyən olunur bu fakt. Fatiməni regional vərəm dispanserində qeydiyyata alırlar. Və günlərin bir günü, daha dəqiqi, keçən il oktyabrın 13-də Fatimənin anası Ağ Ciyər Elmi Tədqiqatlar İnstitutundan arayış alır: qız sağlamdır.


Bu məqama diqqət etdinizmi? Hə, indi başqa bir məqama fikir verin; həmin arayışı alandan bir gün sonra Fatimənin anası Həsənli kənd məktəbinin direktoru Yaqub Ələmovun yanına gəlir. Həmin vaxt Fatimə 10-cu sinifdə oxuyurmuş. Düzdür, oxumaqla arası olmasa da, amma tərbiyəli, sakit, mehriban qız imiş. Ana təkidlə direktordan qızının məktəbdən çıxarılmasını istəyir. Direktor buna qol qoymayacağını bildirir, mütləq Pedaqoji Şuranın qərarının vacibliyini deyir. Ana direktoru inandırır ki, Fatiməni Rusiyaya babasının yanına aparır. Bundan sonra Pedaqoji Şura onu məktəbdən çıxarır. Hətta anadan xahiş edir ki, gələcək təhsili ilə bağlı onları məlumatlandırsın.

Amma məqsəd başqa olur. Sən demə, məqsəd Fatiməni tezliklə ərə vermək imiş.

Fatimənin dayısı Qəmbər Hüseynov deyir ki, hə, Fatimə vərəmdən əziyyət çəkib. Amma onun tam sağlam olması barədə adıçəkilən institutdan arayış da alıblar. Məhz bundan sonra toy etmək qərarına gəliblər.

- Mənim əlimdə arayış var. Fatimə tam sağlam idi. O, 17 yaşının içindəydi. 16 yaşı avqustda tamam olmuşdu. Toy etməyimizin isə tək səbəbi evdə iki ağır xəstəmizin olmasıdır. Biz istədik ki, onlar Fatimənin toyunu görsünlər. Ölüm-itim dünyasıdır.

Bir sözlə, qısa bir zamanda Fatiməyə toy edirlər, yanvarın 5-də. Yanvarın 10-da isə İmanın toyu olur. Və onlar Xoşçobanlı kəndində yaşamağa başlayırlar.

İman Nurəddinin 3 övladından biridir. İki bacısı var özündən başqa. Əsgər getməyib. Çünki boyu və çəkisi hərbi xidmət üçün kifayət etməyib. Amma valideynləri niyəsə onu tez evləndirməyə qərar verib. Burası bilinmir. Sadəcə, söz gəzir ki, guya Fatiməni görüb sevibmiş. Əslində bu da ağlabatan deyil. Çünki İman və Fatimə bir-birilərindən çox aralıda yaşayıblar. Heç qohum da deyillər. Sadəcə, bu iki nəfəri ortaq qohumları tanış ediblərmiş.

Cütlüyün toyu “Möcüzə” şadlıq evində olub. İmanın qonşularının Lent.az -a dediyinə görə, toy çox şən keçib. Deyib-gülüb əyləniblər. Heç kimin ağlına gəlməzmiş ki, çox yox, 19 gündən sonra belə bir faciə baş verərmiş.

Həmin gün, yəni dünən Xoşçobanlı kəndinə xəbər verilib ki, Fatimənin ciddi qızdırması var, komaya düşüb. Tez təcili yardıma zəng ediblər. Amma təcili yardım gələnədək gözləməyiblər. Fatiməni İmanın dayısının maşınında təcili Masallı Mərkəzi Xəstəxanasına aparıblar. Yolda onun vəziyyəti daha da ağırlaşıb. Elə qarşıdan gələn çağırdıqları təcili yardım maşınına təhvil verirlər.

Həmin vaxt isə Fatimənin ağzından köpük gəlirmiş, can verirmiş. Fatimə elə həmin vaxt dünyasını dəyişibmiş. Ekspertizaya aparılıb…və məlum olub ki, Fatiməni boğublar. İlkin araşdırmadan sonra onu əri İmanın boğduğu bəlli olub. Daha doğrusu o, özü bunu etiraf edib.


Masallıdakı mənbəmizin dediyinə görə, cütlük Nurəddin və Sevinci yola salandan sonra bərk mübahisə ediblər. İman da əsəbiləşərək onun boynundan ikiəlli yapışaraq sakitləşdirmək istəyib. Sadəcə, hər iki əliylə onu möhkəm boğub. Fatimə də buna görə komaya düşüb və təcili yardım gələnədək vəfat edib. Amma bir versiya da var. Deyilənə görə, Fatimədə qəfil boğulma başlayıb. Üzü üstə yerə dəyib, nəfəsi gedib-gəlib, hətta dili belə qatlanıb. Amma bütün bunlar, sadəcə versiayalardır.


Fatimənin anası Humay özü də gənc yaşında ərə gedibmiş. Amma Humayınkı elə balası kimi gətirməyib, əri onu atıb gedib. Fatiməni isə onun nənəsi və babası böyüdüb. Ta körpəliyindən. Humay isə Bakıya ərə gedib.

- Çox tərbiyəli qız idi. Onu Qəmbərgil böyütmüşdü. Dəhşətli bir faciədir. Bu gün dəfn edildi. Yüzlərlə adam vardı. Amma oğlan tərəfdən bir nəfər belə gəlməmişdi. Görünür, ürək etməyiblər. Gəlib nə deyəcəkdilər ki? Qızınızı öldürmüşük?

Xoşçobanlı kəndində İmanın doğulub boya-başa çatdığı evdə isə heç kim yoxdur. Sadəcə, polislərdir. Ətrafa heç kimi buraxmırlar. İmanın əmisi isə aqressivdir. Elə hey deyir: “İnanmıram ki, qardaşım oğlu onu öldürsün”.
Görünür, baş verənlərin şokundan ayıla bilmir. Hə, şok bir hadisədir. Elə Masallıda da heç kim heç nə anlaya bilmir: Niyə? Sadəcə, məişət mübahisəsimi, yoxsa?