50778
13:14
03 Fevral 2020

Hava ilə bağlı XƏBƏRDARLIQ: anomal istilər gəlir


“Fevralın 2-də çoxillik göstəricilər ilə müqayisədə havanın temperaturu 3,4 dərəcə yüksək olub və Bakıda 11 dərəcəyədək yüksəlib”.

Bu barədə APA -ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, regionlarda 13 dərəcəyədək isti müşahidə olunub. Dağlıq ərazilərdə isə 2 dərəcəyədək müsbət temperatur qeydə alınıb.

Yaxın 2 gün ərzində Azərbaycanda hava şəraitini cənubdan hərəkət edən isti hava kütlələri təyin edəcək: “Ona görə də hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin fevralın 4-ü, 5-i və 6-da cənub, cənub-qərb küləyinin güclənəcəyi gözlənilir. Küləyin sürəti 15-18 m/san ,arabir 23-25 m/san-dək güclənəcək”.

U. Tağıyeva deyib ki, temperatur bu günlə müqayisədə bir neçə dərəcə yüksələcək. Paytaxtda maksimal temperatur 10-15, ayın 6-da isə 19 dərəcəyədək isti olacaq. Aran rayonlarında havanın temperaturu 12-17, fevralın 5-6-da bəzi yerlərdə 20 dərəcəyədək isti təşkil edəcək. Dağlıq ərazilərdə də anomal isti hava şəraiti hökm sürəcək. Həmin ərazilərdə 7-12 dərəcə isti gözlənilir.